Aqrar sektor davamlı inkişaf mərhələsində
İqtisadiyyat

Aqrar sektor davamlı inkişaf mərhələsində

Son 20 ildə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün həyata keçirilən genişmiqyaslı islahatlar sayəsində aqrar sektor da davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Xüsusilə, son illərdə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramının qəbul edilməsi bu gün bütün sahələrdə yeni uğurların əsasının qoyulmasına zəmin yaradıb və iqtisadiyyatın inkişafına stimul olub. Dövlət proqramları aqrar sektorun da inkişafına yeni təkan verib.

Hazırda ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlər yeni keyfiyyət mərhələsinə keçib. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük zəhməti nəticəsində həm keçmiş sovetlər dönəmində, həm də müstəqillik dövründə ölkəmizdə bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar aparılıb, kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradılıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu aqrar siyasət nəticəsində kənd təsərrüfatı sahəsi dinamik inkişaf tempini qoruyub saxlayır.

"Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq. Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik", - deyən Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunlar qəbul etməsi, çoxsaylı fərmanlar imzalaması və Dövlət proqramlarını təsdiq etməsi nəticəsində bu gün Azərbaycan istehsalı olan məhsullar "Made in Azerbaijan" brendi adı altında Çindən Amerikaya qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir.

2003-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü ildə 912,4 milyon ABŞ dollarına yüksəlməsi, dövlət büdcəmizdə neft gəlirlərinin artıq qeyri-neft gəlirləri ilə əvəzlənməsi bu istiqamətdə həyata keçirilən siyasətin səmərəsidir. Əhalimizin etibarlı ərzaq təminatı iqtisadi siyasətimizin əsas istiqamətlərindən olmaqla xalqın sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Azərbaycanda taxıl istehsalı 2003-cü illə müqayisədə 1,5 dəfə artaraq 2022-ci ildə 3 milyon 112,1 min ton olub. Aqrar sahədə əldə olunan bu və digər nailiyyətlər uğurla reallaşan iqtisadi islahatların, ölkədə azad sahibkarlıq mühitinin yaradılmasının, Dövlət proqramları ilə qarşıya qoyulmuş vəzifələrin icrasının nəticəsidir. Ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması nəticəsində, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.

Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə innovativ texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Dövlətimizin başçısının yürütdüyü uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarına uyğun olaraq yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb.

Hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. Bu aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə tikinti işləri aparılır. Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparkların yaradılması ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir. 2022-ci ildə fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir. Aqroparklarda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub. Aqroparkların ümumi layihə dəyəri 2,4 mlrd. manat təşkil edir, bunun da artıq 1,4 mlrd. manatı layihələrin reallaşdırılmasına yatırılıb. İndiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib. Torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün aqroparklar innovativ və əlverişli mexanizmdir. Bu baxımdan, aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu gücləndirilməlidir.

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin əsas istiqamətlərindən biri kənd təsərrüfatının bərpası və mövcud aqrar potensialdan istifadə etməkdir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, bol iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Azad olunmuş ərazilərdə əkinçilik və heyvandarlıqla yanaşı, meyvəçilik və tərəvəzçilik üçün də geniş potensial mövcuddur. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv və yarımintensiv ferma modeli əsasında da inkişafı təmin olunacaq. Kənd ərazisində iqlim əsaslı "ağıllı kənd təsərrüfatı" modeli tətbiq olunur ki, bu model özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetməni və nəzarəti ehtiva edir. "Ağıllı" təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.

Ötən dövrdə kənd təsərrüfatı sürətlə inkişaf edərək, qeyri-neft iqtisadiyyatının mühüm sahələrindən birinə çevrilmişdir. Aqrar sektorda yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bu çərçivədə elektronlaşmanın tətbiqi, dövlət xidmətlərinin optimallaşdırılması, eləcə də səmərəli idarəetmə sisteminin qurulması aqrar sahədə keyfiyyət dəyişikliyini şərtləndirmiş və emal sənayesinin güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Aqrar emal sənayesinin dayanıqlı inkişafı qeyri-neft sektorunun ixrac potensialının möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibliyi nəzərə alınaraq, kənd təsərrüfatının yüksəlişinə dəstək mexanizmi məqsədyönlü şəkildə davamlı olaraq təkmilləşdirilir. Ölkənin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan vermişdir. Son illərdə bu istiqamətdə görülən tədbirlər, aqrar sahədə sahibkarlığın inkişafı, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaratmışdır.

Mustafa KAMAL,

"Respublika".