İyunun 21-də xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında ikitərəfli müstəvidə və çoxtərəfli əməkdaşlıq formatları çərçivəsində mövcud olan əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıblar. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əsasda dəstəkdən məmnunluq ifadə edilib.
Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin hazırkı vəziyyəti və sülh sazişi üzrə danışıqların statusu barədə məlumatlandırıb.
Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlıq, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparıblar.