Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edib
Aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi: Zati-aliləri cənab Prezident. Zati-alilərinizi illik beynəlxalq konfransımızda salamlamaqdan şərəf və böyük iftixar hissi duyuruq. Eyni zamanda, mən məmnunluqda Azərbaycana 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısını salamlayıram. Ötən il Böyük Qələbəyə və Azərbaycan torpaqlarının işğaldan azad olunmasına həsr edilmiş birinci forumumuz zamanı Siz, cənab Prezident, professor Əhməd Yükselin regional sülhün, təhlükəsizliyin və inkişaf məsələlərinin müzakirə olunması məqsədilə bu tədbirin illik əsaslarla keçirilməsi və beynəlxalq ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin dəvət olunması təklifini nəzakətlə dəstəklədiniz. Siz bunun icrası üçün bizə təlimat verdiniz və şadıq ki, bu il biz bu tədbiri "Beynəlxalq Şuşa Forumu" kimi yeni ad altında təşkil edə bilmişik.
Dünən xarici iştirakçılarımız Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfər etmişlər. Yolda olarkən, onlar azad edilmiş Qarabağda bir sıra mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış ola bildilər. Cəsur əsgərlərimiz həmin yol boyunca irəliləyərək Şuşa şəhərini azad etmişlər. Səfər zamanı qonaqlarımız, həmçinin erməni işğalından sonra miras qalan bəzi barbar dağıntıları görə bilmişlər.
İndi isə bu, dövlətimizin mühüm məqsədidir və Prezident İlham Əliyevin fərdi məramında öz əksini tapıb: Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir! İnanıram ki, iştirakçılarımız Şuşadan sevinc və təəssürat dolu qayıdıblar. Qarabağın tarixi, azadlıq müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və inkişaf məsələlərinə aid çağırışlar forumda müzakirə olunacaq mövzular sırasındadır. Ümid edirik ki, panel müzakirələrdə səsləndirilən mesajlar və mülahizələr bütün dünyaya məqalələr, sosial şəbəkələr vasitəsilə yayılacaq. Şuşa sessiyası zamanı bir sıra natiqlər təklif və tövsiyələrlə çıxış etmişlər və hesab edirəm ki, cənab Prezident, Sizin rəyinizi bilmək üçün iştirakçılar onları bu gün də təqdim edə bilərlər.
Cənab Prezident, bu foruma güclü dəstək verdiyinizə, regionda davamlı sülhün qurulmasında müdrik rəhbərliyinizə görə bütün iştirakçılar adından mən Sizə səmimi təşəkkürümüzü bildirmək istərdim.
Cənab Prezident, fürsətdən istifadə edərək mən, həmçinin ADA Universitetinə hər zaman dəstək verdiyinizə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. İndi isə sözü Zati-alinizə veririk və Sizin giriş nitqinizi səmimiyyətlə arzulayırıq və dinləməkdən məmnun olardıq. Sağ olun.
Prezident İlham Əliyev dedi: Çox sağ olun. Sabahınız xeyir, xanımlar və cənablar, əziz qonaqlar. Əvvəlcə, mən bu tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə təşəkkürümü bildirmək istəyirəm. Bu, artıq bir ənənədir. Sonuncu dəfə biz ötən ilin aprelində burada görüşdük və münaqişədən sonrakı vəziyyətə aid bir çox məsələləri müzakirə etdik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi görüşlərin təşkili çox vacibdir.
Şadam ki, ADA Universiteti belə mühüm təşəbbüslə çıxış etdi. Bildiyiniz kimi, o, Azərbaycanda çox yüksək səviyyəli təhsili, çox yaxşı beynəlxalq əlaqələri ilə seçilən və genişlənən aparıcı universitetlərdən biridir. Bu yaxınlarda təhsildə yeni beynəlxalq tərəfdaşlıq formatı qurulmuşdur və əminəm ki, yaxın zamanlarda ADA yanında İtaliya-Azərbaycan Universiteti öz qapılarını tələbələrin üzünə açacaq.
Mən ölkəmizə və Şuşaya səfər etdiklərinə görə bütün iştirakçılara, qonaqlarımıza təşəkkürümü bildirmək istərdim. Əminəm ki, Qarabağın gözəlliyini seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və Şuşanın özündə dağıntıları görmək üçün bu, maraqlı səfər oldu. Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür. Həmin kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır. Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq planlarımız barədə sizə məlumat verilib. Bu planlar həqiqətən genişmiqyaslıdır və biz onları büdcəmizdən ayrılan vəsaitlərimiz hesabına icra edirik. İcra işlərində beynəlxalq şirkətlər bizə dəstək verir. Lakin bundan başqa, ötən ilin aprelində görüşdüyümüz və müzakirə etdiyiniz zaman qarşımızda olan mühüm vəzifələrdən biri yeni reallıqları möhkəmləndirmək və regionda öz işimizi, baxışlarımızı təqdim etmək üçün aparıcı beynəlxalq təşkilatlarla işləməkdən ibarət idi. Həmçinin vacib idi ki, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq təşkilatlar formalaşmış yeni reallıqları qəbul etsinlər. Bu, baş tutdu.
Eyni zamanda, biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə töhfə vermək üçün iradəmizin bariz nümunəsidir. Biz Qarabağı yenidən qururuq, iqtisadiyyatımızı gücləndirmək üçün resurslarımızı səfərbər edirik, çünki onsuz gözəçarpan vəsaitləri ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs sülhə xidmət edir və etməlidir.
Ola bilsin, bununla mən giriş nitqimi yekunlaşdırım və müzakirələrimizə müəyyən vaxt saxlayım. Bir daha bizimlə olduğunuza görə sağ olun. Əminəm ki, ənənəvi toplantı formatı davam edəcək. Hafiz Paşayev dedi ki, iştirakçılardan biri bu təkliflə çıxış etmişdir. Mən isə sadəcə, onu əlavə etmək istərdim ki, dövri əsaslarla keçiriləcək Şuşa Beynəlxalq forumları arasında qarşılıqlı fəaliyyət üçün müəyyən vaxt olsun. Bəlkə görüşlərin və konfransların bu arada başqa forması da olsun. Bu, başqa şəhərlərdə də, məsələn, Ağdamda, Zəngilanda və azad etdiyimiz digər şəhərlərdə keçirilə bilər. Hesab edirəm ki, beləliklə, biz qarşılıqlı fəaliyyətimizi daha səmərəli edə bilərik. Çünki bizim üçün beynəlxalq ictimaiyyət tərəfindən nəyin baş verdiyinin, işğal illəri barədə tam həqiqətin, sülhün qurulmasında planlarımızın və niyyətlərimizin bilinməsi vacibdir. Bu səbəbdən, fikrimcə, iştirakçılarımız və bu gün bizimlə ola bilməyən ekspert dairələrinin üzvləri arasında daimi əlaqə xətti olmalıdır. Bu, işçi proqramın növbəti mərhələsi üçün mənim təklifimdir. Lakin, əlbəttə ki, sizin tərəfinizdən veriləcək bütün təkliflər lazımınca nəzərdən keçiriləcək. Bir daha sağ olun və sizə Azərbaycanda xoş səfər arzulayıram.
Rektor Hafiz Paşayev: İcazə versəniz, Şuşaya səfərlə bağlı mən bir neçə söz əlavə edim. Növbəti toplantının Laçında keçirilməsi ilə bağlı artıq təklif var.
Prezident İlham Əliyev: Razıyam. Bilirsiniz, hazırda Laçında beynəlxalq hava limanının tikintisi mərhələsindəyik. Zəngilanda hava limanı bu il açılacaq. Laçında, ola bilsin, 2024-cü ildə baş verəcək. Lakin oraya asan və rahat formada səfərin təşkil olunmasını təmin edəcəyik.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev: Sağ olun, cənab Prezident. İcazənizlə biz sual-cavab sessiyasına başlaya bilərik. Xeyli sayda iştirakçılarımız suallarla müraciət edib və icazənizlə, birinci sualı vermək üçün mən cənab Svante Korneldən başlamaq istərdim. Mən iştirakçımızdan təmsil etdiyi ölkəni və qurumu təqdim etməyi xahiş edirəm. Sağ olun.
Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru (İsveç) Svante Kornel: Çox sağ olun. Bu dəvətə və konfransa görə təşəkkür edirəm, cənab Prezident. Burada olmaq şərəfdir. Azad olunmuş Şuşanı ilk dəfə görmək xüsusi şərəf oldu. Adım Svante Korneldir. Mən Vaşinqtonun "Mərkəzi Asiya və Qafqaz" İnstitutunu və İsveçin "Təhlükəsizlik və İnkişaf Siyasəti" İnstitutunu təmsil edirəm. Sualım söylədiyiniz sülh erası ilə bağlı olacaq. Biz anlayırıq və fikrimcə, bunu xüsusi qeyd edirəm ki, 25-30 il ərzində tədqiqatları aparmaq bir məsələ, lakin Şuşanı öz gözlərinizlə görmək tam başqa məsələdir. Bu torpaqlarda törədilmiş dağıntılardan sonra irəliyə nəzər salmağın da çətin olduğunu anlayırıq. Lakin sülhün qurulmasına gəldikdə, Sizə sualım Qafqazda yeni era naminə inkişaf məsələləri ilə məşğul olan təşkilatların regional səviyyədə dəstəyinin verilməsi ilə bağlıdır. Düşünürəm ki, Qarabağın azad edilməsi bütöv bölgəyə dəyişiklik gətirən məqam ola bilər və 1990-cı illərdə Qarabağın işğalına aparan separatizm nəticəsində baş vermiş ayrılmalar, münaqişələrlə dolu prosesin geriyə çevrilməsi üçün tarixi fürsət ola bilər. Bütün bunlar fərqli proses və era ilə əvəzlənə bilər. Bu, nəinki Qarabağda, bütövlükdə, Qafqazda baş verə bilərdi. Əməkdaşlıq və inkişaf məsələlərinin, həqiqətən, regional miqyası var. Fikrimcə, bunun üçün təsisatlara ehtiyac duyulacaq və bu cür təsisatların yaradılmasında Azərbaycan etimad doğuran və resurslara malik olan yeganə ölkədir. Sizin fikrinizcə, Cənubi Qafqazda regional təsisatların yaradılmasına ölkəniz rəhbərlik edə bilərmi? Xüsusən də, maliyyə təsisatlarına gəldikdə... məsələn, Regional İnkişaf Fondu və sairə. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bəli, toxunduğunuz çox maraqlı məsələdir və biz regional maliyyə zərfinin olması ilə bağlı ekspert dairələri və hökumətlə məsləhətləşməliyik. Lakin aydındır ki, hazırda əsas diqqətimiz Qarabağın yenidən qurulmasına və keçmiş məcburi köçkünlərin tezliklə qayıtmasına yönəlir. Eyni zamanda, ictimaiyyət qarşısında açıqlanmış və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişafa, Cənubi Qafqazda onun yeni imkanlarına yönəlir. Nəinki Azərbaycan ilə Ermənistan arasında, - əlbəttə ki, bu, regional əməkdaşlığın ən vacib elementlərindən biridir, - o cümlədən bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlıq nəzərdə tutulur. Biz separatizm, erməni təcavüzü səbəbindən otuz il həmin fürsəti əldən qaçırmışıq. Cənubi Qafqaz inteqrasiya etməmişdir. Bəli, Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Bu, vacibdir. Lakin, eyni zamanda, hesab edirəm ki, Ermənistanda, həmçinin anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar bizimlə münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər. Mən bunu ona görə söyləyirəm ki, aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər olub. Biz xarici işlər nazirləri səviyyəsində görüşü təklif etmişik. Ermənistan imtina etdi. Sonra təklif olundu ki, bu görüş ekspertlər səviyyəsində keçirilsin. Ermənistan yenə imtina etdi. Sonra təklif etdik ki, vətəndaş cəmiyyəti səviyyəsində görüş təşkil olunsun. Bir daha Ermənistan imtina etdi. Bu, tərəfdaşlarımıza məlumdur. Səbəbini başa düşmürük, niyə? Bilirik ki, bu imtina əks nəticə verir. Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi. Region üçün maliyyə zərfinə gəldikdə, enerji və daşımalar marşrutlarını nəzərə alsaq, Azərbaycan və Gürcüstanın necə inteqrasiya etdiyini siz bilirsiniz. Bu sahədə siz yaxşı ekspertsiniz. Hesab edirəm ki, Ermənistanın regional inkişafın bir hissəsi olması üçün bu ölkəni dəvət etməyə imkan var. Onlar bundan faydalanacaqlar. Onlar enerji resurslarımıza çıxışdan bəhrələnə, müəyyən dərəcədə beynəlxalq daşımalar dəhlizinin bir hissəsinə çevrilə bilərlər. Bu isə, öz növbəsində, əlavə dəyər gətirəcək.
Əlbəttə, Azərbaycanla əlaqələrin normallaşdırılması Ermənistan üçün elə imkan açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə çətin olardı. Bir sözlə, planlarımız bundan ibarətdir. Təsisatların qurulması, fikrimcə, müxtəlif istiqamətlərdə getməlidir. Əvvəlcə, biz siyasi çərçivədən başlamalıyıq. Ən vacibi isə Ermənistanın hansı nöqtəyə qədər irəli gedə biləcəyindən ibarətdir, çünki işğal dövründə və mənim Ermənistan rəhbərləri ilə çoxsaylı təmaslarımda, hər zaman görürdük ki, irəliləyiş üçün çox həlledici məqama gəlib çatanda, onlar hər zaman geriyə addım atırdılar. Etimad çox az idi. Deyə bilərəm ki, hələ də etimad çox deyil. Əgər, belə demək olarsa, onların davranışında bu, görünür, çünki bəzən onlar çox ziddiyyətli bəyanatlarla çıxış edirlər. Bir sözlə, siyasi çərçivədə, fikrimcə, onların nümayəndəsinin müzakirələrimizdə iştirakı mühüm töhfə ola bilərdi. Məsələn, biz bunu dəstəkləyə bilərdik. Həmçinin biz QHT-lər səviyyəsində şəxslər arasında təmaslar haqqında düşünürük. Öncə söylədiyim kimi, bunun müəyyən regional miqyası ola bilər. Eyni zamanda, biz regional inkişafa daha geniş miqyasda baxmalıyıq, çünki bilirsiniz ki, Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində çox böyük maliyyə paketini elan edib. Sonradan Azərbaycan üçün də bunu elan edib. Həmin ehtiyatların bir hissəsi əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı imkanların yaradılmasına sərf oluna bilər. Ermənistanın çox az sayda əhalisini nəzərə alsaq ki, fikrimcə, bu, revanş və qonşularına hədə yaratmaq cəhdləri üçün deyil, sülh işlərinə sərf edilərsə, onda artıqlaması ilə kifayət edəcək.
Haider Global BVBA şirkətinin icraçı direktoru (Birləşmiş Krallıq) Sacat Karim: Cənab Prezident mən Avropa Parlamentinin deputatı və Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri olmuşam. Bakıda yenidən olmağımdan çox məmnunam. Ötən görüşümüzdən sonra vəziyyət olduqca dəyişib. Şəxsən Sizi və Azərbaycan xalqını uzun sürən bu haqsızlığa son qoyulması kimi mühüm nailiyyət münasibətilə təbrik etmək istəyirəm.
Bizim nümayəndə heyəti ilə keçirdiyiniz bütün görüşləri belə xatırlayıram ki, Siz inkişafla bağlı baxışınızı heç vaxt Azərbaycanla məhdudlaşdırmırdınız. Siz hər zaman bütün Cənubi Qafqazda sülh və inkişaf haqqında danışırdınız. Hazırda Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan münasibətləri ilə bağlı müəyyən irəliləyiş var. Necə düşünürsünüz, Azərbaycan və onun dostları, müttəfiqləri baş nazir Nikol Paşinyana müəyyən bir siyasi imkan yarada bilərmi ki, o, Ermənistan daxilində, ABŞ və Avropada olan erməni diasporunun iştirakı ilə öz xalqı tərəfindən sülhü dəstəkləmək ideyasına təkan verə bilsin. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun. Biz ümid edirik ki, bu, məhz belə olacaq. Əlbəttə, hər bir hökumətin özünün gündəliyi var və biz Ermənistan hökumətinin də sülh gündəliyini elan etməsinin şahidi olduq. Bunlar olduqca müsbət bəyanatlardır. Ancaq, eyni zamanda, burada hərəkət olmalıdır. Hazırda biz hərəkət görürük. Ermənistan hökuməti tərəfindən regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş bəyanatlar verilir. Biz hər zaman bunun tərəfdarı olmuşuq. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər tərəfindən qəbul edilib. Rusiya-Ukrayna müharibəsindən əvvəl belə Minsk qrupunun həmsədrləri arasında gələcək fəaliyyətləri ilə bağlı məyusluq var idi. Çünki Azərbaycan özü Madrid prinsiplərini həyata keçirdi və mən müharibə bitəndən sonra Minsk qrupunun nümayəndələri ilə görüşərkən bildirdim ki, onlar nə edəcəkləri ilə bağlı təklif versinlər. Onların gündəliyi nədən ibarət olacaqdır? Mən bilirəm ki, onlar üçün hər hansı praktiki təkliflər vermək çətin oldu. Rusiya-Ukrayna müharibəsindən sonra elan edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir. Bu isə onu nümayiş etdirir ki, yeni reallıqların öz təsiri var.
Beləliklə, Ermənistan hökuməti və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi və qisas almaq cəhdlərindən birdəfəlik əl çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır, çünki bunun baş verməsi Ermənistan üçün əvvəlkindən daha ağrılı olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin tələblərinə zidd olacaqdır. Həmin tələblər isə regionda nəhayət ki, davamlı sülhə nail olunmasından ibarətdir.
Biz öz tərəfimizdən müsbət meyillərin dəstəklənməsi üçün əlimizdən gələni edirik. Uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın tarixinə nəzər salsanız görərsiniz ki, bizim halda, düşmənçilik mərhələsindən sülhə doğru keçid çox sürətlidir. Bu isə bir daha qeyd etmək istəyirəm ki, bizim təkliflərimiz əsasında baş verir. Mən şəxsən bir ildən artıq müddətdir ki, Ermənistanla sülh sazişinin bağlanmasının vacibliyini bəyan edirəm. Nəhayət ki, yalnız bir neçə həftə bundan əvvəl onlar buna razı oldular. Buna qədər sükut hökm sürürdü. Bizim ərazi bütövlüyümüzü şübhə altına alan bəyanatlar verilirdi. Sərhədlərin delimitasiyasına start verilməsini də biz təklif etdik. Bu təklif də bir ildən artıq Ermənistan tərəfindən cavabsız qoyulmuşdur. Nəhayət ki, onlar buna razılıq verdilər və deyə bilərəm ki, çox tezliklə birgə işçi qrupları görüşəcəklər.
Nə üçün onlar bir il itirdilər? Bunu anlamaq mümkün deyil. Beləliklə, bizim bütün səylərimiz müsbət meyillərin gücləndirilməsinə yönəldiləcək. Lakin biz bunu birtərəfli qaydada edə bilmərik. Biz Ermənistan hökuməti simasında etibar edə biləcəyimiz və davamlı sülhə nail olmaqla bağlı razılığa gələ biləcəyimiz tərəfdaş görməliyik. Düşünürəm ki, bu, mümkündür, ancaq bunlar Ermənistanda daxili siyasi proseslərlə bağlı olacaqdır. Bunu anlamaq olar, çünki onların ideoloji təməlləri sarsılıb. Çünki onların bütün ideologiyası işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdu. Azərbaycanın mədəni irsinin silinməsindən tutmuş Ağdam və Şuşa da daxil olmaqla bütün şəhərlərimizin adlarının dəyişdirilməsinə qədər - bütün səylər de-fakto işğalı de-yure ilhaqın qanuniləşdirilməsinə yönəldilmişdi.
İndi isə bu ideoloji təməl artıq mövcud deyil. Biz anlayırıq ki, hazırda onlar üçün yeni hədəf müəyyən etmək asan deyil. Bizə gəldikdə isə hədəf çox aydın idi - müstəqilliyin gücləndirilməsi. Biz həmişə işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünmürdük. Biz müstəqilliyimizin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağımız üzərində çalışırdıq. Biz buna nail olduq. Biz tam olaraq müstəqil olduq, müstəqil siyasət aparmaq imkanını əldə etdik və Qarabağı geri qaytardıq. Ermənistan isə, həqiqətən müstəqil ölkə olmaq şansını əldən verdi. Çox da təfərrüata varmaq istəməzdim, oranın siyasi konfiqurasiyası hər kəsə məlumdur. Bununla yanaşı, onlar özlərinə məxsus olmayan torpaqları itirdilər. Yəni, onlar bunu dərk etməli və özləri üçün yeni hədəf müəyyən etməlidirlər.
Zənnimcə, həmin hədəf sülh, əməkdaşlığın bəhrəsi, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından imtina edilməsi olacaqdır. Bilirsiniz, Türkiyə kimi iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi iddiasının olması tamamilə qeyri-rasionaldır. Biz Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri üçün fürsətdir. Gələcəkləri necə olacaq və özlərini regionda necə görürlər. Bax, bu haqda yaxşı düşünməlidirlər. Fikrimcə, onların aydın anlayışı yoxdur. Onlar bütün illüziyaları bir kənara qoymalı, ordunu yenidən qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin rəsmi süqutu olacaqdır.
Biz müsbət meyilləri dəstəkləməyə hazırıq və bunu edirik. Bizim ümidlərimiz var, ancaq biz erməniləri sınamalıyıq, çünki bu günədək onlarla sülh ətrafında danışıqlar aparmamışıq. Artıq bunun vaxtı çatıb. Dediyim kimi, sərhəd məsələsi ilə bağlı danışıqlar tezliklə başlayacaq. Sülh müqaviləsi ilə bağlı danışıqlara gəldikdə, biz başlamağa hazırıq və Ermənistan hökuməti tərəfindən tarixlərin verilməsini gözləyirik.
Türkiyənin Maltəpə Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Həsən Unal: Cənab Prezident, Sizin bizimlə ötənilki görüşünüzdə mən də iştirak edirdim. Mən Sizi misilsiz miqyaslı olan bir Zəfər münasibətilə təbrik etdim. Həmin Qələbə regionun siyasi mənzərəsini dəyişdi. Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələri vəzifənin öhdəsindən çox yüksək səviyyədə gəldilər. Siz Ermənistanın təkcə ekspansiya xülyalarına son qoymadınız. Siz onları reallığa qaytardınız ki, cəzasız şəkildə istədiklərinə nail ola bilməzlər.
Bu il Sizi xüsusilə iki məsələ münasibətilə təbrik etmək istəyirəm. Birincisi, azad olunmuş ərazilərdə yenidənqurma ilə bağlı görülən işlərdir və biz dünən Füzuli və Şuşa daxil olmaqla bu işlərin bir hissəsi ilə tanış olduq. İkincisi isə münaqişənin diplomatik həlli ilə bağlı yorulmaz səylərinizdir. Buraya Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlər daxildir.
Bu məqamda Sizə sualım Rusiya ilə bağlıdır. Zənnimcə, bu sual yerinə düşər, çünki bu gün Qərbdə Rusiya tənqid edilir. Siz Rusiya ilə münasibətləri peşəkarcasına həyata keçirirsiniz. Ötən il Siz Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzaladınız və onu Azərbaycan-Türkiyə-NATO müqaviləsi adlandırdınız. Türkiyədə bu, bizi məmnun etdi. Bu il isə Siz Moskva ilə bəyannamə imzaladınız ki, orada müxtəlif mövzular sırasında müdafiə sahəsində əməkdaşlıq və Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli kimi məsələlər də yer alıb.
Beləliklə, demək olar ki, burada bir növ Ankara-Bakı-Moskva üçbucağı yaranıb və işlər nizamla gedir. Qərbdə Rusiya ilə bağlı tənqidlərin hökm sürdüyü vaxtda bununla əlaqədar fikrinizi bilmək istərdim. Daha bir sualım - Sizin Rusiya ilə münasibətlərinizin Ermənistana hər hansı bir təsiri varmı? Çox sağ olun.
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə gördüyümüz işlərlə bağlı xoş sözlərə görə sağ olun. Keçən il və bu il bizimlə bir yerdə olduğunuza görə təşəkkür edirəm. Sualınıza gəldikdə, artıq qeyd etdiyim kimi, bunlar Azərbaycanın xarici siyasətinin müstəqil xarakterini nümayiş etdirir. Həmin siyasət bizim milli maraqlarımıza əsaslanır və maksimal nailiyyətlərin əldə olunmasına yönəlib. Biz regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycanın iqtisadi fəaliyyəti də, hansı ki, öz resurslarımız hesabına həyata keçirilir, sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir.
Müharibə bitəndən sonra vəziyyət dəyişdi. Nəyə görə? Çünki belə bir qavrayış var idi ki, erməni tarixi irsi dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu, bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir. Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır. Çünki onlar gəldiyi zaman və ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər? Onlar 65 dağıdılmış məscid haqqında hesabat verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladıqları haqqında hesabat verməli olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik də. Burada, Bakıda, şəhərin mərkəzində erməni kilsəsini görə bilərsiniz. Orada beş min erməni kitabı var. İrəvanda bəs nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər, onu fars məscidi adlandırıblar. Şuşadakı məscidi də fars məscidi adlandırırlar. Onlar məscidin mənşəyini dəyişmək, bəzi təmir işlərini aparmaq üçün hətta İrandan mütəxəssis də dəvət ediblər. Diplomatik nota verilmişdir, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilmişdir və biz buna son qoyulmasını tələb etdik. Çünki bu da müsəlman irsinin dağıdılmasının legitimləşdirilməsinin bir hissəsi idi. Beləliklə, fərq burasındadır. Bizim Azərbaycandakı dini və tarixi irsimiz bütün Azərbaycan xalqına məxsusdur. Zərdüştlük məbədi, məscid, katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və sinaqoq - bütün bunlar bizim milli irsimizdir və biz onları qoruyub saxlayırıq. Bakını, Şuşanı, Qubanı və digər yerləri ziyarət edən hər kəs bunu görə bilər. Lakin, əlbəttə, bu ikili standartlar yanaşması belə bir məsələdir ki, əfsuslar olsun, biz artıq onunla yaşamağa öyrəşmişik. Lakin yenə də düşünürəm ki, belə görüşlər və Şuşanın hər həftə çox mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir şəhər olması və orada tezliklə on ölkənin folklor qrupunun iştirak edəcəyi növbəti "Xarıbülbül" festivalının keçiriləcəyi heç kimin məhəl qoya bilmədiyi və göz yuma bilmədiyi bir məsələdir.
İkinci məsələdə də bizim mövqeyimiz çox aydındır. Mən artıq demişəm ki, biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar. Bizdə erməni azlığı var və onların bu mənada heç vaxt heç bir problemi olmamışdır. Lakin bunun üçün Ermənistanda Azərbaycanofobiyaya yönəlmiş təbliğata son qoyulmalıdır. Azərbaycanlıları iblisləşdirmək, bizim haqqımızda mifologiyalar yaratmaq sülh işinə xidmət etməyəcək. Müharibədən sonra baş verənlər onu göstərir ki, bizim heç bir pis niyyətimiz yoxdur. Biz sülh, ərazi bütövlüyümüzün tanınmasını istəyirik və Azərbaycanda yaşayış standartları Ermənistandakından qat-qat yüksəkdir. Mən heç Qarabağda rus sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi əraziləri demirəm. Buna görə düşünürəm ki, onlar özləri bunu dərk edəcəklər. Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyyətimizi göstərir. Onlar sürətli iqtisadi inkişafın bir hissəsi ola bilərlər, onlar vahid Azərbaycan dövlətində özlərini daha çox təhlükəsiz, rahat hiss edə bilərlər, lakin onlar separatçı tendensiyalardan və separatçı istəklərindən vaz keçməlidirlər. Onlar həm də reallığı başa düşməlidirlər. Onlar xəritəyə baxmalı, coğrafiyaya nəzər salmalı və başa düşməlidilər ki, yüz minlərlə azərbaycanlı yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaqdır. Onlar bu mühitdə yaşamalı olacaqlar. Qonşu kimi yaşamalı, düşmənçiliyi bir kənara qoymalı, separatçıları təcrid etməli, separatçıları məsuliyyətə cəlb etməli və bundan sonra düşünürəm ki, onlar da faydaları görəcəklər.
Hikmət Hacıyev: Siyahımızda Ventzeslav Sabev var. Ventzeslav, buyurun.
Cenevrə Universiteti İdarəçilik və Etiqad Mərkəzinin direktoru (İsveçrə) Ventzeslav Sabev: Təşəkkür edirəm, Zati-aliləri. Sabahınız xeyir, cənab Prezident. Mənim adım həm də mənim mənşə ölkəmi bildirir. Baxmayaraq ki, İsveçrəni təmsil edirəm mən, ölkəmizin təhlükəsizliyini bu həftə bərpa etdiyinizə görə Sizin ölkənizə minnətdar olan Bolqarıstandakı qardaşlarınızdanam. Bu, vacib yardım idi. Bolqarıstandan olduğumu, İsveçrəni və Cenevrə Universitetini təmsil etdiyimi nəzərə alaraq, mən etiqadlararası və mədəniyyətlərarası dialoq üzərində işləyirəm. Siz əvvəlki cavabınızda Azərbaycandakı mədəni və mədəniyyətlərarası ənənələri xatırladaraq bu suala cavab verdiniz. Bu, regionda yaxşı işləyən bir modeldir. Biz bu modelin bütün regionda və hətta ondan kənarda tətbiq edilməsini səbirsizliklə gözləyirik. Siz, həmçinin çox aydın mesaj bildirdiniz, bu, həmçinin Qərbi Avropadakı təşkilatlara bir müraciət idi. Siz dediniz ki, QHT səviyyəsində xalqlar arasında təmaslar üçün lazımi vaxt yetişib. Son bir neçə ayda bu tip tədbirləri təşkil etməyə çalışanda bizə dedilər ki, tarix və gələcəyə doğru mesaj arasında olan hissədə tarazlığın qorunması üçün ehtiyatlı olmalıyıq. Biz səylərimizi yenidənqurmaya, icmaların yaradılmasına, inteqrasiya edilməsinə yönəltmək istəyirik. Saxta tarixlə, təhrif olunmuş tarixdən bəhs edən mesajla mübarizə aparmaqla gələcəyə yönəlmiş icmaların inteqrasiyasından bəhs edən mesaj arasında tarazlığın idarə edilməsi üçün məsləhətiniz nə olardı?
Prezident İlham Əliyev: Hesab edirəm ki, əvvəlcə tarixin hansı hissəsinin saxta olduğunu və saxta olmadığını aydın anlamaq lazımdır. Çünki əfsuslar olsun ki, erməni tarixşünaslıq elmində hər bir addımda saxtakarlıq görürük. O cümlədən Azərbaycan əraziləri ilə bağlı, Qarabağın tarixi ilə bağlı. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, bu saxta tarix siyasəti son beş-altı ildə hətta yeni bir forma almışdı. Onlar Azərbaycan şəhərlərini rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa başladılar. Buraya məsələn, Şuşa şəhəri də aiddir, onlar onu "Şuşi" adlandırmağa başladılar. Bu şəhər heç vaxt "Şuşi" olmamışdır və yeri gəlmişkən mən "Şuşi"nin nə məna daşıdığını və nəyə görə erməni adı hesab edilməli olduğunu bilmirəm. Mən başa düşmürəm. Bütün xəritələrə baxsanız, tarixi xəritələrə baxsanız, sovet ensiklopediyasına baxsanız Şuşa görərsiniz. Lakin bu, son 5-6 ildə baş verənlərin nəticəsi idi. Həmçinin Azərbaycanda olan ermənilər haqqında saxta tarix var. Biz tarixi bilirik və aydındır ki, bunu Vikipediyada da görmək olar. 1805-ci il tarixli Kürəkçay sülh sazişinə baxın. Onu kim imzaladı? İbrahim xan, Qarabağ, Şuşa xanı və Rusiya generalı. Orada ermənilər qeyd edilmir.
Ermənilər daha sonra - Türkmənçay və Gülüstan müqavilələrindən sonra Persiyadan və Şərqi Anadoludan həmin ərazilərə gətirilməyə başladılar. Bütün bunlar tarixi faktlardır. Biz onların iki yüz il ərzində Qarabağda yaşadıqlarına görə etnik təmizlənməli olduğunu demirik. Xeyr. Lakin tarix manipulyasiya edilməməlidir. Eyni məsələni onların təqdim etməyə çalışdığı dırnaqarası tarixi sənədlərə də şamil etmək olar. Lakin hesab edirəm ki, əgər biz məqsədə nail olmaq istəyiriksə, əsas səylərimizi gələcəyə cəmləşdirməliyik. Çünki həddən artıq tarixi keçmişə getmək, əslində, Ermənistanın uğursuzluğunun səbəbidir. Çünki onlar həmişə düşündüyünə görə özlərinin itirmiş olduqlarına necə nail ola biləcəkləri haqqında xəyal edirdilər. Onlar həmişə öz ideologiyası, öz təhsilini keçmişə əsaslandırırdılar və gələcəyi də əldən verdilər. Gələcəyə gəldikdə, hesab edirəm ki, vətəndaş cəmiyyəti üzvləri arasında təmaslara başlamaq indi önəmli olacaq. Biz buna hazırıq, biz bunu Avropa İttifaqının nümayəndələri ilə, ABŞ hökumətinin nümayəndələri ilə müzakirə etmişik və bu təmasların təşkil edilməsi üçün təkliflərimizi vermişik. Həmçinin Rusiya hökuməti tərəfindən təşkil olunmuş bir təmas da var idi. Moskvada Azərbaycan və Ermənistandan olan ziyalılar qrupu görüşmüşdür və düşünürəm ki, bu formatı da davam etdirmək olar. Hesab edirəm ki, bu görüşləri Bakıda və İrəvanda da keçirə bilərik. Başqa sözlə, bir-birimizlə danışmağa başlamalıyıq, çünki Ermənistan hökuməti ilə sülhlə bağlı razılığa gəlsək, bu razılaşma, həmçinin milli konsensusun da bir hissəsi olmalıdır. Biz bunu anlayırıq. Əks halda, bu razılaşmanı imzalamaq və həyata keçirmək çox çətin olacaq. Lakin onlar Azərbaycanı iblisləşdirməyə və bizi onları məhv etmək istəyən xalq və ölkə kimi təqdim etməyə davam etdikdə milli konsensusa necə nail olmaq olar? Biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etmək və sülh içində yaşamaq istəyirdik. Beləliklə, mənim tövsiyəm belə olardı, çünki hesab edirəm ki, vaxt artıq yetişib, artıb bir il yarım keçib. Vaxt çox tez keçir. Bu tip tədbirləri Avropada, Rusiyada, Türkiyədə, Amerikada təşkil etmək, ictimai diplomatiyaya başlamaq olardı. Həmçinin ola bilsin, ekspertlər səviyyəsində də bunu etmək mümkündür. Çıxışımın əvvəlində dediyim kimi, Şuşa Beynəlxalq Forumlar arasında bəzi tədbirlər keçirə bilər. Bu tədbirlərdən biri də bunun bir hissəsi ola bilər. Ermənistandan ekspertləri, Ermənistanda sülh istəyən insanları, nifrəti yox, sülhü təşviq edən insanları dəvət etmək və bu prosesin başlanğıcında hesab edirəm ki, ADA çox yaxşı ev sahibi ola bilər. Təşəkkür edirəm.
Hikmət Hacıyev: Siyahımızda Rik Fon var. Rik, buyurun.
Müqəddəs Endryus Universitetinin müəllimi (Birləşmiş Krallıq) Rik Fon: Çox sağ olun, Zati-aliləri. Bu, bizim üçün möhtəşəm fürsətdir. Dünənki səfər möhtəşəm idi. O, mümkünsüz şeylərin görülməsini mümkün etdi. Həmçinin Azərbaycanın çox qısa müddətdə nəyə nail olduqlarını da görmək çox vacib idi. İrəlidə olan bəzi əngəlləri də müəyyən etdiyimizi nəzərə alaraq mənim soruşduğum sual 10 il müddətində regionun hansı hal ala biləcəyini və Azərbaycanın Cənubi Qafqaza töhfəsi ilə bağlıdır. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Mənim tərəfimdən belə bir proqnozun verilməsi məsuliyyətsiz bir addım olardı. Çünki bilirsiniz ki, regiondakı vəziyyət dünyadakı vəziyyətlə sıx bağlıdır. Hesab edirəm ki, postsovet məkanında dünyadakı vəziyyət regional vəziyyətə ciddi şəkildə təsir edəcək. Buna görə də bu proqnozu verəndə biz ağlımızda iki ssenarini tutmalıyıq. Birinci ssenari postsovet məkanı üçün sülh şəraitində gələcəkdir, digər ssenari isə sülh şəraitində olmayan gələcəkdir. Rusiya və Ukrayna arasında indi gedən müharibəni nəzərə alsaq, biz müharibənin nə vaxt bitdiyini və postmüharibə vəziyyətinin nədən ibarət olduğunu bilmirik. Lakin Azərbaycana gəldikdə, hesab edirəm ki, 10 il müddətində, əlbəttə ki, biz qat-qat güclü olacağıq. Mən ümid edirəm ki, o vaxta kimi və bəlkə hətta ondan da əvvəl Ermənistanla olan bütün bu anlaşılmazlıqlar və bu problemlər öz həllini tapacaqdır. Cənubi Qafqaz regionu möhkəm şəkildə inteqrasiya edəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq olacaqdır. Bunun üçün imkanlar mövcuddur. Azərbaycan regional layihələrin müəllifi olaraq istər nəqliyyat, istərsə də enerji layihələri olsun, artıq Azərbaycan Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rolunu oynayıb. Bu da o vaxtı geniş Avropa əməkdaşlığı üçün təməl olmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhanla bağlı etdiklərimiz olmasaydı, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı, çünki o zaman qaz kəməri inşa edilməyəcəkdi.
Beləliklə, layihələrin müəllifi və əlbəttə ki, Cənubi Qafqazda artmaq üçün böyük potensialı olan, böyük iqtisadiyyatı olan ölkə kimi. Çünki yalnız bu üç ayda iqtisadiyyatımız 7 faiz və ixracımız 90 faizdən çox artıb, o cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. Eyni zamanda, biz sərvət və sabitlik yaradıcısıyıq. Lakin bu, əlbəttə ki, Ermənistandakı gündəmdən, orada nə baş verəcəyindən, Ermənistan hökumətinin sülh gündəliyi ilə bağlı planlarından, yəni, onların icra olunub-olunmayacağından asılı olacaqdır. Lakin hesab edirəm ki, siyasi nöqteyi-nəzərdən tərkib tamamilə yeni olmalıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Çünki biz artıq yeni nəqliyyat xəritəsini yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə yeni mənzərədir. Düşünürəm ki, bundan əvvəl bəlkə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha çox qarşılıqlı əlaqələr ola bilər. Bu gün bu, baş vermir, bu, bir az qeyri-müntəzəm xarakter daşıyır və bu, əsasən, Azərbaycan üzərindən, bizim infrastruktur müəssisələrimiz üzərindən baş verir. Lakin hesab edirəm ki, Azərbaycanın Xəzər dənizinin sahilində yerləşən bir dövlət, Cənubi Qafqazın bir dövləti kimi bu formatda xüsusi rolu var və bu, baş verə bilər.
Beləliklə, bu, bizim planlarımızdır. Adətən bizim planlar rəsmən elan edildikdə icra olunur. İndi dediklərim mənim düşüncələrimdir. Mən bunu rəsmi gündəliyin bir hissəsinə hələ də çevirməmişəm. Biz bunun üzərində işləyirik. Hesab edirəm ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin öz aralarında apardığı siyasi məsləhətləşmələrə qoşulmaq üçün böyük potensialı var. Bilirsiniz ki, beş ölkə formatı var. Bizim bu ölkələrlə və ölkələrin xalqları ilə çox yaxın tarixi əlaqələrimiz və ənənəvi münasibətlərimiz var. Əlavə olaraq, Xəzər dənizi mədəniyyətlər və iqtisadiyyatlar arasında daha böyük körpü rolunu oynamalıdır. Ermənistan bu prosesdə iştirak edəcəkmi? Bilmirəm. Düşünürəm ki, onlar iştirak etsələr hamı üçün yaxşı olar. Bunun üçün imkan var. Bizim təklif etdiyimiz Zəngəzur dəhlizi adlandırılan dəhliz onların ərazisindən keçəcək. Əminəm ki, keçəcək, lakin onlar yenə də vaxt itirirlər. Çünki biz artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikirik və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra.
Beləliklə, onlar bu prosesdə iştirak etməsələr, onda onlardan dolayı yollarla keçəcəyik. Ötən ay biz İranla Ermənistandan yan keçən körpülərin tikilməsi üçün artıq anlaşma memorandumunu imzaladıq. Baxın, biz neft və qaz kəmərləri layihələri ilə bağlı onlardan yan keçdik və Gürcüstan bundan faydalanır, tariflərdən yaxşı vəsait əldə edir. Tbilisidən Qarsa yol çəkəndə də biz onlardan yan keçdik. İndi isə hərbi uğursuzluğunun faydalarının mümkün olduğunu öz xalqına göstərmək üçün əllərinə tarixi fürsət düşdükdə, - bu fayda regionun bir hissəsi olmaq və sərvətə çıxış əldə etməyi nəzərdə tutur, - yenə də onlar bir il yarım müddətində bu işi əngəlləyirlər. Onlar bizə Mehri regionunda yolun keçəcəyi yerin coğrafi koordinatlarını vermədilər və onlar dəmir yolunun tikintisi ilə bağlı isə heç texniki-iqtisadi əsaslandırma işlərinə belə başlamayıblar. Baxmayaraq ki, bizim hissəmizə düşən dəmir yolunun 60 kilometri artıq hazırdır, 40 kilometri qalıb. Dediyim kimi, ola bilsin bu ilin sonunadək və ya növbəti ilin əvvəlinədək o, hazır olacaqdır. Sonra biz körpü inşa edəcəyik və bizim artıq İran hökuməti ilə razılığımız var və onlardan yan keçəcəyik. Beləliklə, mənim proqnozum, əlbəttə ki, bizim gündəliyimizə əsaslanır. Lakin mən Ermənistanda gündəliyin nədən ibarət olduğunu və dünyada qlobal vəziyyətin necə olacağını bilmirəm. Çünki keçən dəfə görüşdüyümüzdən bəri dünyadakı vəziyyət artıq fərqlidir və əlbəttə ki, dünya heç vaxtı fevraldan əvvəl olduğu vəziyyətdəki kimi olmayacaqdır.
Hikmət Hacıyev: İndi biz doktor Zinq Fenqə söz veririk.
Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçısı Zinq Fenq: Çox sağ olun Zati-aliləri. Çox sağ olun vaxt ayırdığınız üçün. Bizimlə ünsiyyətdə olmaq və açıq şəkildə bizim suallara cavab vermək üçün vaxt ayırdığınıza görə çox sağ olun. Mən Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçısıyam. Mənim tədqiqat sahəm Çin ilə Avrasiya ölkələri arasında münasibətlər, həmçinin Avrasiya ölkələrində dekarbonizasiya haqqındadır. Mənim iki sualım vardır: ilk sualım Çin və Azərbaycan arasındakı münasibətlər və "Bir kəmər - bir yol" təşəbbüsü barədədir. 2013-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstana səfər etmişdir. O, Avrasiya ölkələrinin inteqrasiyasını irəli sürərək, Avrasiya ölkələrini birlikdə "İpək Yolu İqtisadi Kəmərini" qurmağa çağırmışdır və Azərbaycan və Çin bununla bağlı əməkdaşlıq haqqında sənəd - Anlaşma Memorandumu imzalamışlar. Lakin xarici resurslardan əməkdaşlıq sahələrinin və layihələrinin aydın olmadığı görünür. Mən Sizdən bu çərçiv