İkinci Qarabağ savaşının bitməsinə baxmayaraq, müharibənin ağır nəticələri hələ də özünü büruzə verir. Belə ki, düşmənin 30 illik işğal dövründə Azərbaycan torpaqlarını minalaması nəticəsində hələ də mülki əhali, minatəmizləmə işlərinə cəlb olunan əməkdaşlar ya həyatını itirir, ya da müxtəlif dərəcəli bədən xəsarətləri alırlar. Azərbaycan dəfələrlə Hayastanın işğal etdiyi ərazilərdə müxtəlif qruplaşmaları silahlandırdıqlarını, əraziyə mina basdırdıqlarını bəyan edib. Amma selektiv yanaşma sərgiləyən beynəlxalq qurumlar, o cümlədən ATƏT və onun keçmiş Minsk qrupunun həmsədrləri dini-tarixi abidələrinin, yaşayış evlərinin dağıdılması, təbii sərvətlərinin talan edilməsi ilə bağlı ölkəmizin çoxsaylı etirazlarını gözardı ediblər. Bu səbəbdən, işğaldan azad olunmuş ərazilərdə erməni xainliyinin nəticəsini Azərbaycan vətəndaşları yaşayır.
Qərb qonşumuz Azərbaycana minalanmış ərazilərin xəritəsini tam olaraq verməməklə terrorla məşğul olduğunu bir daha təsdiqləyir. Haylar Azərbaycan ərazilərində külli miqdarda piyadaəleyhinə minalar yerləşdiriblər ki, bu da keçmiş təmas xətti ilə yanaşı, başqa ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına gətirib çıxarır.
Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3406 nəfərə çatıb. Təkcə 2020-ci il noyabrın 10-dan bugünədək düşmən tapdağından azad edilmiş ərazilərdə baş vermiş mina partlayışları nəticəsində 327 nəfər zərər çəkib. Bunlardan 3 nəfəri jurnalist, 48-i mülki, 15-i hərbçi olmaqla 63 nəfər həyatını itirib. Baş verən mina partlayışları nəticəsində ümumilikdə 102 nəfər mülki şəxs, 162 hərbçi yaralanıb. Həmçinin son 30 il ərzində minalardan zərərçəkənlərin 38 nəfəri qadın, 357-si isə uşaqdır. Bir məqamı da nəzərə çatdıraq ki, ermənilər Laçın rayonu ərazisini tərk edəndən sonra burada 2021-ci ildə Ermənistanda istehsal edilən "E-001M" markalı 1400-dən artıq piyadaəleyhinə mina aşkar olunub. Bundan başqa, Zabux və Sus kəndlərindəki evlərin giriş qapılarında və həyətyanı sahələrdə də yeni quraşdırılmış mina tələləri tapılıb.
44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Ermənistanın torpağın dərin təbəqələrinə yerləşdirdiyi milyonlarla minaların gözlənilən təhlükəsi ilə üz-üzə qalıb. Xüsusi vurğulamaq lazımdır ki, humanitar minatəmizləmə böyük insan və maliyyə resursları tələb edir. Minalar, həmçinin işğaldan azad olunan ərazilərdə quruculuq və bərpa işlərinə də əngəl törədir.
Bu ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində təxminən 480 kilometr təmas xəttindəki ərazilərin minalandığı məlum olub. Daha bir maraqlı məqam isə Ermənistan və havadarlarının Azərbaycan ərazisində gizli "günah keçiləri"nin fəaliyyət göstərməsidir. Bu isə həmin şər qüvvələrin ölkəmizdə terrorla məşğul olduqlarını bir daha təsdiqləyir. Beləliklə, Ermənistanın, eləcə də onun müdafiəçilərinin vaxtikən Laçın yolundan hərbi sursat, o cümlədən mina daşımaq üçün də istifadə etdikləri bir daha üzə çıxır.
Xatırladaq ki, minalar müharibə silahı hesab edilsə də, onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir, 90 faizi isə qadınlar və uşaqlardır. 23 saatlıq antiterror tədbirləri regiondakı separatçıların güclü silahlandırıldıqlarını bir daha göstərdi, həmçinin separatçıların ərazilərimizə mina döşədikləri də məlum oldu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatlarında Xankəndidə xeyli sayda tələ qurğular, silah-sursat aşkarlandığı da öz əksini tapıb. DİN əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib. Belə ki, ANAMA əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binaların zirzəmilərində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğular tapılıb. Bununla yanaşı, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnən minaatan mərmiləri, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğular da aşkar olunub.
İndi Qarabağ azad olsa da, işğalçıların izləri hələ də qalmaqdadır. Azərbaycan bu izləri qazıb, çıxarıb, zərərsizləşdirməyə davam edir.
Nəzrin ELDARQIZI,
"Respublika".