Dekabrın 8-də "YAŞAT" Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilib. Konfrans 7 saylı "ASAN xidmət" mərkəzində baş tutub.
Əvvəlcə Fondun 3 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Daha sonra "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov çıxış edib. O çıxışında bildirib ki, 3 il ərzində Fondun büdcəsindən 79 484 043.94 AZN vəsait xərclənib. İlin sonuna qədər bu məbləğin 80 milyonu keçəcəyi gözlənilir.
Elvin Hüseynov Fondun dörd istiqaməti üzrə gördüyü işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 3 004 şəhid ailəsi üzvləri, 6 568 yaralı olmaqla ümumilikdə, 17 861 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb və 14 785 şəxsin 46 868 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 43 069-dur. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 42 153 250 AZN təşkil edir. Bu istiqamətdə 5 536 itkin düşmüş şəxsin ailə üzvlərinin 7 və 7 033 yaralı olmaqla ümumilikdə, 12 576 müraciəti təmin edilib.
Fondun 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 111 şəhid övladının zəruri xərclərinin qarşılanması məqsədilə "Onlar bizə əmanət" adlı layihəsi davam etdirilib. Layihə çərçivəsində 1000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı məqsədilə Fond tərəfindən xərclənən vəsait 2 424 635.03 AZN təşkil edir. Bu istiqamət üzrə şəhid ailə üzvlərinin 532 və yaralıların 171 müraciəti olmaqla ümumilikdə, 703 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsilhaqqının qarşılanması üçün təhsil müəssisələri tərəfindən 495 845.99 AZN vəsait ayrılıb. Təhsil haqqının ödənilməsi üçün 588 müraciət Fond tərəfindən, 115 müraciət isə Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb (orta və ali təhsil müəssisələri və təlim-tədris mərkəzləri).
Ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara "YAŞAT" Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilərək, ümumilikdə 120 şəxsin (71 şəhid ailə üzvü və 49 yaralı), 2022-2023-cü il tədris ili üzrə 23 şəxsə (12 şəhid ailə üzvü və 11 yaralı), 2023-2024-cü il tədris ili üzrə isə 31 şəxsə (20 şəhid ailə üzvü və 11 yaralı) 2000 AZN vəsait köçürülüb.
2023-cü ilin 20-30 avqust tarixlərində "YAŞAT" Fondunun və "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları"nın və Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə İstanbulda yay düşərgəsi təşkil olunub. 10 gün davam edən düşərgə Çanaqqala səfəri ilə yekunlaşıb. Gənclər Çanaqqala cənub və şimal cəbhəsini, Şəhidlik abidəsini, Çanaqqala Dastanı Tanıtım Mərkəzini, Troya və Dəniz muzeylərini və digər tarixi yerləri ziyarət edib, gəmi turuna çıxaraq şəhərin mənzərəli yerlərində olublar. Şəhid övladları həmçinin 30 avqust Türkiyənin Zəfər Bayramı münasibətilə Çanaqqalada təşkil olunan təntənəli mərasimə qatılıb, keçirilən paradda iştirak ediblər. Çanaqqala valisi İlhami Aktaş mərasimdən sonra azərbaycanlı gənclərlə səmimi söhbət edərək onlarla xatirə şəkli çəkdirib. Düşərgənin təşkilində məqsəd gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir.
Fondun AZAL-la olan əməkdaşlığı çərçivəsində 2023-cü il 25 aprel tarixində şəhidlərimizin övladları üçün Heydər Əliyev Beynəlxalq Aeoroportuna ekskursiya reallaşdırılıb. 30 avqust 2023-cü ildə AZAL və "YAŞAT" Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu layihə Fondun həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
Arzu BAXŞIYEVA,
"Respublika".