Bu hadisə ABŞ və dünya tarixində dönüş nöqtəsi oldu
Terror təkcə insan həyatını deyil, həm də sosial quruluşu məhv edir. İnsanlar hücumların baş verdiyi yerlərdə qorxu və narahatlıq içində yaşayırlar. İqtisadi və sosial sabitlik pozulur, cəmiyyətlər qütbləşir, etibar itirilir. Terrorizm sosial məhvin ən bariz nümunəsidir.
2001-ci il sentyabrın 11-də ABŞ-da ən dəhşətli terror hadisəsi baş verdi və Amerika cəmiyyətinə, onun xarici siyasətinə və təhlükəsizliyinə ciddi təsir etdi. "11 sentyabr terror hadisəsi" radikal islamçı Əl-Qaidə silahlı qruplaşmasının ABŞ-a qarşı koordinasiyalı terror hücumu silsiləsinin davamı idi. Həmin gün səhər 19 terrorçu ABŞ-ın şimal-şərq ştatlarından Kaliforniyaya getməli olan 4 kommersiya təyyarəsini qaçırdı. Onlar qaçırılan ilk iki təyyarəni Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin Əkiz Qüllələri adlanan binaya, üçüncü təyyarəni isə Pentaqona (ABŞ ordusunun qərargahı) vurdular. Dördüncü təyyarə Vaşinqtonda federal hökumət binasını vurmalı idi. Lakin sərnişinlərin ciddi müqavimətindən hərəkət istiqamətini itirən təyyarə tarlada qəzaya uğradı. Hücumlarda 3000-ə yaxın insan həyatını itirdi və terrorla mübarizə başladı.
Bu təyyarələrin qaçırılması və hadisənin törədilməsi Əl-Qaidə təşkilatının lideri Usamə bin Laden tərəfindən planlaşdırılmışdı.
11 sentyabr terroru ABŞ-ın xarici siyasət və təhlükəsizlik strategiyalarına dərindən təsir etdi. ABŞ terrorizmə daha sərt yanaşıb Əfqanıstana müdaxilə edərək Əl-Qaidə ilə qlobal müharibəyə başladı. Bu hücumlar həm də milli təhlükəsizlik siyasətini əsaslı şəkildə dəyişdirdi, mülki aviasiya təhlükəsizliyi standartlarını artırdı və ABŞ-ı bir çox antiterror əməliyyatlarına daha güclü şəkildə cəlb etdi. 2001-ci il 11 sentyabr hücumları ABŞ və dünya tarixində mühüm dönüş nöqtəsidir. Bu dəhşətli hadisə ABŞ-ın antiterror strategiyalarının, təhlükəsizlik tədbirlərinin və xarici siyasətinin yenidən formalaşdırılmasında təsirli amil idi. Hücumlardan sonra Amerika xalqı təhlükəsizlik qayğıları ilə yaşamağa məcbur oldu. Terror təhlükəsi insanların gündəlik həyatının bir hissəsinə çevrildi və təhlükəsizlik nəzarəti gücləndirildi.
Əsrin ən böyük terror hadisəsi ABŞ-da nəinki insan tələfatı, həm də böyük maddi və mənəvi təsirlərlə yadda qaldı. Dünya Ticarət Mərkəzindəki binaların uçması və Pentaqona edilən hücumlar ölkəyə milyardlarla dollarlıq ziyan vurdu. Dağılmış binaların və infrastrukturun bərpası üçün böyük vəsait sərf olundu. Mülki aviasiya sənayesində də, dəyişikliklər edildi. Aviaşirkətlər böyük itkilərə məruz qaldı və təhlükəsizlik tədbirləri artırıldı. Ölkədə böyük sığorta ödənişi dalğası yarandı. Sığorta şirkətləri bu hadisənin nəticələrini aradan qaldırmaq üçün külli miqdarda pul ödəməli oldular.
Amerika daxili təhlükəsizliyi yaxşılaşdırmaq üçün böyük addımlar atdı. Federal Aviasiya Administrasiyası (TSA) kimi agentliklər yaradıldı. "Patriot Acts" adlanan sənəd hökumətə terrorizmlə mübarizə aparmaq üçün daha çox səlahiyyətlər verdi, həm də şəxsi azadlıqlarla bağlı müzakirələrə səbəb oldu.
Sözügedən hücumlardan sonra Amerika terrora qarşı sərt tədbirlər görərək təhlükəsizliyini artırmaq və milli müdafiəsini gücləndirmək üçün daha qətiyyətli hərəkət etdi. 11 sentyabr hücumlarına görə Əl-Qaidə lideri Usamə bin Ladeni tapmaq və Taliban hökumətini devirmək üçün Əfqanıstana hərbi müdaxilələr başladı. Bu əməliyyat "Dayanıqlı Azadlıq Əməliyyatı" adlanırdı və Amerikanın terrorla mübarizə üzrə yeni strategiyasının başlanğıcı oldu.
Nurlan ABDALOV,
"Respublika".