FRANSA PREZİDENTİ YENİ DOSTLAR VƏ URAN AXTARIŞINA YOLLANIR
Fransa prezidenti Emmanuel Makronun noyabrın 1-də Qazaxıstana, ertəsi gün isə Özbəkistana səfərlərinin başlıca məqsədi ölkəsinin enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, Fransa prezidenti ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edəcək. Agentlik onun yeni dostlar və uran axtarışında olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, agentliyin açıqlamasına görə, Makronun səfərinin başqa bir səbəbi də keçmiş sovet respublikalarının Rusiyadan ehtimal olunan asılılığına təsir göstərməyə çalışmaqdır.
Bildirilir ki, ötən il Qazaxıstan və Fransa 2030-cu ilə qədər ticari-iqtisadi və investisiya əməkdaşlığına dair yol xəritəsini təsdiqləyiblər. Agentliyin verdiyi məlumata əsasən, Makronun ölkəyə səfəri zamanı müzakirə olunacaq əsas məsələlər siyahısında Fransanın “Orano” şirkətinin Qazaxıstandakı mövcudluğunun genişləndirilməsi dayanır.
MAHAÇQALADA İĞTİŞAŞLARDA İŞTİRAK EDƏN 83 NƏFƏR SAXLANILIB
Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqala şəhərinin “Uytaş” beynəlxalq aeroportunda iğtişaşlarda iştirak edən və etirazlara çağırış edən 83 nəfəri saxlayıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, Daxili İşlər Nazirliyinin Baş İdarəsinin açıqlamasına əsasən, polis əməkdaşları tərəfindən 50-dən çox axtarış aparılıb. “Kütləvi iğtişaşları təşkil edənlərlə bağlı maddi sübutlar, ofis avadanlığı və telefonlar götürülüb. Şəhərdə əməliyyat şəraiti hüquq-mühafizə orqanlarının nəzarətindədir”, - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, DİN xəbərdarlıq edib ki, şəhərdə əməliyyat vəziyyətini çətinləşdirməyə yönəlmiş bütün cəhdlərə dərhal son qoyulacaq.
Qeyd edək ki, Təl-Əvivdən gələn təyyarənin Mahaçqala aeroportunda enişindən sonra bir qrup şəxs uçuş zolağına hucum çəkərək yəhudi sərnişinləri axtarmağa başlayıb.
“POLİTİCO”: İSRAİL ÖZ PLANI ÜZRƏ HƏRƏKƏT EDİR
ABŞ-ın İsrailə verdiyi məsləhətlərə baxmayaraq, yəhudi dövləti Qəzza zolağında öz planlarına uyğun əməliyyatlar aparır. Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən “Politico” qəzeti xəbər verib.
Nəşrin yazdığına əsasən, Bayden administrasiyası Fələstin-İsrail münaqişəsi fonunda iki problemi həll etməlidir: hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq və həmçinin Qəzzada quru əməliyyatlarının keçirilməsində İsrailə dəstək vermək.
Eyni zamanda, nəşr bu əməliyyatların Vaşinqtonun tövsiyələrindən irəli getdiyinə diqqət çəkir. Xüsusilə ABŞ İsrailin Qəzzanın bu qədər irimiqyaslı bombalamasını və anklavda interneti kəsməsini istəmirdi. Vaşinqton yəhudi dövlətinin hakimiyyət orqanlarından kommunikasiyaları bərpa etməyi və hava hücumlarını daha dəqiq həyata keçirməyi xahiş etməyə məcbur olub.
Bununla yanaşı, nəşrin həmsöhbəti qeyd edib ki, ABŞ eskalasiyanın qarşısını almaq üçün əlindən gələni edir. Mənbə həmçinin əlavə edib ki, Bayden və ətrafı bütün gözlənilməz halları nəzərdən keçirir.
QAZAXISTANDA ŞAXTADA BAŞ VERƏN PARTLAYIŞDA ÖLƏNLƏRİN SAYI ARTIB
Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada sonuncu ölən şəxsin cəsədi xilasedicilər tərəfindən aşkarlanıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov açıqlamasında bəyan edib.
“Xilasetmə-axtarış tədbirləri nəticəsində 45 şaxtaçının cəsədi və ehtimalla 46-cı şaxtaçıya aid qalıqlar aşkarlanıb. Həlak olan 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfər tanınmayıb. Onların identifikasiyası üçün lazımi ekspertizalar aparılır”, - deyə nazir vurğulayıb.
Bununla yanaşı, nazirin sözlərinə görə, axtarış işləri elektrik enerjisinin olmaması, mədən yerlərinin məsafəsinin uzunluğu və dağılmış mexanizmlərin çoxluğu səbəbindən çətinləşib.
Xatırladaq ki, oktyabrın 28-də səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlayışı baş verib.
İSRAİLİN HƏYATA KEÇİRDİYİ HƏRBİ ƏMƏLİYYAT ÜÇÜNCÜ MƏRHƏLƏYƏ DAXİL OLUB
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyat üçüncü mərhələyə daxil olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
“Hazırda biz müharibənin ortasındayıq. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir”, - deyə Netanyahu vurğulayıb.
Baş nazir xatırladıb ki, İsrail üçün əsas məqsəd HƏMAS radikal qruplaşmasının hərbi və inzibati potensialını tamamilə məhv etməkdir. Onun sözlərinə görə, İsrail ordusu sistemli və güclü şəkildə irəliləyir.
Eyni zamanda, Netanyahu İsrailin HƏMAS-la müharibəsini dünya üçün dönüş nöqtəsi adlandırıb: “Bu, liderlər və xalqlar üçün dönüş nöqtəsidir. Hamımız qərar verməliyik. Ya ümid və vədlərlə dolu gələcək üçün mübarizə aparmalıyıq, ya da zülm və terrora təslim olmalıyıq. Əmin olun ki, İsrail sona qədər döyüşəcək”.
Bununla yanaşı, baş nazirin sözlərinə görə, İsrail sivilizasiyanın düşmənləri ilə mübarizə aparır: “Bu düşmənləri məğlub etmək mənəvi aydınlıqdan irəli gəlir. Yaxşı ilə şərin, doğru ilə batil arasındakı fərqi dərk etməkdən başlayır”.
YER KÜRƏSİNDƏ HƏYAT ÜÇÜN MÖVCUD TƏHLÜKƏ BARƏDƏ XƏBƏRDARLIQ
Beynəlxalq iqlimşünaslar qrupu iqlim dəyişikliyinin hazırda Yer kürəsində həyat üçün ekzistensial təhlükə yaratdığını açıqlayıblar. Onların fikrincə, 2023-cü ildə baş verən çoxsaylı temperatur rekordları ciddi təhlükədən xəbər verir. Bu barədə “Sputnik” informasiya agentliyi “BioScience” elmi jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.
Verilən xəbərə əsasən, 2023-cü ilin bütün müşahidə illəri tarixində ən isti il olacağı gözlənilir. Planetin bəzi bölgələri həddindən artıq isti dalğalarla, digərləri daşqınlarla, qalan hissəsi isə hər ikisindən təsirlənib.
İqlimşünaslar planetin 35 həyat meyarı ilə bağlı son məlumatları tədqiq ediblər. Mütəxəssislərin fikrincə, bu il onlardan 20-si rekord səviyyəyə çatıb.
Avropa İttifaqının “Kopernik” iqlim monitorinqi xidmətinin açıqlamasına görə, bu ilin yay fəslinin üç ayı bütün müşahidələrin tarixində qeydə alınan və ehtimal ki, təxminən, son 120 min ilin ən isti dövrü olub.
NYU-YORK ŞƏHƏRİ MİQRANTLARDAN XİLAS OLMAĞA ÇALIŞIR
ABŞ-ın Nyu-York şəhərinin rəhbərliyi miqrantların sayını azaltmaq üçün onlara dünyanın istənilən yerinə birtərəfli pulsuz uçuş biletləri təklif etməyə başlayıb. “Report” agentliyinin ABŞ bürosu xəbər verir ki, şəhər ötən ildən 130 mindən çox mühacir qəbul edib.
Məlumata əsasən, hazırda Nyu-York şəhərindəki sığınacaqlarda yer qalmayıb. Fərdlər üçün 30 və uşaqlı miqrant ailələri üçün 60 gün nəzərdə tutulan müvəqqəti şəhər sığınacaqlarında vəziyyət də acınacaqlıdır. Şəhərin meri Erik Adams mövcud vəziyyətin böhran səviyyəsində olduğunu açıqlayıb.
Eyni zamanda, şəhərdə miqrantların sayını azaltmaq üçün səylərin gücləndirildiyini vurğulayan Erik Adams, sığınacaq axtaranları dünyanın istənilən yerinə pulsuz, birtərəfli biletlərlə təmin etmək üçün xüsusi ofisin yaradıldığını açıqlayıb.
Nyu-York meri noyabr ayının 1-dən etibarən qərarın həyata keçiriləcəyini və bununla da şəhərin yükünün bir qədər azalacağını bəyan edib.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.