Vətən müharibəsinin 28-ci günü
27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.
24 oktyabr
- Müharibənin 28-ci günündə Azərbay
- can Silahlı Qüvvələri cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüş əməliyyatlarını davam edib.
- Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri cəbhənin müəyyənləşdirilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah-sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb, bir neçə dayaq məntəqəsi dağıdılıb, əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb və mühüm yüksəkliklər azad olunub.
- Müdafiə Nazirliyi artilleriya bölmələrimizin hərbçilərinin döyüş əzmini və yüksək vətənpərvərlik ruhunu əks etdirən video yayıb.
- Azərbaycan Prezidenti İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibə verib. Prezident qeyd edib ki, uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib. Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə, döyüş meydanında çoxlu işlər görülüb və bu, davam edir.
- Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi və Ağdərə istiqamətində uçuş keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Cəbrayıl rayonu istiqamətində "BZEZ" zərbə pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən aşkarlanaraq xüsusi texniki vasitələrlə yerə endirilib.
- Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.
- Baş Prokurorluq məlumat verib: Ermənistan ordusu Goranboyda yaşayış məntəqəsinə iki ədəd "Smerç" raketi atıb. Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində oktyabrın 24-nə olan məlumata görə, 65 mülki şəxs həlak olub. Onların 18-i qadın, 10-u uşaqdır. Oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər ölüb, 138 nəfər yaralanıb. Bu barədə Baş Prokurorluq məlumat verib.
- Düşmənin bölmələrimizə hücum cəhdinin qarşısı alınıb. Azərbaycan HHQ düşmənin hərbi texnikası və infrastrukturunu, döyüş texnikalarını məhv edib.
- Azərbaycan Ordusunun Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatlara qarşı mütəşəkkil müqavimət göstərə bilməyən və döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus və Qafan rayonları ərazisindən raket və artilleriya qurğuları ilə Laçın və Qubadlı ərazilərini güclü atəşə tutub. Azərbaycan Ordusu əməliyyat planına uyğun olaraq cəbhənin müxtəlif istiqamətlərində əks-hücumu davam etdirib. Ermənilərin könüllülərdən ibarət dəstələri və döyüş texnikası məhv edilərək bir neçə vacib yüksəkliklər azad edilib. Peşəkar Azərbaycan Ordusu yalnız düşmənin silahlı birləşmələrini və legitim hərbi obyektləri hədəfə alıb.
"Respublika".