Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.
3 sentyabr
- Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Regent Kapitanları Zati-aliləri cənab Alessandro Skarano və xanım Adele Tonniniyə təbrik məktubu ünvanlayıb.
- Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu təşkil edilib.
4 sentyabr
- Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.
- Milli Məclisdə Azərbaycan və İsrail parlamentlərarası dostluq qruplarının görüşü olub.
5 sentyabr
- Prezident İlham Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsini qəbul edib.
- Prezident İlham Əliyev Slovakiya parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
- Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvləri Şuşaya səfər edib.
- Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib.
- UNESCO Qərbi Azərbaycan İcmasının çağırışını müsbət cavablandırıb.
6 sentyabr
- Hikmət Hacıyev Səudiyyə Ərəbistanının "Arab News" qəzetinə müsahibə verib.
- İşğaldan azad olunmuş Azərbaycan ərazilərində minatəmizləmə sahəsində İsveçrə ilə əməkdaşlıq müzakirə olunub.
- Ukraynanın nüfuzlu "Telegraf" nəşrində Qarabağdan xüsusi reportaj dərc edilib.
7 sentyabr
- Prezident İlham Əliyev türk dövlətlərinin Bakıda keçirilən tədbirlərdə iştirak edən nazirlərini qəbul edib.
Türk dünyası böyük bir ailədir
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı-2023" beynəlxalq təliminin iştirakçılarını qəbul edib.
Görüşdə ölkə başçısı türk dövlətləri ilə isti münasibətlərdən söz açıb: "Türk dünyası böyük bir ailədir və şadam ki, son illər ərzində bütün üzv və müşahidəçi ölkələr tərəfindən təşkilata böyük dəstək göstərilir. Təbii ki, növbəti illərdə də bu dəstək göstərilməlidir. Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun". Bu fikirlər özlüyündə Türk dövlətlərinin birliyini ehtiva edir. Azərbaycan müxtəlif vaxtlarda təşkilata sədrlik etmiş və Türk dünyasının birliyinin və mövqeyinin möhkəmlənməsi istiqamətində fəal çalışmışdır. Bu proses hazırda da davam edir. Həmçinin ölkəmiz Türk Dövlətləri Təşkilatının əsas struktur fəaliyyətində və tədbirlərində aktiv rol oynayır.
Qeyd edək ki, TDT Qarabağın işğaldan azad edilməsindən sonra da mədəni əlaqələrin gücləndirilməsini təmin etdi.
- Bakıda TDT ölkələri nazirlərinin ikinci iclası keçirilib.
- Füzulinin daha 102 sakini doğma yurduna qovuşub.
- 500-dən çox xarici QHT fəalı Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yaydı.
- Ankarada keçirilən TEKNOFEST-də Azərbaycanı 5 startap təmsil edib.
8 sentyabr
- Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Stevo Pendarovskiyə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə məktub ünvanlayıb.
- Şimali Kiprin Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
- Rusiya Ermənistana nota verdi.
- Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibə verib.
Siyasi möhtəkirliyin qarşısı alınır
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının nüfuzlu "Arab News" nəşrinə müsahibə verib. Prezidentin köməkçisi bir sıra mühüm məsələlər, həmçinin həll olunmalı mövzular haqqında söz açıb. O bildirib ki, sülhü təmin etmək və keçmişin dəhşətlərini arxada qoymaq üçün atılmalı olan addımlar var. Şübhəsiz ki, prosesin başlanması üçün atılmalı ən mühüm addım Ermənistanın üzr istəməsidir.
Prezidentin köməkçisi Laçın yolunun BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması və Ermənistanın Qarabağın erməni əhalisinin "humanitar böhran" yaşaması iddiasını təkzib edib və bu fikirlərin tamamilə əsassız olduğunu vurğulayıb.
Hikmət Hacıyev, həmçinin "New York Times" (NYT) nəşrinə də açıq məktub ünvanlayıb: "Təəssüf ki, bu məsələlərdə bir çox beynəlxalq təşkilat və qurumlar qərəzli mövqedən çıxış edir. Ən çox oxunan və qədim qəzetlərindən olan "New York Times" (NYT) bir sıra yalan məlumatlar yayıb. Buna əsasən, Hikmət Hacıyev NYT-yə açıq məktub ünvanlayıb. Hazır sənədi öz rəsmi sosial media hesabında paylaşan Prezidentin köməkçisi NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib.
Bununla yanaşı, sentyabrın 8-də "Reuters"ə açıqlamasında Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq məqsədilə əvvəldən planlaşdırılmış təlimlər keçirir, Ermənistan isə sərhədə qoşun cəmləşdirir.
- Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə cari vəziyyətlə əlaqədar brifinq keçirilib.
Hayastanın dayanıqsız tarazlığı
Rusiya və Ermənistan münasibətləri tarixinin ən gərgin dövrünü yaşayır. Artıq dövlət rəsmiləri bir-birilərini açıq şəkildə tənqid, hətta təhqir etməkdən də çəkinmirlər. Son olaraq, Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, Ermənistanla Rusiya arasında gərginlik artıb, elə bir vəziyyət yaranıb ki, çoxlu suallar var və cavab yoxdur.
O, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın erməni rəsmilərini tənqid etməsinə də cavab verib. Bildirib ki, hansısa qurumdakı katibənin sözlərini şərh etmək niyyətində deyil. Zaxarova isə cavabında dünyanın bütün katibələrinə dəstək ifadə edib və Simonyanı nəzərdə tutaraq bildirib ki, bu söz o adamın ağzından düşünmədən çıxıb.
Ermənistanda Qarabağ klanının baş qaldırması, Paşinyan əleyhdarlarının yenidən fəallaşması artıq Kremlin müəyyən addımlar atmağa hazırlaşdığından xəbər verir. Növbəti mərhələdə proseslər Ermənistanın siyasi dairələrdəki Rusiya meyilli qüvvələrin daha dəqiq desək, 5-ci kolonun aktivləşməsinə gətirib çıxara bilər. Artıq indidən Paşinyan əleyhinə kampaniyalar başladılıb və baş nazirin hakimiyyətdən getməsi, istefa verməsi istiqamətində çağırışlar səslənir. Digər bir məqam isə Ermənistanda elan olunmayan səfərbərliyin başlaması reallığıdır. Rəsmi olmasa da bölgədə baş verən hərbi hərəkətlilik bunu deməyə əsas verir.
Ermənistan Müdafiə Nazirliyi isə uydurma bəyanatlarla müharibəyə və təxribata hazırlaşdığını gizlətməyə çalışır.
9 sentyabr
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
- XİN qondarma rejimin "seçkilər"i ilə bağlı bəyanat yaydı.
- Prezident İlham Əliyev Mərakeşin Kralına başsağlığı verib.
- Türkiyə, Moldova, Ukrayna və bir neçə
- nüfuzlu beynəlxalq təşkilatlar Qarabağda erməni separatçılarının qondarma “seçki”lərini pisləyən bəyanat veriblər.
"Respublika".