“Milyonların nəğməkarı - Rəsul Həmzətov
Digər xəbərlər

“Milyonların nəğməkarı - Rəsul Həmzətov" kitabı işıq üzü görüb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, politoloq Reyhan Mirzəzadənin "Milyonların nəğməkarı - Rəsul Həmzətov" adlı kitabı işıq üzü görüb.

Reyhan Mirzəzadə xalqlararası ədəbi-mədəni əlaqələrə dair çoxsaylı tədqiqat yazılarının və kitabların müəllifidir. Onların arasında "Rus ədəbiyyatı qəlbimin işığında", "Bəşəri zəkanın rus dahiləri", "Böyük şair - vətəndaş", "Pedaqoji fikir tarixindən", "Zəka məşəli", "Fikrin böyük sənətkarı", "Bəşəriyyətə şölə saçan teatr günəşi" və s. onun qələminin məhsuludur.

Oxuculara təqdim olunan bu kitabda Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayıb-yaratmış və dünya ədəbiyyatı, poeziyası tarixinə misilsiz töhfələr bəxş etmiş avar əsilli şair Rəsul Həmzətovun bəşəri yaradıcılığından bəhs edilir.

Kitaba ön sözü yazıçı-publisist Zəhrə Əsgərova yazıb.

Kitabda R.Həmzətovun vaxtilə öz dilindən deyilmiş sözlər diqqət çəkir: "Mənim xalqımı Azərbaycanla bağlayan tellər çoxdur - tarix, mədəniyyət, ənənələr və məişət. Biz hamımız bir kökdən qaynaqlanmışıq. Hələ gənclik illərində mən Azərbaycana sevgi hissləri ilə dolu şeirlər yazmışam. İlk dəfə məni Azərbaycanla Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir tanış edibdir...".

Yazıçı-pulisist qeyd edir ki, Rəsul Həmzətovun bütün yaradıcılığı - kiçik şeirlərdən tutmuş böyük poemalaradək, xırda qeydlərdən başlamış əzəmətli "Mənim Dağıstanım"adək... bu həqiqət üzərində ucalan məğrur bir kaşanədir.

Təranə HEYDƏROVA,

Yasamal Rayon Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin şöbə müdiri.