Daily Sabah: Milli Məclis Türk İnvestisiya Fondunu təsdiqləyib
Daily Sabah xəbər saytı Milli Məclisin "Türk İnvestisiya Fondunun yaradılması haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihəsini ratifikasiya etməsi ilə bağlı xəbər yayımlayıb.
Sözügedən yazıda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın birgə təsis etdiyi fondun yaradılmasına diqqət yetirilir və qeyd edilir ki, qanun layihəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi təsdiq edildikdən sonra qüvvəyə minəcək.
İlkin mərhələdə fondun kapitalı 500 milyon dollar təşkil edəcək. Bu fondun idarə olunması üçün mərkəz kimi İstanbul seçilib.
Türk Dövlətləri Təşkilatı (TDT) mart ayında üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirmək üçün fondun yaradılması ilə bağlı təsis sazişini imzalayıb.
Türkiyə ilə yanaşı, təşkilatın üzvləri sırasına Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Bundan əlavə, Aİ dövlətləri Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası (ŞKTC) müşahidəçi statusuna malikdir.
Anadolu Agentliyi: İsrail Prezidenti Azərbaycana rəsmi səfər edib
Anadolu Agentliyi İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfər etməsi ilə bağlı məlumat paylaşıb. Yazıda qeyd olunub: "İki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycana səfərə gəlmiş İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İsxak Hersoqu və həyat yoldaşı Mixal Hersoqu, Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin birinci müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıb".
ABŞ Dövlət Departamenti: "Bakı və İrəvan sülh danışıqlarını davam etdirir"
Ermənistan və Azərbaycan arasında sülh danışıqları davam edir və biz bunu görməkdən məmnunuq. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin yayımladığı bəyanatda qeyd olunub. Sənəddə bildirilib ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcəklər.
Bəyanatda o da vurğulanıb ki, aqressiv ritorika yalnız zorakılığı davam etdirə bilər. Konstruktiv dialoq isə sülhlə sonlanacaq. Yekunda bildirilib ki, Ağ Ev bölgədə davamlı və qalıcı sülh sazişinin bağlanması üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır.
Europa Press: "Azərbaycan terrorçuluqda şübhəli bilinən iki erməni əsgərini saxlayıb"
İspaniyanın xəbər saytı Europa Press Azərbaycan sərhədini qanunsuz keçən iki erməni əsgərinin saxlanılması haqqında məlumat dərc edib. Xəbərdə Azərbaycan Baş Prokurorluğunun məlumatına istinad edilərək bildirilib ki, iki ölkə arasında baş vermiş insidentdə iki erməni əsgərinə qarşı terrorçuluq, sərhədi qanunsuz keçmə və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı maddələri ilə ittiham irəli sürülüb və onlar istintaqa cəlb olunublar.
"Hydrogen Central": Azərbaycanda hidrogen istehsalı üzrə yüksək potensial var
"Hydrogen Central" rəsmi saytı Azərbaycanla bağlı məlumat yayımlayıb. Məlumatda Azərbaycanın hidrogen istehsalı üçün yüksək potensiala malik olduğu qeyd olunub. Xəbərdə bu fikirlərin Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayevə məxsus olduğu bildirilib. O, bu barədə "Yaşıl enerji və təmiz ətraf mühit: biznesin inkişafı perspektivləri" mövzusunda keçirilən ictimai toplantıda danışıb. Cavid Abdullayevin sözlərinə görə, Agentlik Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə hesabat hazırlayıb və gələcəkdə ictimaiyyətə təqdim olunacaq. Xəbərdə həmçinin Cavid Abdullayevin "Əminəm ki, biz bu sahədə aparıcı beynəlxalq nümayəndələrlə əməkdaşlığı genişləndirə biləcəyik",- deyə söylədiyi fikirlər də yer alıb.
"Energynews": "Masdar" şirkəti Azərbaycanda fəaliyyətini genişləndirir
"Energynews" xəbər saytı Azərbaycanla bağlı məlumat yayımlayıb. Məlumatda "Masdar" şirkətinin gələcəkdə Azərbaycanda 230 MVt gücündə günəş elektrik stansiyasını maliyyələşdirəcəyi qeyd olunub. Bu həm də Azərbaycanda xarici investisiyaya əsaslanan ilk müstəqil günəş