“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
MƏRZİYƏ ÜSKUYİ
1941-ci ildə Təbriz yaxınlığında yerləşən Üskü qəsəbəsində anadan olub. Ali pedaqoji təhsil aldıqdan sonra üç il doğulduğu Üskü qəsəbəsində müəllim işləyib. Erkən yaşlarında bədii yaradıcılığa başlayan Mərziyə Üskuyi şeirlərini "Dalğa" təxəllüsü ilə yazıb. İran şah rejiminə qarşı mübarizə apardığına görə həbs edilib. Həyatının məhbəs günləri haqqında xatirələrini yazıb.
1972-ci ildə 27 yaşında İran şahlıq rejimi tərəfindən qətlə yetirilib. Onun nəsr əsərləri dərin sosial məzmunu, sərt realizmi ilə seçilir.
Dalğa
Xırda, incə arx idim,
Meşələrdən, dağlardan,
Dərələrdən axırdım.
Bilirdim durğun sular,
Öz içində boğular.
Bilirdim dəryalarda,
Dalğalar qucağında,
Xırdaca arxlar üçün
Yeni həyat doğular.
Günüm gedib su içsin,
Abı donun dəyişsin.
Can Günəşim, parla, çıx,
Cahan görünsün açıq.
Aylar, illər dolandı,
Ah, gördüyüm yuxumu?
Zaman naqqa balıq tək,
Uddu çocuqluğumu.
İndi dəmirdən tüfəng,
Hesabsız fişəng gərək.
Xalqın dönməz eşqindən,
Burda dayaq gərəkdir.
Yurda dayaq gərəkdir.
HƏSƏN MƏCİDZADƏ SAVALAN
1947-ci ildə Ərdəbil yaxınlığındakı Nir qəsəbəsində dünyaya gəlib. Atası 40-cı illərdə milli azadlıq hərəkatının fəal iştirakçılarından biri kimi qanlı hadisələr zamanı həlak olub. Təbrizdə yaşamağın qeyri-mümkün olduğunu görən babası ailəni Tehrana köçürməyə məcbur qalıb.
Həsən erkən yaşlarından işləməyə başlayıb, çilingərlik sənətinə yiyələnib. Ədəbi yaradıcılıqla da elə həmin dövrdən məşğuldur. Lakin əsərlərini rejimin yaratdığı məlum səbəblərdən çap etdirə bilməyib. Onları yalnız İran İslam İnqilabından sonra nəşrə başlayan anadilli qəzet və dərgilərdə, xüsusən də "Varlıq" jurnalında intensiv şəkildə çap etdirməyə nail olub.
Şairin "Apardı sellər Saranı", "Ana", "Bahar bayramı" və "Dinlə, gəlin qayasın" adlı poemaları ona xüsusilə böyük şöhrət qazandırıb. Şairin Cənubda anadilli ədəbiyyatın inkişafında rolu danılmazdır.
Axır çərşənbə
Axır çərşənbə gəldi, ay mənim gözəl qızım,
Uca atıl alovdan, ay yanağı qırmızım.
Qaç-qaç, atıl gəl, səni bağrıma basıb deyim,
Qulağına bir neçə tapşırığımla sözüm.
Bu xoş günlərimizdə, gəl sevindir sən bizi,
De, solğunum get daha, gəlsin mənə qırmızı...
Nazənin göyərçinim, oyna-oyna, sən atıl!
Göydə şirin gülüşlə bu xoş nəğməyə qatıl!
Havada salam denən günə, gülə, çiçəyə,
Yetir tapşırığım, de, atıl, sevinclə qatıl,
Bu xoş günlərimizdə, gəl sevindir sən bizi,
De, solğunum get daha, gəlsin mənə qırmızı...
Çoxlu