Müstəqil Azərbaycan Respublikasının sosial sahələrinin, o cümlədən Azərbaycan səhiyyə sisteminin, tibb elmi və tibb təhsili sistemlərinin yaradılmasının 100 illik tarixlərinin ayrı-ayrı mərhələlərini təhlil etdikdə aydın nəzərə çarpır ki, bu sistemlər sadəlikdən mürəkkəbliyə, primitivlikdən aliliyə, müstəmləkəçilikdən müstəqilliyə doğru böyük bir inkişaf yolu, böyük bir yüksəliş yolu keçibdir. Belə yüksəlişin ən mühüm, ən sürətli və ən keyfiyyətli inkişafının tarixin solmaz səhifələrinə qızıl hərflərlə həkk olunan mərhələsinin məhz ümummilli lider dahi Heydər Əliyevin adı ilə bağlı olması aydın həqiqətlərdəndir. Gözlərimiz önündə şərəflə yaşanan ömrünün 35 ilə yaxın bir dövründə Azərbaycana rəhbərlik edən, onun ən parlaq yaradıcısı, qurucusu, ilhamverici qüvvəsi olan, bəşərilik zirvələrini fəth edərək əbədiyaşarlıq rəmzinə çevrilən ulu öndər Heydər Əliyev bütövlükdə Azərbaycan Respublikası ilə birlikdə həm də Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin ən möhtəşəm memarı, yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi şüurlara, yaddaşlara əbədi həkk olunub.
Ulu öndər XX əsrin ikinci yarısından etibarən yalnız ona xas olan bənzərsizlik və təkrarsızlıq, spesifik fenomenlik xüsusiyyətləri ilə həm özü dünya diplomatiyasının ön sıralarına ucalaraq bəşərilik qazandı, həm də Azərbaycanın dünyaya günəş kimi parlamasının möhkəm təməlini yaratdı.
Ümummilli liderin 1969-cu il iyul ayının 14-də Azərbaycanda ilk dəfə siyasi rəhbərliyə gəlməsi qədirbilən Azərbaycan xalqını məmnun etdi və bu yenilməz xalqın öz dahi liderinə qovuşmasının, onun ətrafında sıx sıralarla birləşməsinin təminatçısına çevrildi. Hələ gələcək möhtəşəm nailiyyətlərin ilk addımları atılan həmin dövrdə Azərbaycanın bütün sahələrində doğma, əməksevər xalqımızda milli dirçəlişə, özünüdərkə inamın, ölkə başçısına olan böyük ehtiramın yaranmasının möhkəm təməlləri qoyuldu. Ümummilli lider keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafını həmahəng surətdə ardıcıllıqla həyata keçirir, yeniliyə, tərəqqiyə sədd yaradan keçmişdən miras qalmış maneələri, lüzumsuz stereotipləri inamla dəf edir, aradan qaldırırdı. Onun düşünən beyni gecə-gündüz istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni-yeni layihələr hazırlayır və dərhal da onların zəruriliyini hiss edib həyata keçirilmələrinə şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və müasir islahatların tətbiqi, həyata keçirilməsi meydanına çevrilmişdi. Ulu öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək, bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirmişdir. Böyük rəhbər həmin dövrdə, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili və səhiyyə sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdur. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Həmin illərdə Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, ozamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diplomaqədərki və diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar tibbi-biologiya fakültəsi və dekanlığı, hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdır.
Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində