Ulu öndər Heydər Əliyev Azərbaycanın tarixində əvəzsiz rol oynayan, xalqın xilaskarı missiyasını şərəflə yerinə yetirən şəxsiyyətdir. Əsrlərin müdrikliyini özündə toplayan, milli iftixarımız, xalqımızın böyük oğlu Heydər Əliyev müasir dünya tarixində əbədiyaşarlıq haqqı qazanmış, xalqının ürəyində özünə məhəbbət, hörmət heykəli ucaltmışdır.
Azərbaycanın inkişaf tarixinin parlaq dövrü ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə başlandı. Onun rəhbərliyə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı, mənəviyyatın tərəqqisi dövrü vüsət aldı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməyə başladı. Bugünkü qüdrətli Azərbaycanın ilk təməl daşları məhz həmin dövrdə atıldı.
1960-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, xalq təsərrüfatında köklü dəyişikliklər aparılmalı, iqtisadiyyatın inkişafı üçün yeni yanaşma yolları işlənib hazırlanmalı idi. Xilaskar olmaq missiyası həyat amalına çevrilmiş Heydər Əliyev zamanın axarını dəyişdi. 1969-cu ildən bəri yaşanan dövr onun adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü Azərbaycanın intibah dövrü kimi daxil olmuşdur. Hazırlanan və uğurla həyat keçirilən strateji proqram sayəsində 1970-ci illərdə bütün Azərbaycan əzəmətli quruculuq meydanına çevrilmişdir. 1969-1982-ci illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə ölkədə 250-dən çox zavod, fabrik, istehsal sahələri, obyektlər istifadəyə verildi, 630 min iş yeri açıldı. Bu potensial gələcək Azərbaycanın çiçəklənməsi üçün möhkəm zəmin yaratmışdır.
Ulu öndərin fəaliyyətində milli kadrların yetişdirilməsi və yerləşdirilməsi prioritet əhəmiyyət kəsb edirdi. Hakimiyyətə gəldiyi vaxtdan Heydər Əliyev ölkənin gələcək inkişafı üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanması işinə xüsusi önəm verdi. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların xüsusi çəkisi 1970-ci ilədək 40 faiz təşkil edirdisə, bu rəqəm 1980-ci ilin əvvəlində 98 faizə yüksəldi.
Bu gün böyük qürur hissi keçirirəm ki, mən də həmin dövrdə respublikamızdan kənarda təhsil alan gənclərdən biriyəm. 1976-cı ildə Bakı şəhərində indiki Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyar adına klub) ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən respublikadan kənarda təhsil almağa göndərilən məzunların yolasalma mərasimində ümummilli liderin verdiyi tövsiyələr, xeyir-dualar yolumuza işıq saçdı, bizi daha yaxşı oxumağa, ölkəmiz üçün yüksək savadlı kadr kimi yetişməyə zəmin yaratdı. Rostov vilayətinin Nova-Çerkask şəhərində yerləşən Meliorasiya və Mühəndislik İnstitutunun meşə təsərrüfatı fakültəsində yüksək savadlı pedaqoqlardan aldığım biliklər, ulu öndərin örnək həyat və fəaliyyəti, əbədiyaşar ideyaları bu gün həyatımda, işimdə mənə dayaq olmuşdur. O, uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlidən müəyyən edə bilmiş, milli tarix üçün böyük əhəmiyyətli qərarlar qəbul edərkən əsl vətənpərvər mövqeyi nümayiş etdirmişdir. Dahi liderin şəxsiyyətindəki qətiyyəti geniş kütlə qarşısında bədahətən, çox sadə dildə söylədiyi fikirlərdə də öz əksini tapmışdır. Hər bir sahənin ayrılıqda təhlilini apararkən insanda onun güclü yaddaşı, məntiq üzərində qurulan düşüncələri həsəd doğururdu. Bu fenomen şəxsiyyətin amalı, Vətəni üçün çırpınan ürəyi həyatımızı həmişə işıqlandırmışdır.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək 1982-ci il 3 noyabrda SSRİ Nazirlər Kabinetinin birinci müavini vəzifəsinə təyin edilmişdi. Bu vəzifədə Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başladı. Xalq Heydər Əliyevi rəğbətlə qarşılayırdı,