“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
ƏKBƏR ƏLYAR
Şair, yazıçı, tərcüməçi və publisist kimi tanınan Əkbər Əlyar 1973-cü ildə Qaradağın Əlyar kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində, orta məktəbi isə Urmiya şəhərində riyaziyyat və fizika üzrə bitirib (1992). Daha sonra Təbrizdə elektronika üzrə ali təhsil alıb (1995) və Tehrana köçüb.
Şeirlərini "Həmidi" və "Əlyar" təxəllüsü ilə yazan Əkbər bədii yaradıcılığa 16 yaşında qələmə aldığı bir qəzəl ilə başlayıb və elə o vaxtlardan da Urmiya ədəbi məclisinin üzvlüyünə qəbul edilib.
Əkbər Əlyar Tehranda fəaliyyət göstərən Həkim Nəbati dərnəyi idarə heyətinin üzvüdür. O, bir neçə kitabın redaktoru, ön söz yazarı, mütərcimi və müəllifidir.
Şairin bir neçə şeiri İran və Naxçıvan şairlərinin şeirlərindən ibarət "Dostlar töhfəsi" adlı antologiyada Naxçıvanda çap olunub. Həmçinin Bakıda "Ədəbiyyat qəzeti" və "Kaspi" qəzetlərində, eləcə də "Ozan" jurnalında şeir və məqalələri dərc edilib.
O, 1999-cu ildə Bəxtiyar Vahabzadənin "Payız düşüncələri" kitabını ərəb əlifbasına köçürüb və Tehranda nəşr etdirib. Hüseyn Cavidin "Peyğəmbər", "Şeyx Sənan", "Maral" əsərlərini fars dilinə çevirib və orijinal mətnlə birgə çap etdirib.
Əkbər Əlyarın Süsən Rəzi ilə birgə yazdığı "Gülşən Bağı" bədii əsəri öncə İranda, 2019-cu ildə isə Bakıda "Zərdabi" nəşriyyatında çap edilib.
Uşaq şeiri sahəsində də öz sözünü deyən Əkbər Əlyarın sırf kiçikyaşlı oxucular üçün yazdığı əsərlər "Anan dili", "Mənim qırmızı çarxım" və "Susuz güllər" kitablarında işıq üzü görüb.
İran Aşıqlar Birliyinin təsisçi heyətinin üzvü olan Ə.Əlyar bir neçə qəzetlə də əməkdaşlıq edir, həmçinin Urmuda çıxan "Dəniz" qəzetinin redaksiya heyətində çalışır.
AĞDAM
Səni deyib gəlir qəhrəman ellər,
Qarabağ yurdunun maralı Ağdam.
Şil-küt olsun sənə ox atan əllər,
Gövdəsi büsbütün yaralı Ağdam.
Gözüyolda qaldın iyirmi yeddi il,
Bürüdü canını qorxulu nisgil.
Gah bəm inildədin, gahdan isə zil,
Dönmədin elindən, vəfalı Ağdam.
Şükür ola qaldırdı Tanrı azarı,
Yenə qızışacaq Ağdam Bazarı.
Hər kəs arzulayar düşə güzarı,
Görə olub cənnət misalı, Ağdam.
Açılar bir daha qızıl güllərin,
Ötər şirindilli el bülbüllərın.
İçər Şahbulaqdan şanlı ellərin,
Bir daha görməzsən məlalı Ağdam.
Artıq silinəcək könlün qubarı,
Qapın açılacaq günəşə sarı.
Cənubdan gələcək karvan qatarı,
Olacaqsan Əlyar havalı, Ağdam,
Qarabağ yurdunun maralı Ağdam.
ƏVƏZULLAH SƏFƏRİ
Əvəzullah Səfəri Kaşkuli Koçandeh 1969-cu ilin aprelində Qir və Karzin əyalətlərinin Henqam bölgəsinin Qışlaq şəhərində anadan olub. Qaşqay ulusunun kaşkuli tayfasına mənsub olan bölgədəki k&ou