Dünyanı "cəhənnəm istiləri" gözləyir...
Hazırda iqlim dəyişikliyi bir çox ölkələrdə isti hava temperaturunun rekord həddə çatmasına səbəb olub. Mövzu ilə bağlı araşdırma aparan ingiltərəli elm adamları bu vəziyyətin yaxın gələcəkdə daha da pisləşəcəyini və dünyanı "cəhənnəm istiləri"nin gözlədiyini iddia edirlər.
Yeni bir araşdırma iqlim dəyişikliyinin təsiri ilə qarşıdakı illərdə bir çox ölkələrin həddindən artıq istilərə məruz qalacağını və milyonlarla insanın bundan əziyyət çəkəcəyini ortaya qoyub. Belə ki, Bristol Universitetinin alimlərinin araşdırmasına görə, bu əsrin sonuna qədər bəzi ölkələri kəskin istilər gözləyir. Rekord həddə çatan temperaturun milyonlarla insanın həyatını təhdid altına alacağını qeyd edən ekspertlər, Əfqanıstan, Mərkəzi Amerika və Papua Yeni Qvineyanın iqlim böhranından ən çox təsirlənəcək ölkələr arasında olduğunu bildiriblər.
Xüsusilə səhiyyə sistemi zəif olan ölkələrdə iqlim böhranının milyonlarla insanın ölümünə səbəb ola biləcəyi vurğulanıb. Bundan əlavə, sözügedən ölkələrdə əhali artımının səhiyyə sistemini zəiflətməsi səbəbindən ölüm hallarının da artacağı xəbərdarlığı verilib.
Tədqiqat qrupundan olan professor Dann Mitchell hökumətləri məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırıb. Alim həmçinin, rekord həddə çatan hava hərarətinin istənilən zaman hər bir ölkədə müşahidə oluna biləcəyini qeyd edib.
"Facebook"un adı dəyişəcək?
Məlumata görə, sosial media nəhəngi "Facebook"un qurucusu Mark Zukerberq şirkətin adında dəyişiklik etmək fikrinə düşüb. Belə ki, texnologiya dünyasının lideri son zamanlar süni intellektə o qədər diqqət ayırıb ki, hətta bu "Facebook"un adının "MetAI" olaraq dəyişdirilməsi ilə bağlı söz-söhbətlərin yaranmasına yol açıb.
Qeyd edək ki, Mark Zukerberq 18 ay əvvəl "Facebook" şirkətinin adını "Meta" olaraq dəyişdirmişdi. Bəzi analitiklərin sözlərinə görə, bu dəfə Zukerberq bütün diqqətini süni intellekt texnologiyasına yönəldib. Üstəlik bunu şirkətin texniki direktoru Endryu Bosvort da təsdiqləyib. O, bu ayın əvvəlindən Zukerberq və menecerlərinin vaxtlarının çox hissəsini süni intellektə sərf etdiyini qeyd edib.
Əslində "Metaverse"nin iflas etməsindən sonra milyarderin bu fikrə düşməsi heç də təəccüblü deyil. Bu səbəbdən də bəzi analitiklər Zukerberqi ələ salaraq onun şirkətin adını "MetAI" olaraq dəyişəcəyini söyləyirlər.
Qeyd edək ki, şirkətin ötən aylarda "Metaverse"yə etdiyi yatırımlar sərt tənqidlərə məruz qalmışdı. Bu səbəbdən də investorlar hazırda şirkətin süni intellektə külli miqdarda maddi vəsait ayırmasını məsləhət bilmirlər. Lakin bununla belə açıq-aydın görünür ki, Zukerberqin OpenAI, Microsoft və "Google" ilə ayaqlaşması ona baha başa gələ bilər.
Plastik materialı parçalaya bilən göbələk növü tapıldı
Yer kürəsində insanların mövcud olduqları elə bir ərazi yoxdur ki, ekoloji tarazlığa qənim kəsilən plastik tullantılara rast gəlinməsin. Ətraf mühiti çirkləndirən və təkrar emal edilməsi qəliz olan bu materialdan ən çox zərərçəkən isə canlı təbiət olur. Lakin elm adamlarının bu yaxınlarda əldə etdikləri tapıntılar sözügedən problemin qarşısını ala bilər. Belə ki, avstraliyalı alimlər plastik materialları parçalaya bilən iki növ torpaq göbələyi aşkar ediblər.
Sidney Universitetinin mütəxəssisləri aparmış olduqları təcrübə zamanı Aspergillus terreus və Engyodontium album adlı göbələklərin polipropileni (təkrar emalı qəliz olan plastik material növü) parçaladıqlarını təsdiqləyiblər. Alimlər təyin ediblər ki, plastik materiallara öncədən ultrabənövşəyi şüalar vasitəsilə təsir göstərdikdə və onları qızdırdıqda aşkar edilmiş torpaq göbələkləri polipropileni daha aktiv şəkildə parçalayırlar.
Məlumata görə, bütün plastik tullantıların 25 faizi məhz polipropilenin payına düşür. Söhbət qida qablarından, paltarlar üçün asılqanlardan və s. əşyalardan gedir. Sənaye səviyyəsində təkrar emal prosesinə isə istehsal edilmiş polipropilenin yalnız 1 faizi