“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
BEHBUD MURADİ (ELÇİBƏY)
1964-cü ildə Xalxal şəhərində anadan olub. 1978-ci ildə ailəsi ilə birlikdə Ənzəli şəhərinə köçüb və indiyədək də bu şəhərdə yaşayır. Gənclik çağından Ənzəlidə, Xalxalda, Ərdəbildə, Təbrizdə, bir sözlə, Güneyin hər yerində şeir, sənət, musiqi dərnəkləri və dərgilərində çalışıb. 15 musiqi dərnəyi yaradıb. Türkcə-farsca ikidilli dərgilərin redaktoru olub. Ailəsinin çörəyini isə dəmirçiliklə qazanır, qollarının və alın tərinin çörəyini yeyir və kimsəyə əl açmır.
Şeirlərini Azərbaycan və fars dillərində yazır. "Elçinin qəmnaməsi" (2002), "Çav" (2005), "Dəftəri-i-Şer" (2005), "Asılı gözlər" (2009) və "İçərişəhər" (2011) adlı kitabları ilə tanınıb.
Əlişir Nəvainin əsərlərini Azərbaycan türkcəsinə tərcümə edib.
Kəlbəcər
Qəmkeşin, Bəhmənin gözündən iraq
Yaralı, yarasız döndü Kəlbəcər
Şücaət gözündə od-ocaq yeri
Düşmənin əlindən söndü Kəlbəcər.
Həsrət ləkə saldı ürək ətinə
Ədalət ün verdi milliyyətinə
Laçın çox əzizdir türk millətinə
Sazda sözdə desəm ündü Kəlbəcər.
Yal-yamacda gəzən qoç ovlağınan
Çobanın gözündə xoş yaylağınan
Yaşıl meşəsinən gur bulağınan
Murovun əyninə dondu Kəlbəcər.
Elçibəy kirpikdi göz giləsilə
Xalqına qayıdır əzan səsilə
İllər ayrı düşüb öz Gəncəsilə
Qol-boyun olduğu gündü Kəlbəcər.
Əli FƏXR
1962-ci ildə Təbrizdə anadan olub. Ali təhsillidir. Azərbaycan ədəbiyyat tarixi üzrə tədqiqat işləri ilə məşğuldur. "Xalq dastanları", "Füzuli dünyası", "İdeallar şairi Nəsimi" "Məhsəti Gəncəvi (rübailər) adlı kitabların müəllifidir. Onun yaradıcılığında Vətən mövzusunda şeirlər çoxluq təşkil edir. Şair "Yol gedir Şuşaya" şeirini İkinci Qarabağ savaşı başlayanda yazıb.
Yol gedir Şuşaya
Deyəsən səs gəlir o tay ölkədən
Bəlkə də o yanlar oyanmaqdadır.
Yol edir Şuşaya coşan çeşmələr
Bulanlıq suları durulmaqdadır.
Uzanmış qara gün Qarabağımda
Murovun günəşi parlamaqdadır.
Ucalıb nərəsi nər oğlanların
Röyamın binası qurulmaqdadır.
Folklor xalq həyatının əks-sədasıdır
(əvvəli 15 aprel tarixli sayımızda)
Qeyd edək ki, mərasimlə bağlı olan alqışlar, təbii ki, mərasim rituallarına əsasən yaranıb və günümüzədək gəlib çatıb. Xalq arasında bu tip alqış və dualar demək olar ki, bütün evlilik mərasimləri, xeyir işləri zamanı, eləcə də gündəlik həyatımızda subay oğlan və qızlara söylənməkdədir: "Allah sənə halal süd əmmiş yetirsin!", "Bəylik hamamına gedəsən", "Toy şirnini yeyim", "Gəlinlik lampanı yandırım", "Səni görüm xoşbəxt olasan!", "Min yaşa!", "Evlad sahibi olasan!", "Allah sənə yar olsun!", "Var-dövlətli yaşa!", "Üzün gülsün!", "Allah səni saxlasın, min bir bəladan hifz eləsin!", "Allah sizi bir-birinizdən ayırmasın