İSRAİLİN BAŞ NAZİRİ BAYDENİN MƏSLƏHƏTİNİ RƏDD EDİB
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Cozef Baydenin “İsrail hakimiyyəti ölkədə müxalifətin kütləvi etirazlarına səbəb olan məhkəmə islahatından imtina etməlidir” məsləhətini qəti şəkildə rədd edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.
Baş nazirin sözlərinə görə, İsrail xaricdən, o cümlədən ən yaxşı dostlarından gələn təzyiqlərə əsaslanaraq deyil, öz xalqının iradəsi əsasında qərarlar verən suveren ölkədir.
Bununla yanaşı, Netanyahu vurğulayıb ki, o, Baydenlə şəxsi münasibətləri, ABŞ və İsrail arasındakı dostluq əlaqələrini yüksək qiymətləndirir, lakin onun hökuməti lazım bildiyi islahatları ölkə daxilində davam etdirmək niyyətindədir.
“İsrail və ABŞ arasındakı müttəfiqlik sarsılmazdır və hər zaman aramızda yaranan fikir ayrılıqları aradan qaldırılır. Mənim administrasiyam hökumətin üç qolu arasında həqiqi tarazlığı bərpa etməklə demokratiyanın möhkəmləndirilməsinə sadiqdir və buna geniş konsensus vasitəsilə nail olmaq istəyirik”, - deyə Netanyahu əlavə edib.
Qeyd edək ki, Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında İsraildə məhkəmə islahatlarına qarşı çıxış edərək Netanyahunun bu layihədən imtina edəcəyinə ümid etdiyini bildirib.
ABŞ İRANLA BAĞLI BİR NEÇƏ HƏRBİ VARİANT HAZIRLAYIB
ABŞ-ın baş qərargah rəisi Mark Milli və müdafiə naziri Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsində 2024-cü ilin müdafiə büdcəsi ilə bağlı iclasda iştirak ediblər. “Teleqraf.com”un xəbərinə görə, iclasda əsas müzakirələrdən biri İranın fəaliyyətləri və hızırkı rejimin dəstəklədiyi radikal qruplaşmaların İraq və Suriyada ABŞ bazalarına hücumları olub.
İranın bölgədə qeyri-sabitliyə səbəb olan fəaliyyətlərlə məşğul olduğunu və Amerika hərbçilərinin yerləşdiyi bazalara hücumlarını davam etdirdiyini qeyd edən Mark Milli rəsmi Tehranın nüvə silahları üçün lazım olan materialı iki həftədən də az müddətdə əldə edə biləcəyini bildirib.
“Bundan sonra onlara tam nüvə silahı yaratmaları üçün cəmi bir neçə ay lazımdır. ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməmək siyasətində qərarlıdır. İran nüvə silahı hazırlamaq qərarına gəlsə, ABŞ ordusu administrasiyanın nəzərdən keçirməsi üçün bir neçə hərbi variant hazırlayıb”, - deyə baş qərargah rəisi vurğulayıb.
QAZAXISTAN HÖKUMƏTİ İSTEFA VERİB
Qazaxıstanda Əlixan İsmayılovun rəhbərlik etdiyi hökumət istefa verib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev konstitusiyaya uyğun olaraq martın 19-da keçirilən parlament seçkilərindən sonra Əlixan İsmayılovun rəhbərlik etdiyi hökumətin istefasını təsdiq edən fərmanı imzalayıb.
Fərmanda bildirilib ki, parlament yeni kabinet üzvlərini təsdiq edənə qədər hökumət öz vəzifələrini yerinə yetirməyə davam edəcək.
Prezident Tokayev parlamentin aşağı palatasının 8-ci dövr açılış iclasında verdiyi açıqlamada seçkilərdə ən çox səs toplayan Əmanət Partiyasının baş nazir namizədinin təqdim edilməsinin siyasi məsuliyyətin zərurəti olduğunu ifadə edib.
BAEA: ZAPOROJYE AES-də VƏZİYYƏT GETDİKCƏ PİSLƏŞİR
Hərbi əməliyyatların davam etməsi fonunda Zaparojye atom elektrik stansiyasında təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyət yaxşılaşmır. “AZƏRTAC”ın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi stansiyaya səfərinin yekununa dair açıqlamasında bildirib.
“AES-in yerləşdiyi rayonda hərbi əməliyyatlar şiddətlənir. Stansiyanı hər hansı hücumdan qorumaq üçün mümkün olan tədbirlər görülməlidir. Mən bütün tərəflərlə razılaşdırıla biləcək realistik tədbirlər hazırlamağa çalışıram. Radioloji nəticələrə səbəb olacaq nüvə qəzası heç kimə rəhm etməyəcək. Biz bundan yayınmalıyıq”, - deyə Rafael Qrossi jurnalistlərə bəyan edib.
Qeyd edilir ki, martın 29-da günorta saatlarında Rafael Qrossinin rəhbərlik etdiyi BAEA-nın 18 nəfərlik nümayəndə heyəti Zaparojye AES-ə gəlib. Səfərin məqsədi nüvə təhlükəsizliyi sahəsində vəziyyəti qiymətləndirmək və stansiyada agentliyin mütəxəssislərinin müntəzəm rotasiyasını təmin etməkdir<