KREML: RƏSMİ MOSKVA VAŞİNQTONDAN KONK RET TƏKLİFLƏR GÖZLƏYİR
“Rusiya ABŞ-la silahlara nəzarət üzrə dialoqa açıqdır, Moskva diplomatik kanallar vasitəsilə Vaşinqtondan konkret təkliflər gözləyir”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Məlumata əsasən, Kremlin sözçüsü jurnalistlərə açıqlamasında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın ABŞ-ın Rusiya ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoqa hazır olması barədə bəyanatını önəmli və müsbət adlandırıb.
“Əlbəttə, biz bunun diplomatik kanallar vasitəsilə de-fakto addımlarla dəstəklənəcəyini gözləyirik. Bundan sonra təklif olunan dialoq formatlarını nəzərdən keçirmək mümkün olacaq. Rusiya Federasiyası dialoqa açıq olaraq qalır, biz bunu son dərəcə vacib hesab edirik”, - deyə Peskov vurğulayıb.
Eyni zamanda, mətbuat katibi əlavə edib ki, belə mühüm və həssas məsələlərdə, xüsusən də ikitərəfli münasibətlərdə kəskin qarşılıqlı etimad çatışmazlığı hiss edildiyi zaman mətbuatda gedən bəyanatlara etibar etmək çox çətindir.
HİNDİSTANDA BAŞ VERƏN DƏHŞƏTLİ QATAR QƏZASININ SƏBƏBİ AÇIQLANIB
Hindistanın şərqindəki Odişa ştatında ötən həftə baş verən və 294 nəfərin ölümü ilə nəticələnən qatar qəzasına elektron kilid sistemindəki dəyişiklik səbəb olub. “Trend” agentliyinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ölkənin dəmir yolları, rabitə, elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav məlumat verib.
“Dəmiryolunun təhlükəsizliyi üzrə müvəkkil faktı araşdırıb və bu barədə hesabatı təqdim etməlidir. Biz hadisənin səbəbini və buna görə məsuliyyət daşıyan şəxsləri müəyyən etmişik. Bu, elektron kilidin sistemindəki dəyişiklik səbəbindən baş verib”, - deyə nazir bildirib.
Bununla yanaşı, nazir elektron kilid sistemində hansı səbəbdən dəyişikliyin edildiyini və buna kimin cavabdeh olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, ötən həftənin cümə günü Hindistanın şərqində 2 sərnişin və 1 yük qatarı toqquşub. Hadisə nəticəsində 294 nəfər həlak olub, 1000-dən çox insan isə xəsarət alıb.
ÇİN GƏMİSİ ABŞ ESMİNESİ İLƏ TOQQUŞMADAN SON ANDA YAYINIB
Çin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Cənubi Çin dənizində ABŞ esminesinə 150 metrdən də az məsafədə yaxınlaşıb. “Report” agentliyinin Kanadanın “Global News” telekanalına istinadən verdiyi xəbərə görə, Çin dənizçilərinin bu cür hərəkətləri az qala toqquşmaya səbəb olub.
Məlumata görə, sözügedən insident Tayvan boğazında ABŞ-Kanada birgə missiyası zamanı baş verib.
Hadisəyə cavab olaraq ABŞ-ın Hind-Sakit Okean Komandanlığı bəyanat yayaraq, Çin gəmisinin hərəkətlərinin beynəlxalq sularda təhlükəsiz hərəkət qaydalarını pozduğunu bildirib.
Çinin Kanadadakı səfirliyinin sözçüsü telekanala açıqlamasında qeyd edib ki, ABŞ və Kanada gəmiləri ərazidə olduqlarını özləri bəyan ediblər. Mətbuat katibinin sözlərinə görə, Çin donanması və hava qüvvələri hər iki gəmiyə qanuni əsaslarla nəzarət edib.
PORTUQALİYA DÖRDGÜNLÜK İŞ REJİMİNƏ KEÇDİ
Portuqaliyadakı solçu hökumət 100-ə qədər şirkətdə pilot layihə olaraq 5 iyun tarixindən etibarən həftədə dörd günlük çalışma saatının başladığını açıqlayıb. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə ölkənin əmək, sosial müdafiə və həmrəylik naziri Ana Mendes Qodinyo bildirib.
“İyunun 5-dən qüvvəyə minən fərmana əsasən, əmək haqqına təsir etmədən həftəlik işin dörd günə endirilməsi praktikası işəgötürənlər və layihəyə könüllü qatılmaq istəyən işçilər üçün başladı”, - deyə nazir vurğulayıb.
Nazirin sözlərinə görə, pilot layihədə iştirak edən şirkətlər həftədə dörd gün işdən əvvəl, çalışma saatları və sonra məhsuldarlıq, işçilərin əhval-ruhiyyəsi və səmərəlilik kimi məsələlərlə bağlı məlumatları hesabat şəklində nazirliklə paylaşacaqlar.
Xatırladaq ki, Avropada “COVID-19” pandemiyasından sonra gündəmə gələn həftədə