ÇAVUŞOĞLU İSRAİL VƏ FƏLƏSTİN RƏHBƏRLİYİ İLƏ KRİTİK MÜZAKİRƏLƏR APARIB
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 8-də İsrailin xarici işlər naziri Eli Kohenlə telefon danışığı aparıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Çavuşoğlu Türkiyənin İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidindəki son təxribatlarını, həmçinin Qəzza zolağına və Livana hava hücumlarının qəbuledilməz olduğunu bildirib.
Eyni zamanda, Çavuşoğlu İsrail təhlükəsizlik qüvvələrinin hərəkətlərinə heç bir bəhanə gətirilə bilməyəcəyini qeyd edərək, bu halların təkrarlanmaması və hava hücumlarının yenidən başlamamasının vacibliyinə diqqət çəkib.
Mövlud Çavuşoğlu aprelin 8-də həmçinin Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə də telefon danışığı aparıb. Danışıqlar zamanı Çavuşoğlu ölkəsinin hər zaman Fələstinin yanında olacağını, gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazır olduğunu bir daha vurğulayıb.
Bununla yanaşı, verilən xəbərə görə, İsrail Müdafiə Qüvvələri regionda yaranmış gərginlik fonunda Hərbi Hava Qüvvələrinin ehtiyatda olan hərbçilərini orduya çağırır.
İRANIN MÖVCUD REJİMİNDƏN GƏRGİNLİK YARADAN NÖVBƏTİ ADDIM
İranda hökumət əleyhinə etirazlar fonunda ölkə polisi qadınların hicab qaydalarına riayət edib-etməmələrini bilmək üçün küçələrə kameralar yerləşdirir. “Teleqraf.com”un verdiyi xəbərə görə, İran polisi kameralar vasitəsilə hicab taxmaq qaydalarını pozduqları müəyyən edilən qadınların cəzalandırılacağını açıqlayıb.
Məlumata əsasən, ölkə polisi həmçinin ictimaiyyəti hicab qaydasını qorumağa çağırıb və qaydaya əməl etməyən qadınlara ciddi xəbərdarlıq edib.
Eyni zamanda, açıqlamada bu addımın hicab tələbinə qarşı artan pozuntuların qarşısını almaq məqsədi daşıdığı və hicabın ölkənin təməl dəyərlərindən biri olduğu diqqətə çatdırılıb.
Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin ötən ilin sentyabr ayında paytaxt Tehranda “çadrasını düzgün taxmadığı” səbəbilə saxlanıldıqdan sonra vəfat etməsi İranda son illərin ən böyük etirazlarına səbəb olub.
UKRAYNA QÜVVƏLƏRİ RUSİYA ORDUSUNDAN ÜÇ DƏFƏ AZ MƏRMİ İŞLƏDİR
Ukrayna Silahlı Qüvvələri döyüşlərdə Rusiya ordusundan üç dəfə az mərmi istifadə edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, Ukrayna silahlı qüvvələri köhnə sovet kalibrli mərmi çatışmazlığı ilə üzləşib və sursata qənaət etməyə məcburdur. Nəşrdə həmçinin qeyd edilir ki, Rusiya tərəfində də sursat çatışmazlığı müşahidə olunur.
Bununla yanaşı, qəzetin məlumatına əsasən, Ukrayna hərbçiləri sursata qənaət etmək üçün çox vaxt kiçik piyada qruplarına deyil, daha çox texnikaya üstünlük verirlər.
Eyni zamanda, verilən xəbərə görə, mərmi israfının qarşısını almaq üçün atışlar zamanı dəqiqliyə xüsusi diqqət ayrılır.
ŞOTLANDİYADA İCTİMAİ NƏQLİYYATDA MÜHÜM YENİLİK
Şotlandiyada gələn ay sürücüsüz avtobusların xəttə buraxılması nəzərdə tutulub. Bu barədə “TRT” telekanalı “Röyters” agentliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, mayın 15-dən etibarən Edinburq sakinlərinə xidmət göstərəcək bu nəqliyyat vasitələri ilkin mərhələdə 22 kilometr uzunluğunda marşrutla hərəkət edəcək.
Məlumata əsasən, beş ədəd birmərtəbəli avtonom avtobus həftədə təxminən 10 min sərnişin daşımaq qabiliyyətinə malik olacaq. Hazırda sürücüsüz avtobusların sınaq yürüşləri keçirilir.
Avtobusların idarəetmə panelində əvvəlcədən seçilmiş yollarda saatda 80 kilometr sürətlə hərəkət etməyə imkan verən sensorlar quraşdırılıb. Həmçinin onlarda texnologiyaya nəzarət edəcək təhlükəsizlik əməkdaşı oturacaq və sərnişinlərə avtobusa minmək və bilet almağa kömək edəcək.
Bununla yanaşı, Böyük Britaniya hökuməti bildirib ki, sürücüsüz avtobuslar üzrə sözügedən layihə dünyada ilk tam ölçülü, özü idarə olunan ictimai avtobus xidməti olacaq.
ABŞ 154 RAKET DAŞIYAN SUALTI QAYIĞI İRAN SAHİLLƏRİNƏ GÖNDƏRİB
ABŞ-ın nüvə enerjisi ilə idarə olunan raket sualtı