(keçmişdən indiyə)
İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...
Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Oktyabr inqilabı"nı oxuculara təqdim edirik.
"Respublika".
Oktyabr inqilabı
Bəşəriyyətin təkamülü prosesində böyük rol oynayaraq tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən biri də 1917-ci ilin 25 oktyabrında Rusiya imperiyasının paytaxtı Petroqradda baş vermiş inqilabdır. Tarixdə Oktyabr inqilabı olaraq silinməz izlər buraxan bu hadisə bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə nəinki Rusiya imperiyasının, eyni zamanda dünyanın siyasi - ideoloji xəritəsini dəyişmişdir. Bolşeviklərin qələbəsi, Vətəndaş müharibəsinin başlanması, Rusiya Sovet Respublikasının yaradılması ilə nəticələnən inqilab, bütün insanlığın inkişafının gedişatına köklü surətdə təsir etmişdir. Belə ki, kapitalizmin ləğvi sosialist islahatlarının keçirilməsi məqsədi daşıyan Oktyabr çevrilişi inkaredilməz faktdır ki, bölünməz, toxunulmaz və tənqid olunmaz vahid ideyalı, siyasi partiyalı totalitar sosializm yaradılmasının başlanğıcını qoymuşdur.
1917-ci il oktyabrın 25-də (yeni tarixlə noyabrın 7-də) Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və başqalarının təşkilatçılığı ilə baş verən çevriliş zamanı bolşeviklər müvəqqəti hökuməti devirərək hakimiyyətə gəldilər. "Avrora" kreyserindən havaya açılan top atəşi Petroqradda Qış Sarayına hücum üçün siqnala çevrildi. Kreyser sonradan Oktyabr inqilabının əsas simvolu oldu.
Buna səbəb isə XIX əsrin sonlarında Rusiyada daxili vəziyyətin olduqca gərginləşməsi, maliyyə probleminin yaşanması idi. Həmçinin torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. Belə bir zamanda rus hökuməti çarəni çar II Nikolayı qardaşı Mixail ilə əvəzləməkdə görürdü. Lakin bunun üçün çox gec idi. Çünki insanlar 9 yanvar 1905-ci ildə etiraz məqsədilə nümayiş keçirdilər. Nümayişdə əsasən iş saatlarının çoxluğundan və yaşayış standartlarının aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə mindən artıq insan həlak oldu. Bu qırğın Rusiyada çox pis qarşılandı və əlbəttə ki, öz növbəsində Rusiya hakimiyyətinə qarşı mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə "qanlı bazar" adı ilə düşdü. Leninin tərəfdarları nə qədər sıxışdırılsa da, partiya quruldu. Çoxpartiyalı sistemə keçildi və çar II Nikolay 1906-cı ildə konstitusiyanı qəbul etməli oldu.
Milad təqviminə görə 8 mart 1917-ci ildə başlanan etirazlar isə son dərəcə sülhsevər xarakter daşıyırdı. Hökumət maliyyə məsələlərinin ədalətli həllini tələb edən xalqa qarşı çox keçmədən zor tətbiq etməyə başladı. O zaman çar parlamenti buraxacağını söylədi. Parlamentin sədri isə dövlət idarəsinə əl qoyduğunu dedi. Beləliklə, Rusiya liberal idarə sisteminə keçdi.