“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.
Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.
Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.
ÇİÇƏK AĞBULUT
1991-ci ildə Təbrizdə Prof. Dr. Əli Daşqının ailəsində dünyaya gəlib. İlk və orta təhsili kimi, ali təhsilini də doğma şəhərində dil və ədəbiyyat üzrə bitirib. Bundan əlavə, dövlətlərararası Türk dili və ədəbiyyatı Araşdırmaları Mərkəzinin magistridir.
Kiçik yaşlarından uşaq ədəbiyyatı, şeir və folklorla maraqlanıb, türkcə şeir və yazılar yazmağa başlayıb. 10 yaşlarından "Ağbulut " təxəllüsünü seçib. "Mutluluq yolcusu" adlı ilk kiçik şeir kitabı Bakı və Təbriz şəhərlərində işıq üzü görüb. Şeir və yazıları Təbriz, Urmu, Bakı və Türkiyənin müxtəlif dərgi və qəzetlərində yayımlanıb.
Son dövrlərdə "Baxış zənciri" və "Qarlı bahar" adlı kitablarını oxuculara təqdim edib. Hazırda Təbrizdə yaşayır, "Kültürəl və Araşdırmalar Birliyi" və "Daşqın Kab"ın fəal üzvlərindən biridir. Orada dil və ədəbiyyat müəllimi kimi çalışır.
Azərbaycan
Tanış gəlir bu toprağın daşı mənə,
Mən adına ulu VƏTƏN deyəcəyəm!
Əyri gəlir bu gözlərin qaşı mənə,
Ya düzəldib, ya daha çox əyəcəyəm!..
Uzaq düşüb bulutları dağlarından,
Susuz qalıb, ələ baxır dərələri!
Daş dil açıb, deyir əski çağlarından,
Dağda yetim qalıb kəklik fərələri!..
Suyu üzə güzgü durur bu çayların,
Nərgiz ölür bulaqların dodağında!
Düşmənidir kar qulaqlar bu hayların,
Bülbül ölüb iyidlərin budağında!..
Tanış dedim, candır bəlkə yaşayıram,
Nəfəsimdən çıxan duman Vətənindir!
Mən qıymaram əti dırnaqdan ayıram,
Azərbaycan həm mənim, həm sənindir!..
ELÇİN HƏSƏNZADƏ
1990-cı ildə Maku şəhərində anadan olub. 14 yaşında oxuduğu "Heydərbabaya salam" poeması ilə türk ədəbiyyatına maraq göstərib. 2008-ci ildən şeir yazmağa başlayıb və son illərdə modern, özəlliklə sərbəst şeir yazmaqla yaradıcılığa davam edir. Bədii tərcüməyə də maraq göstərir. Nazim Hikmətin bioqrafiyasını və Pirayəyə yazdığı məktubları farscaya və Azərbaycan türkcəsinə çevirib. Təbrizdə yüksək lisans kursunda MBA öyrəncisidir.
Bir olay var, ölüm
hər gecə qonaq gələr
şəhərimizə,
bu havalar əsən formasız bir yel tək
bizi bizdən alıb yenə
başqa bir şəhərə yolunu tutar.
Bəzən atasız bir körpə cəsədi
söykənər zibil qablarına,
bəzən abajorlar altında
intihar məktubu
titrək əllərlə yazılar.
Gecələr yataqda
toxunanmayan tənlərə toxunan fikir,
öksüz uşaqların ac qarınları,
işçi ataların tox kədərləri.
Ölüm ayaqdır bəzən damdan atılar,
bir cüt gözdür qaldırımlarda
vitrinlərə baxa-baxa sovuşar,
əldir ölüm bəzən kəndir toxuyar,
bədəndir odlayar öz varlığını.
Bir olay var, ölüm
hər gecə qonaq gələr şəhərimizə,
bu havalar