COZEF BAYDEN KORONAVİRUSA YOLUXUB
ABŞ prezidenti Cozef Baydenin koronavirus üçün verdiyi testin nəticəsi müsbət çıxıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Mətbuat katibinin sözlərinə görə, hazırda ABŞ dövlət başçısında yüngül simptomlar müşahidə olunur və o məsafədən işləyir.
Eyni zamanda, Karine Jan-Pyer qeyd edib ki, prezident tam peyvənd olunub, ona iki dəfə əlavə doza peyvənd də vurulub. Onun sözlərinə görə, Bayden testin nəticələri mənfi çıxana qədər məsafədən işləyəcək.
Qeyd edilir ki, bu, Cozef Baydenin koronavirus üçün verdiyi testin nəticəsinin müsbət çıxdığı ilk haldır. Mətbuat katibi onu da qeyd edib ki, Baydenin çərşənbə axşamı və əvvəlki testlərinin cavabı mənfi nəticə göstərib.
Bildirilir ki, Cozef Baydenin köməkçiləri Yaxın Şərqə səfəri zamanı ona koronavirusun qarşısını almaq üçün əl sıxmamaq üçün xəbərdarlıq ediblər, lakin ABŞ prezidenti yenə də vaxtaşırı görüşdüyü rəsmilərin əlini sıxıb.
Aİ QAZLA BAĞLI TƏHLÜKƏLİ VƏZİYYƏTLƏ ÜZLƏŞƏ BİLƏR
Hazırkı mərhələdə üzv dövlətlər tərəfindən qazdan istifadənin 15 faiz azaldılması təklifi könüllüdür, lakin lazım gələrsə, Avropa Komissiyası bunu məcburi hala gətirəcək. “APA”nın verdiyi xəbərə görə, bunu Avropa İttifaqının enerji komissarı Kadri Simson mətbuat konfransında bildirib.
Komissarın sözlərinə görə, Aİ-nin qaz ehtiyatı hazırda 65 faizə yaxındır, lakin Rusiyadan qaz təchizatının kəsilməsi noyabra qədər Aİ-nin anbarları 80 faizlik doldurma hədəfinə çatmaması anlamına gələ bilər. Belə halda Avropa İttifaqı 2023-cü ilin qışında təhlükəli vəziyyətdə qala bilər.
Bununla yanaşı, Kadri Simson əlavə edib ki, Avropa Komissiyası qaza qənaətlə bağlı addımın avqustun əvvəlindən atılmasını və martın sonuna qədər davam etməsini təklif edir.
“WELT”: OLAF ŞOLTS UKRAYNAYA HƏRBİ YARDIMI DAYANDIRIB
Almaniya kansleri Olaf Şolts Ukraynaya hərbi dəstəyi artıracağına dair vədlərə baxmayaraq, ona verilən hərbi yardımı dayandırıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniyanın nüfuzlu “Welt” qəzeti yazıb.
Məlumata əsasən, iyunun 21-də federal hökumət Ukrayna üçün silahların siyahısını dərc edib, lakin o vaxtdan bəri bu siyahı üç dəfə yenilənib və yeni mallar əlavə olunub. Nəşr qeyd edir ki, son üç həftə ərzində Ukrayna Almaniyadan iki tədarük yardım alıb: 42 min quru qida və 102 zirehli maşın.
Bildirilir ki, Ukrayna Almaniyadan sonuncu əhəmiyyətli miqdarda silahı dörd həftə əvvəl alıb. Mayın əvvəlində Kiyevə vəd edilmiş yeddi ədəd özüyeriyən haubitsa iyunun 21-də Ukraynaya göndərilib. Onlar iyunun 28-də yeni döyüş sursatı, daha 5000 dəbilqə, pilotsuz uçuş aparatları və nəqliyyat vasitələri üçün ehtiyat hissələri ilə birlikdə gətirilib.
Qeyd edək ki, Almaniyanın müdafiə naziri Kristin Lambrext etiraf edib ki, Almaniya Silahlı Qüvvələrinin Ukraynaya hərbi yardım göstərmək üçün resursları tükənmək üzrədir.
DÜNYA ÖLKƏLƏRİ MEŞƏ YANĞINLARI İLƏ MÜBARİZƏ APARIR
Dünyanın bir çox ölkələrində hökm sürən isti hava şəraiti səbəbindən baş verən şiddətli meşə yanğınları davam edir. “TRT” telekanalının verdiyi xəbərə görə, bir həftədir isti hava dalğasının təsiri altında olan İspaniya 30 fərqli nöqtədə baş verən meşə yanğınları ilə mübarizə aparır. Bu il ölkədə 70 min hektardan çox ərazi yanıb. Bildirilir ki, bu, son 10 ilin ən böyük göstəricisidir.
Portuqaliyada rekord isti havaya görə başlayan yanğınlar minlərlə hektar meşəlik ərazini külə çevirib. Bu il ölkədə 40 min hektara yaxın ərazi yanıb.
Eyni zamanda, Fransanın Jironda bölgəsi bir həftədir alovlara bürünüb. Davam edən meşə yanğınlarında təxminən 18 min hektar ərazi məhv olub. Bölgədən 31 mindən çox insan köçürülüb.
İtaliyanın şimaldan cənuba müxtəlif bölgələrində baş verən meşə yanğınları gündəlik həyata mənfi təsir edib. İngiltərədə isə ötən gün termometrlər ilk dəfə olaraq 40,2 dərəcə göstərib. Paytaxt Londonun cənubundakı şəhərətrafı ərazilərdə baş verən yanğınlar nəticəsində çoxlu sayda ev yanıb.
Bundan başqa isiti hava səbəbindən Yunanıstanda, Tunisdə, Əlcəzairdə, Mərakeşdə də güclü meşə yanğınları baş verib.
BMT: DÜNYA ACLIQLA ÜZ-ÜZƏDİR
Birləşmiş Millətlər Təşkilatı bütün planetdə aclığın olacağını proqnozlaşdırır. “Sputnik” informasiya agentliyinin məlumatına görə, barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli bəyan edib.
Bildirilir ki, dünya ictimaiyyəti hazırkı ərzaq böhranına məhəl qoymasa, kütləvi aclıq, siyasi sabitlik və nəzarətsiz miqrasiya ilə üzləşmək riski olduqca böyükdür.
“Biz artıq görünməmiş böhranla üz-üzəyik. Onunla strateji və effektiv şəkildə mübarizə aparmasaq, kütləvi qıtlıq, bir çox ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik”, - deyə Devid Bizli vurğulayıb.
Eyni zamanda, BMT-nin nümayəndəsi xəbərdarlıq edib ki, gələn il bu baxımdan indikindən daha da pis ola bilər. O, həmçinin, dünya birliyinin növbəti 6-12 ay ərzində ərzaq qiymətlərinin artması səbəbindən çətinlik çəkəcəyini də ehtimal edib. Onun sözlərinə əsasən, bundan sonra problemi həll etmək mümkün olmasa, dünya ərzaq qıtlığı ilə üzləşə bilər.
TÜRKİYƏDƏ İÇMƏLİ SUDAN ZƏHƏRLƏNƏNLƏRİN SAYI 100-Ə YAXINLAŞIR
Türkiyənin Bolu şəhərinin Yuva kəndində içməli sudan zəhərlənənlərin sayı 98-ə çatıb. “Trend” agentliyinin “TurkicWorld” istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” hesabından məlumat verib.
Nazir bildirib ki, zərərçəkənlərdən 45-i böyük, 53-ü isə uşaqdır. “14-ü reanimasiyada olan 43 xəstənin müalicəsi davam edir. Bu zamana qədər hadisə nəticəsində heç bir can itkisi olmayıb”, - deyə Fahrettin Koca qeyd edib.
Xatırladaq ki, iyul ayının 16-da 36 nəfər zəhərlənmə səbəbi ilə Bolu şəhər xəstəxanasına müraciət edib. Hadisə nəticəsində Yuva kəndindəki su çənlərində aparılan müayinədə zəhərlənmənin sudan olduğu müəyyənləşib.
Eyni zamanda, Bolu meri Erkan Kılıç da açıqlama verərək son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində suyun mikroblarla çirklənmiş ola biləcəyini diqqətə çatıdırıb.
KORONAVİRUSDAN ÖLÜM HALLARI ARTMAQDADIR
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “COVID-19”a yoluxma hallarının getdikcə artdığını qeyd edərək, yaxın həftələrdə dünya ölkələrində koronavirusdan ölüm hallarının daha da artacağı barədə xəbərdarlıq edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.
Baş direktor yeni yoluxma hallarının sayının son altı həftədə demək olar, iki dəfə artdığını vurğulayıb. “COVID-19”dan ölüm hallarının sayı yoluxmaların sayı qədər sürətli olmasa da, artmaqdadır”, - deyə o vurğulayıb.
Eyni zamanda, Qebreyesus bildirib ki, son həftələrdə qeydə alınan yoluxma hallarının artımında “COVID-19”un hansı ştamının təsirli olduğu bilinmir. O əlavə edib ki, bu artımın səbəbi artıq bildiyimiz və ya tamamilə yeni bir variant ola bilər.
“COVID-19”un yeni ştammının əvvəlkilərdən daha təsirli olacağını vurğulayan baş direktor, bütün ölkələr buna hazır olmağa çağırıb.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.