Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi məsələsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq burada erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı planının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində bufer xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq Azərbaycanın İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazilərinə köçürdü.
1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ildə erməni quldurları daha da fəallaşdılar. Onlar Qərbi Azərbaycanın İrəvan şəhərində, Zəngibasarda, Amasiyada Göyçə mahalının Basarkeçər, Çəmbərək rayonlarında, Dərələyəzdə, Zəngəzurda, Vedidə və soydaşlarımız yaşayan digər ərazilərdə qanlı terror hadisələri törətdilər. Neçə-neçə ailə məcburiyyət qarşısında İrana, Türkiyəyə, Gürcüstana və digər ərazilərə köçməli oldu.
1920-ci il noyabrın 29-da Rusiya Zəngəzur, Göyçə, Dərələyəz və Qərbi Azərbaycanın başqa mahallarını zorla haylara verdi. Həmçinin 1929-cu ildə Nüvədi və daha 11 kənd Ermənistana verildi və bununla da, Azərbaycan torpaqlarının hesabına ərazisi 29,8 min kvadratkilometr olan Ermənistan dövləti yaradıldı.
Qərbi Azərbaycanın bir parçası olan Zəngibasar (Masis) rayonu ata-baba yurdumdur. Bu gün erməni tapdağında olan Zəngibasar rayonu ilk dəfə 1937-ci il dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Ərazisi 170 kvadratkilometr olub.
Rayon mərkəzi şəhər tipli Uluxanlı qəsəbəsi olub. Bu bölgədən Bakı-Naxçıvan-İrəvan dəmiryolu xətti keçirdi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 kilometr idi. Zəngi çayının sahillərində azərbaycanlılar həmişə toy-büsatlı günlər keçirərdi.
Zəngibasar mahalı keçmişdə İrəvan quberniyasına daxil olan ən böyük mahallardan biri olmuşdur. Mahal öz adını bu yerləri kəsib keçən Zəngi çayının adından götürmüşdür. Zəngi çayı İrəvan çayının qərbindən keçib, Ağrı vadisindən axaraq Zəngibasar rayonu ərazisində Araz çayına tökülür. Ağrı vadisi boyu çayın hər iki sahilində azərbaycanlı kəndləri yerləşirdi.
Zəngibasar özünün Uluxanlı məktəbi ilə də Azərbaycan tarixində mühüm yer tutur. 1880-ci ildə İrəvanda birinci məktəb açıldıqdan cəmi bir il sonra - 1881-ci ildə Uluxanlıda 24 nəfəri əhatə edən ikisinifli məktəb açılmışdır. Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbə dövlət hər il 1445 manat pul xərcləmişdir. Bu, həmin məktəbdir ki, 1887-ci ildə müəllim Məmməd bəy Lütvəlibəy oğlu Qaziyevin yerinə Cəlil Məmmədquluzadə müəllim təyin edilmişdir. Sonralar kəndin, rayonun adı dəyişdirildikcə bu məktəbin adı da dəyişdirilmiş, Uluxanlı, Zəngibasar, sonra isə Məşədi Əzizbəyov adına məktəb adlandırılmışdır.
Vaxtilə Zəngibasar rayonuna verilmiş kəndlərin 21-də ancaq azərbaycanlılar, 6-da çoxu azərbaycanlılar olmaqla ermənilər qarışıq, 5 kənddə isə ermənilər yaşayırdı.
Bizim ata-baba kəndimiz Sarcalı kəndi ziyalıları ilə məşhur idi.
Zəngibasar ayrı-ayrı illərdə erməni xəyanəti ilə üzləşmiş, soydaşlarımız mərhələ-mərhələ daşnaklar tərəfindən deportasiyaya məruz qalmış, onlar 1948-1953-cü illərdə, ən nəhayət, 1988-ci ildə məcburən doğma yurdlarını tərk edib, ata-baba yurdlarından ayrılmışlar.
Zəngibasarın cəsur, mərd oğulları Birinci Qarabağ savaşında rəşadətli döyüş yolu keçmiş, onların çoxu şəhidlik zirvəsinə yüksəlmişlər. Mən fəxr edirəm ki, erməni şovinistlərinə qarşı ölüm-dirim savaşında atam Koroğlu Rəhimov şücaət göstərmiş, Ağdərə uğrunda gedən döyüşlərdə şəxsi igidliyi ilə fərqlənmiş, sinəsi düşmən