Zəngəzur dəhlizi regionun iqtisadi mənzərəsini dəyişəcək
Siyasət

Zəngəzur dəhlizi regionun iqtisadi mənzərəsini dəyişəcək

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə də bu layihənin əhəmiyyəti vurğulanıb

"Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı səsləndirib.

Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ də Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğunu bildirən dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi və yarımhərbi elementləri tərk-silah edilməlidir. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur.

Müasir dünyada iqtisadi inkişafın əsas komponentlərinin birini də yükdaşımalar üçün nəzərdə tutulan nəqliyyat dəhlizləri təşkil edir. Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə cəlbedici olmaqla yanaşı, həm də dinamik inkişaf edən dövlətdir. Nəqliyyat-tranzit sahəsində Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi bir sıra beynəlxalq layihələr ölkəmizə iqtisadi dividendlər gətirməklə yanaşı, eyni zamanda, siyasi zəmanət də qazandırıb. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini göstərmək olar. Azərbaycanın iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət daşıyan iqtisadi layihələrdəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdikdən sonra yeni bir nəqliyyat dəhlizinin yaranması üçün münbit şərait formalaşıb. Dünya iqtisadiyyatının inkişaf perspektivləri, eləcə də ölkəmizin Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynaması nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılması zamanın zərurətinə çevrilib.

Azərbaycan regionun iqtisadi mənzərəsini dəyişdirəcək Zəngəzur dəhlizinin açılması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Ölkəmizin regional və beynəlxalq hüquqi əlaqələrində mühüm rol oynayan Zəngəzur dəhlizinin, eyni zamanda, iqtisadi və siyasi əhəmiyyəti də böyükdür. Dəhlizin İkinci Qarabağ müharibəsindən sonra əhəmiyyəti daha da artmışdır. Bakı və İrəvan arasında keçirilən bütün görüşlərdə dəhlizin açılması məsələsi qaldırılsa da, Ermənistan tərəfinin destruktiv mövqe sərgiləməsi layihənin icrasını əngəlləyir. İqtisadçıların fikrincə, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistan üçün lazımdır. Lakin İrəvan hakimiyyətinin bunu bildiyi halda, dəhlizin açılmasına mane olması ciddi suallar doğurur. Halbuki, üçtərəfli Bəyanatda Ermənistan ərazisindən istifadə edərək, hər iki tərəfdə keçid nəzərdə tutulur. Bunun biri Ermənistan ərazisindən istifadə etməklə Naxçıvana, digəri isə Türkiyəyə rahat keçiddən ibarətdir.

Yolun açılması əsasən, Naxçıvan ilə quru əlaqəsinin bərpası üçün lazımdır. Həmçinin, qlobal səviyyədə Azərbaycanın logistik imkanlarının genişlənməsi istiqamətində Zəngəzur dəhlizinin açılması vacibdir. Bu, Azərbaycanın Avropa və Yaxın Şərqə yük daşımalarına güclü təkan verəcək. Zəngəzur dəhlizinin açılması prinsipial olaraq ölkəmizə Laçın dəhlizində gələcəkdə addımların atılmasına zəmin yaradacaq. Yəni Zəngəzur dəhlizi açılsa, Azərbaycan Laçın dəhlizini tam funksional istifadə edəcək. Zəngəzur dəhlizinin açılması Azərbaycanın tarixi torpaqları üzərində nəzarətinin güclənməsinə gətirib çıxaracaq. Azərbaycanın sülhə dair şərtlər çərçivəsi də genişdir, Bakı sərhədlərin delimitasiyasından tutmuş, Zəngəzur dəhlizi layihəsi, Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri dönüşünü vahid sülh paketində cəmləşdirməyi hədəfləyir. Qərbi azərbaycanlıların qayıdışı Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyasından sonrakı mərhələdir, lakin nəzəri olaraq paralel xüsusiyyətlərə də malikdir. Qərbi azərbaycanlılar vaxtilə ədalətsiz qərar nəticəsində öz dədə-baba torpaqlarından sürgün ediliblər. Dəhlizin açılmasını mənəvi bərpa istiqamətində atılan addım kimi də qəbul etmək olar. Dövlət başçısının qeyd etdiyi kimi, Zəngəzur dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Layihə Azərbaycan tərəfindən irəli sürüləndə bir sıra siyasi, iqtisadi və strateji istiqamətlər nəzərə alınıb. Bu dəhliz Azərbaycanın cənub-qərb regionlarını əhatə edəcək. Dəhlizin açılması iqtisadi əlaqələrin inkişafına dəstək xarakteri daşıyır.

Zəngəzur dəhlizinin reallaşması türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Mütəxəssislər bildirirlər ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə Xəzər dənizində Azərbaycanla həyata keçiriləcək layihələr, o cümlədən Naxçıvan və Rusiya ilə nəqliyyat, enerji əməkdaşlığı sahəsində Türkiyənin regiondakı strateji mövqeyi yüksələcək. Zəngəzur dəhlizinin əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Şərq-Qərb ticarətinin inkişafına müsbət töhfə verəcək. Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bununla da, Bakı-Tbilisi-Qars dəmir yoluna alternativ olaraq Qars-Dilucu vasitəsilə Naxçıvan ərazisindən dəhlizə çıxış mümkün olacaq. Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisi davam edir, Horadizdən Naxçıvanın Ordubad rayonuna 166 kilometrlik yeni dəmir yolu çəkiləcək. Dəhlizin Ermənistana məxsus 43 kilometrlik hissəsinin tikintisi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq. Zəngəzur dəhlizinin reallaşması, həmçinin türk dünyasının quru nəqliyyatı ilə birləşməsinə imkan yaradacaq. Nəinki Cənubi Qafqaz, bütövlükdə türk dünyası üçün ən vacib layihələrdən biri məhz Zəngəzur dəhlizinin reallaşmasıdır.

Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşması ilə bağlı sistemli fəaliyyətlər həyata keçirir. Azərbaycan ilə Ermənistan arasında dəmiryolu kommunikasiyasının bərpası ilə bağlı ümumi razılığın əldə edilməsi ondan xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşması imkanları kifayət qədər yüksəkdir. Eləcə də Zəngəzur dəhlizinin açılması bölgədə sülhün iqtisadi zəmanəti olacaq. Ölkə Prezidenti İlham Əliyevin səsləndirdiyi bəyanatlardan da aydın olur ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və Ermənistanla sülh müqaviləsinin əsas şərtlərindən biridir. Dəhlizin açılmasından sonra Azərbaycan ərazisindən Böyük İpək Yolunun şaxələnməsi mümkün olacaq. Birinci mərhələ Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmiryolunun açılması idi. İkinci mərhələ isə Zəngəzur dəhlizindən keçərək oradan Naxçıvana, Qarsa, Qars üzərindən Türkiyəyə və Avropaya Şərqdən gələn malları çatdıracaq. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqların intensivləşməsinə baxmayaraq, mövcud hərbi vəziyyət proseslərin hansı istiqamətə gedəcəyini söyləməyə imkan vermir. Belə vəziyyət sülh modeli üçün qeyri-adekvatdır, gələcək hərbi eskalasiya risklərini artırır, hərçənd, danışıqlar üçün diplomatik proseslərin canlandırılması prosesi arxa planda deyil. Azərbaycanın hərbi-siyasi, diplomatik, strateji üstünlüklərinin açıq-aşkar reallığı ona həm sülh danışıqlarında, həm də mümkün eskalasiya variantlarında nailiyyətlər qazandırır - buraya ərazi uğurları da daxildir.

Onu da qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Avropa İttifaqının da marağındadır. Çünki dünya nizamında baş verən dalğalanmalar yeni əməkdaşlıq marşrutlarının meydana çıxmasını zəruri edib. Belə ki, son illər Orta Dəhliz vasitəsilə daşımalar əhəmiyyətli dərəcədə artıb. Amma mövcud marşrutun ötürücülük gücü bu günün potensialını əhatə etməyə imkan vermir. Ona görə də Zəngəzur dəhlizi mütləq şəkildə açılmalı, Asiyadan Avropaya və əks istiqamətə daşınacaq yüklərin müəyyən qismi, o cümlədən enerji marşrutlarının bir hissəsi buradan keçməlidir. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilib, ölkəmiz məqsədlərinə danışıqlar yolu ilə çatacağına inanır. Aİ və digər təşəbbüsçü tərəflər də Ermənistana imzaladığı və razılaşdığı məsələləri icra etməsi üçün təzyiq göstərməlidir.

Mustafa KAMAL,

"Respublika".