Əzəli torpaqlarımıza əbədi qayıtmışıq
Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş Laçında yaşayış üçün həyat əhəmiyyətli infrastruktur bərpa olunur. Birinci mərhələdə Laçında dörd minə yaxın insan məskunlaşacaq. Bunun üçün bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurlar ilə eyni səviyyədə olsun. Prezident İlham Əliyev bölgəyə növbəti səfəri çərçivəsində Laçın rayonunda yaşayış məntəqələrinin yenidən qurulması, infrastruktur və aqrar-sənaye layihələrinin icrası ilə tanış olub, təməlqoyma və açılış mərasimlərində iştirak edib. Hər bir vədini zamanında reallığa çevirən ölkə başçısı Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb və onlara evlərin açarlarını təqdim edib.
Laçında öz yurd-yuvasına qayıdan ailələrlə görüşən dövlət başçısı bununla bir daha istər Ermənistanda revanş istəyi ilə alışıb-yanan, istərsə də radikal erməni separatçılarına hamilik edənlərə növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan dövləti üçün onun ərazi bütövlüyü, təhlükəsizliyi və vətəndaşlarının öz doğma yurd-yuvasında azad, firavan yaşaması prioritet məsələdir və Azərbaycanı heç bir qüvvə bu yoldan döndərə bilməz. Laçına qayıdan soydaşlarımızla söhbətində Azərbaycan Prezidenti çox önəmli mesajlar verdi. İşğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edən dövlət başçısı bildirdi ki, delimitasiya, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır. Qarabağda hələ də kök salmış Ermənistan ordusunun tör-töküntüləri oradan çıxarılmalıdır. Müzəffər Ali Baş Komandanın "Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz də görürük o kəndləri, yəni, onu da unutmasınlar" çağırışı qarşı tərəfi ciddi düşündürməlidir. Rusiyanın paytaxtı Moskva şəhərində Vladimir Putinin təşkilatçılğı ilə Nikol Paşinyanla qısa danışıqlardan sonra dövlət başçımızın verdiyi açıqlamalar zaman baxımından da son dərəcə əhəmiyyətlidir.
Prezident bildirdi ki, onun göndərdiyi rəsmi nümayəndələr Xankəndidəki erməni icmasını iki dəfə Bakıya dəvət edib və Azərbaycan paytaxtında danışıqlara hazır olduğunu nəzərə çatdırıb. Dövlət başçısının sözlərindən belə məlum olur ki, Xankəndidəki xunta liderləri bu dəvəti qəbul etməyib. Nəticədə Azərbaycan üçüncü dəfə çağırış etmək niyyətində deyil. Ölkə başçısının Laçından bir qrup separatçıya mesajı xüsusi siyasi əhəmiyyət daşıyırdı və separatçılar bundan mütləq şəkildə nəticə çıxarmalıdır. Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağı qaldırılıb. Artıq Azərbaycan Ermənistanla sərhəddə - Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurduqdan sonra ümumiyyətlə, Xankəndidə oturan separatçıların hər hansı gələcəyi yoxdur və onlar konkret olaraq de-fakto Azərbaycanın tam nəzarəti altındadır. Ali Baş Komandanın Laçından Xankəndidəki separatçılara göndərdiyi mesajda mühüm bir məqam var: "İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq". Bununla Prezident Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə nəzarətin "son addımlığında" olduğumuzu elan edir.
Prezident İlham Əliyevin müdrik siyasəti, ağıllı manevrləri, düzgün strategiyası və nəhayət dönməz qətiyyəti nəticəsində bir güllə atılmadan Kəlbəcər, Laçın, Ağdam rayonları Ermənistandan geri alındı. Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun xilaskarı, eyni zamanda işğaldan azad edilən ərazilərimizə həyatı qaytaran, orada yaşayışı təmin edən lider kimi də təqdir edilir. Azərbaycan Prezidentinin bu uğurlu fəaliyyətini dünyanın müxtəlif ölkələrinin dövlət başçıları, nüfuzlu siyasət adamları xüsusilə etiraf edirlər.
Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gücünü və bu bölgənin qısa zamanda bərpa