Zəfər seçkiləri ölkəmizin tərəqqisini sürətləndirəcək
Region

Zəfər seçkiləri ölkəmizin tərəqqisini sürətləndirəcək

Milli Qəhrəman, şəhid Natiq Məmmədovun valideynlərini ziyarət etmək üçün igidimizin doğulub boya-başa çatdığı Zaqatala rayonunun Dağlı kəndinə getdim. İlk dəfə kənddə olmağıma baxmayaraq, qəhrəmanımızın yurdunu son dərəcə rahatlıqla tapdım. Çünki uşaqdan-böyüyə qədər hər kəs onun igidliyi haqqında yetərincə məlumata malik olmaqla bundan qürur duyur. Bizi mehribanlıqla qarşılayan atası Bəşir kişi və anası Səfiyyə xanımla xeyli söhbət etdik. Xalqımızın və dövlətçiliyimizin ən ağır məqamlarında şücaəti ilə seçilən bir Milli Qəhrəman böyüdərək qəhrəmanlıq tariximizi zənginləşdirən valideynlərin hər kəlməsi müasir tariximizin igidliyindən xəbər verirdi. Bu səbəbdən də çay süfrəsi arxasında söhbətimiz saatlarla davam etdi.

Şəhid Natiq Məmmədovun qəhrəmanlığını vətənə və xalqa yüksək bağlılıq nümunəsi kimi dəyərləndirən Bəşir kişi bildirdi ki, həyat yoldaşım Səfiyyə xanımla uşaqlarımızı vətənpərvər böyütmüşük. Natiq hələ kiçik yaşlarından qəhrəmanlıq göstərməyə çalışırdı. Bu mənada biz özümüzü xoşbəxt hesab edirik. Çünki valideyn o vaxt xoşbəxt olur ki, övladları onun arzularını doğrultsun.

Həmin günlər indiki kimi yadımdadır. 1994-cü il oktyabrın 5-də Bakıda Azadlıq meydanında keçirilən mitinqdə Ümummilli Liderimiz Heydər Əliyev çıxış edərək dövlət çevrilişi törədən qüvvələrin zərərsizləşdirilməsi zamanı xüsusi xidmət göstərən əsgərlərin rəşadətini yüksək qiymətləndirdi. Həmin vaxt rəşadəti ilə seçilən Natiqin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü Ulu Öndərimizin dilindən eşitmək bizim üçün qürurverici oldu.

Söhbətə qoşulan Səfiyyə xanım qeyd etdi ki, xalqımız tərəfindən Natiqin əvəzsiz xidmətləri daim yüksək tutulur. O vaxtdan başlayaraq evimiz qəhrəman yurduna çevrilib. Bütün görüşlərdə Ulu Öndərin müdrik siyasətinə uyğun olaraq bir şəhid ailəsi kimi ölkəmizin tərəqqisi və xalqımızın rifahının durmadan yaxşılaşması üçün həyata keçirilən çoxsaylı Dövlət proqramlarının nəticələrini yüksək qiymətləndiririk.

Yaxşı yadımdadı, 1996-cı ildə Prezident Heydər Əliyevlə görüş üçün atasını Bakıya dəvət etmişdilər. Bundan xeyli sevindik, axı ucqar bir rayonun kəndində yaşayan zəhmətkeş ailə başçısı üçün bundan böyük xoşbəxtlik nə ola bilərdi. Çünki ailə tərbiyəmizin bəhrəsini görürdük.

Söhbəti Bəşir kişi davam etdirərək dedi ki, ölkəmizdə şəhid ailələrinin böyük dayağı olan Ulu Öndərin bizlər üçün nələr etdiyinin canlı şahidiyəm. Şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına heç bir ölkədə belə yüksək səviyyədə qayğı göstərilmir. Evlər verilir, sosial problemlər həll edilir, şəhidlərin adları əbədiləşdirilir, yaralıların sağlamlığı üçün hərtərəfli köməklik göstərilir. Bir sözlə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti bəhrəsini verir.

Bu işdə Heydər Əliyev Fondunun gördüyü işləri də vurğulamaq lazımdır. Fondun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi sayəsində fond tərəfindən şəhid ailələrinə, yaralı əsgərlərimizə hərtərəfli köməklik göstərilir.

Təqdirəlayiq haldır ki, şəhid ailələri ilə keçirilən mütəmadi görüşlər və qayğılarımızın həlli istiqamətində görülən işlər bizə mənəvi güc verir. Respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da dövlət siyasəti uğurla həyata keçirilir. Şəhid ailəsi olaraq iştirak etdiyim bütün görüşlərdə dövlətimizin qayğısını konkret faktlarla yüksək qiymətləndirirəm.

Söhbətimizin sonunda Milli Qəhrəmanımızın valideynləri bildirdilər ki, 23 saat ərzində davam edən lokal antiterror tədbirləri nəticəsində erməni separatçılarının kökü birdəfəlik məhv edildi. Xalqımızın hər bir vətəndaşı respublikamızın bu günü ilə fəxr etməli və gələcək inkişafı naminə sıx birlik nümayiş etdirməlidir. İnanırıq ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində xalqımız müdrik seçimini bir daha nümayiş etdirəcək. Çünki Zəfər seçkiləri gələcək inkişafımızı sürətləndirməklə ölkəmizin dünya birliyində rolunu xeyli artıracaq.

M.QULUYEV,

"Respublika".