3 il əvvəl bu qəsəbə öz azadlığına qovuşdu
"Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görərkən başa düşə bilər ki, bu, nə qədər böyük, çətin və şərəfli missiya idi". Bu fikirləri 2021-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində işğaldan azad olunmuş Hadrutda yeni salınan hərbi hissənin açılışı zamanı bildirib.
Müharibənin isti günləri... Zəfərə gedən yolun 13-cü şanlı günü. Ordumuz əhəmiyyətli mövqelərdən biri olan, Şuşanın açarı hesab edilən cənnətməkan Hadrutu düşmən işğalından azad etmişdir. Hadrutun azad edilməsi müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən - Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdilər.
Hadrut qələbəsi media savaşında da ölkəmizə əlavə üstünlük verdi. Belə ki, separatçıların o dövrdə yalanlarının ardı-arası kəsilmirdi. Gəncəyə raket atılması ilə psixoloji müharibədə üstünlük qazanmaq istəyən ermənilər üçün "müqavimət"in iki simvolu var idi - Hadrutun girişindəki yazı və məşhur "Hadrut qayası". Hansı ki, müxtəlif KİV-lər və müharibə dövründə separatçıların ən böyük media təbliğatçısı olan Semyon Peqov və onun məşhur "Wargonzo" kanalı vasitəsilə Hadrutun Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən sonra buranın hələ də onlarda qalması ilə bağlı əsassız xəbərlər paylaşılır və köhnə fotolardan və videolardan istifadə olunurdu. Təbii ki, bu məlumatlar Hadrutun nə qədər mühüm mövqe olduğunu bir daha sübut edirdi...
"İki çay arası" mənasını verən gözəl diyar Hadrutun bəzi qaynaqlarda adı "Ağoğlan" olaraq da bildirilir. Payızda bahara qovuşan Hadrut ötən əsrdə bir çox tarixi proseslərə məruz qalmışdır. 1923-cü ildə kənd olan Hadrut Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə verilmişdir, 1930-cu ildə isə yeni yaradılmış Dizaq rayonunun inzibati mərkəzi seçilmişdir. 1939-cu ildə rayon öz mərkəzinin adına uyğun olaraq Hadrut rayonu adlandırılmışdır. 1963-cü ildə Hadruta şəhər tipli qəsəbə statusu verilmişdir. Hadrut qəsəbəsi strateji baxımdan olduqca vacib nöqtədə yerləşir.
Hadrutun dörd bir yanı hündür dağlarla əhatə olunub. Bundan başqa, qəsəbə bir tərəfdən Şuşa, Xankəndi, bir tərəfdən də Xocavənd və Laçın şəhərləri ilə sərhəddə yerləşir. Təbii ki, Silahlı Qüvvələrimiz bu qəsəbəni nəzarətə götürməklə zəfərə, yəni Şuşaya gedən yolu da açmış oldu. Hələ Sovet İttifaqı dövründə strateji yer kimi Hadrutda mərkəzləşdirilmiş rayon formalaşdırılmışdı. Qəsəbə dağlıq ərazidə yerləşdiyindən İranın SSRİ-yə hücum ehtimalına qarşı əsas müdafiə istehkamları burada qurulmuşdu. Hər hansı mümkün qarşıdurma zamanı Sovet ordusu Araz çayı boyunca əraziləri qoruya bilmək üçün Hadrutun təbii yüksəkliklərindən istifadə etməli idi. Uzun illər keçəndən sonra Vətən müharibəsində məlum oldu ki, Ermənistan silahlı qüvvələri də işini eyni plan üzrə qurub. Buna görə də çox güman hələ Birinci Qarabağ müharibəsindən əvvəl də ermənilərin ilk planlarından biri xəritədə Hadrut üzərində cızılıb. 1992-ci ildə Hadrut rayonu ləğv olunaraq Xocavənd rayonunun tərkibinə daxil edilmiş və 2 oktyabr 1992-ci ildə separatçı erməni qoşunları tərəfindən işğal olunmuşdur.
Hadrut hər iki tərəf üçün müharibənin həlledici nöqtəsi idi. Azərbaycan Ordusu öz gücünü düşmənə göstərdi və Hadrutu aid olduğu yerə qaytardı. Bu zəfərlə birlikdə Silahlı Qüvvələrimizin Şuşaya yolu açıldı və Zəfərimizin sütunları bir qədər də gücləndirildi. Ermənistan tərəfi isə Hadrutun itirilməsini bir müddət həzm edə bilmədi və yalan məlumatlarla öz xülyalarında belə olsa Hadrutu bir müddət özlərində saxlaya bildilər. Lakin bir müddət sonra bütün gerçəklər üzə çıxdı. Ermənistanın avantürası ifşa olundu. Hadrutda məşhur bir qaya var idi. "Müqavimət" simvolu hesab olunurdu və separatçıların əski parçalarının rənginə boyanmışdı. "Wargonzo" kanalı bu qayanı hər dəfə paylaşaraq əsgərlərin "cəsarət və hünərlə" döyüşdüyünü göstərirdi. Bəli, həqiqətən də separatçılar Hadrut uğrunda döyüşdülər, amma kişi kimi döyüşmədilər. Uzaq məsafədən hər növ hiylə planlarla Azərbaycan Ordusuna itki verdirmək istəyən separatçılar yaxınlaşan təhlükənin fərqinə vardıqları zaman hər şeyi qoyub qaçdılar. Bunu müharibədən sonra çəkilişlər zamanı da aydın gördük.
Müharibədən sonra Hadrut sürətlə cənnətməkana çevrildi. Böyük Qayıdış planına "Ağoğlan"ın da bərpa-quruculuq işləri daxil edildi. 2021-ci il martın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına səfəri zamanı Şükürbəyli-Cəbrayıl-Hadrut yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verildi. Bu il mayın 5-də Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun açılışında iştirak edib. Elə həmin gün Hadrutda "Hadrut" qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Bu yarımstansiyanın təməli də 2021-ci il oktyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub. "Şükürbəyli", "Hadrut" və "Şuşa" yarımstansiyaları arasında yaradılan 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olan 35/0,4 kV-luq 2x1600 kVA gücündə yeni "Hadrut" qovşaq yarımstansiyası Hadrut qəsəbəsində qurulacaq müxtəlif təyinatlı infrastrukturun elektrik enerjisinə tələbatını ödəməsi üçün hesablanıb. Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış planının mühüm təməllərindən biri olan Hadruta gələn il köçün reallaşdırılması mümkün olacaq. Bu ilin sonuna kimi yaşayış məhəllələrinin yekunlaşdırılması planlaşdırılır. Buna müvafiq olaraq gələn ilin mart ayında Hadruta ilk köç axınlarının baş tutacağı bildirilib.
Bütün bunlar dövlətimizin işğaldan azad olunan digər bölgələr kimi, Hadruta böyük önəm verdiyini göstərir. Bu ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçıların Qarabağdan çıxarılması Hadrut qəsəbəsində də təhlükəsiz yaşayışı təmin etdi. Bu gün nə xoş ki, Hadrutun payızı əsl yaza çevrilib. Ana vətənin hər qarış torpağı üçün tökülən qanlar, şəhid olan mərd oğullar, mübarizə simvolu igidlərimiz bu cənnətməkanı bizə bəxş etdi. Güman ki, bundan sonra da Ağoğlan Azərbaycanın ən böyük mübarizə simvollarından birinə çevriləcək...
Tacir SADIQOV,
"Respublika".