Doğmalarını həsrətlə gözləyən məmləkətim - Qərbi Azərbaycan
Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə qeyd olunub ki, Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Gün gələcək soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.
“Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq… Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük". Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. Ölkə başçısı qeyd edib ki, bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır. Odur ki, bu istiqamətdə hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Beynəlxalq hüquqşünaslar cəlb edilməlidir. Onlar bu qayıdış istəyini və hüququnu beynəlxalq müstəvidə reallaşdırmağın yolunu bizə göstərəcəklər.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, xəritələr, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib, dağıdıb, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix, sənədlər, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi, izlərinin silinməsi Ermənistan SSR-in dövlət siyasəti olub və müstəqillik dövründə Ermənistan rəhbərliyi bu siyasəti daha qəddar şəkildə icra edib.
Ölkə Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşün gedişində hər zaman olduğu kimi, son dərəcə vacib məsələlərə toxunmuş, Azərbaycan xalqının bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqlarının təmin edilməsi istiqamətində atılmalı olan zəruri addımlar barədə fikirlərini açıq və qəti şəkildə ifadə etmişdir. Dövlət başçımızın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması ideyası mahiyyət etibarilə bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir və bu ideya tezliklə həyata keçirilməlidir.
Qarşıda duran vəzifələr barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli qeyd edib ki, bu, ümummilli məsələdir, Azərbaycanın tarixi torpaqlarında tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik. Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız min illər boyu bu ərazidə yaşayıblar. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur, xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və onları bu işə səfərbər edəcəyik. Qərbi Azərbaycanla bağlı xalqımıza məxsus bütün dəyərlər öyrəniləcək. Həmin dəyərlərə sahib çıxmağı bacarmalıyıq və bacaracağıq. İndiyə qədər bu işlər xeyli dərəcədə sistemsiz şəkildə aparılıb, lakin bundan sonra sistemləşdiriləcək. Biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur, insanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz. O ki qaldı icmanın bu yolda hansı işləri görəcəyinə, təbii ki, bu yolda mümkün olan hər şey ediləcək.
Xalqımız əmindir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçiriləcək ikinci Böyük Qayıdış Proqramı olacaq. Qeyd edək ki, bu istiqamətdə konkret addımlar atılmaqdadır. Belə ki, Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızla bağlı siyahıyaalma prosesi başlayıb. Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar mətbuata açıqlamasında qeyd edib ki, ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır. Bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır. Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var.
Tarixi xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci illər) yaxın vaxtda baş verdiyindən işin daha sürətli getməsi üçün prosesə həmin dövrdən başlanıb. Belə ki, həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir. Digər deportasiyalar (1905, 1918-1920, 1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan azərbaycanlılar da qeydiyyata alınır. Tariximizin qara səhifələrini heç vaxt unutmamalıyıq. Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği, xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq və respublika səviyyəli konfrans, simpozium və seminarların keçirilməsi nəzərdə tutulur. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb.
Azərbaycanın tarixi torpaqlarında ermənilərin xarici havadarlarının köməyi ilə yaratdıqları Ermənistan bu gün Avrasiya məkanında mövcud olan yeganə monoetnik dövlətdir. Bu da tarixən həmin torpaqlarda yaşamış azərbaycanlıların öz dədə-baba yurdlarından zorla deportasiya olunmalarından sonra baş vermişdir. Lakin Azərbaycan iki il bundan öncə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Bu gün isə artıq həmin reallıqların verdiyi imkanlardan yararlanmağın və tarixi ədalətin Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqlarında da bərpa edilməsinə nail olmağın zamanıdır. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış xalqımızın önəmli nümayəndələridir. Onların hüquqları bərpa edilməli və öz doğma torpaqlarına qayıtmalıdırlar.
Mustafa KAMAL,
"Respublika".