Bülbül! O, Azərbaycan mədəniyyətinin görkəmli simalarındandır. Onun məlahətli səs tembri, qeyri-adi, yumşaq oxu tərzi xalq arasında sevildiyi üçün tez bir zamanda şöhrətin zirvəsinə ucala bilib. Elə Bülbül adını da xalq ona bu mənada verib. Murtuza Məmmədovun sənət fəaliyyətinə nəzər salanda, yaradıcılığının çoxşaxəli, səs imkanlarının nə qədər geniş olduğunu görürük. O, opera müğənnisi, təsniflərin mahir ifaçısı, musiqi folkloru tədqiqatçısı, professional vokal sənətinin banisi, SSRİ Xalq artisti və Stalin mükafatı laureatıdır. Bülbül haqqında bu təqdimatı çox uzatmaq olar. Lakin oxucuya sadəcə Bülbül adı kifayət edir. O, qeyri-adi ifa tərzi, musiqiyə etdiyi professional gedişlər, muğam ifaları ilə xalq sevgisini qazanmışdır. El məclislərində, toylarda Bülbülün ifasını heyranlıqla dinləyənlər onu musiqinin Bülbülü adlandırmışlar.
Sözsüz ki, Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası olan Şuşada böyüyüb, o yerlərin havasını udub, suyunu içən insan məhz Bülbül kimi də oxumalı idi. Balaca Murtuzanın da qanına, canına hopmuş musiqi özünü belə büruzə vermişdi. Muğamları, xalq musiqilərini dərindən bilən, bütün incəliklərinə bələd olan şuşalılar tərəfindən sevilib, seçilmək elə də asan deyil. Lakin balaca Murtuza bunu bacardı. Muğamlara, xalq mahnılarına yeni nəfəs verən balaca Bülbül özünü musiqi dünyasına təqdim edə, sevdirə bildi. İlk imtahanını Şuşada layiqincə verən Murtuza öz istedadı ilə əvvəlcə Qarabağın, sonra isə bütün dünyanın Bülbülü oldu.
Murtuza Məmmədov 1897-ci il iyun ayının 22-də Şuşa yaxınlığında, Xanbağı adlanan Xankəndinin cənub ərazisində dünyaya gəlib. Bülbül ilk təhsilini 1907-ci ildə Şuşa mollaxanasında almışdır. 1909-cu ildə isə Gəncəyə köçmüş və Bülbülün yaradıcılıq uğurları buradan başlamışdır.
Səhnə fəaliyyətinə 1916-cı ildən başlayan Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çıxış edir. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Bülbül həmin ali məktəbdə vokal üzrə ilk azərbaycanlı tələbə olur. İlk dəfə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Sina, "Əsli və Kərəm"də Kərəm, Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Qəribi oynamışdır. Konservatoriyanı 1927-ci ildə bitirən Bülbül musiqi təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gedir. Milanda təhsilini başa vurduqdan sonra 1931-ci ildə Vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır. Onun təşəbbüsü ilə 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılır.
Bülbül yaradıcılığı olduqca genişdir. "Koroğlu" operasında oynadığı Koroğlu rolu onun yaradıcılığının zirvəsi hesab edilir. 1938-ci il aprelin 5-də Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü də "Koroğlu" operası ilə açılıb. Bülbülün Azərbaycan mədəniyyətində, musiqisində xidmətləri böyükdür. Adı Azərbaycan musiqi tarixinə həm də simfonik muğamların yaradılmasının təşəbbüskarı və iştirakçısı kimi yazılıb. Böyük bəstəkar Fikrət Əmirovun "Şur", "Kürd-ovşarı" simfonik muğamları məhz Bülbülün təşəbbüsü ilə yaranıb. O, operalardakı rolları ilə yanaşı, romansların, xalq mahnılarının və təsniflərin də mahir ifaçısı olub. "Sənsiz", "Sevgili canan", "Ölkəm", "Süsən sünbül", "Xumar oldum" və digər mahnı və romanslar məhz Bülbülün ifasında əbədilik qazanmışdır.
1937-ci ildə Bülbülün təşəbbüsü ilə Moskvada Ümumittifaq vokal konfransı keçirilmişdir. Onun konfransdakı geniş çıxışı bütün musiqi ictimaiyyətinin marağına səbəb olmuşdur. Bülbül həm də folklor və aşıq yaradıcılığının bilicisi, araşdırmaçısı olub. 1938-1961-ci illərdə keçirilmiş Aşıqlar Qurultayının təşəbbüskarı olub. O, həm də Azərbaycanda not nəşriyyatının təşkilatçısıdır. Bülbülün istedadlı gənclərin üzə çıxarılmasında da xidmətləri böyükdür