Daşnaklar "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq iddialarından heç bir vaxt əl çəkməmiş, zaman-zaman Qərbi Azərbaycanda terror hadisələri törətmişlər. Beynəlxalq hüquq qaydalarının pozulması və terror əməlləri Ermənistanda rəsmi dövlət səviyyəsində həyata keçirilmişdir. Bədnam qonşularımız, faşist xislətli ermənilər 1905-1906, 1918-1920-ci illərdə Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı amansız cinayət hadisələri törətmiş, İrəvanda, Vedibasarda, Göyçədə, Amasiyada, Zəngəzurda, Dərələyəzdə və digər ərazilərdə azərbaycanlılar analoqu olmayan vəhşiliklərə məruz qalmış, günahsız insanlar qəddarlıqla qətlə yetirilmiş və məcburən ata-baba torpaqlarını tərk etmişlər.
1918-ci ildə müsəlmanların düçar olduqları hadisələri, erməni terrorunu əks etdirən sənədlər toplusu nəşr olunmuşdur. Lakin kitabın bütün tirajı ermənilər tərəfindən satışdan çıxarılmış və kitabxanalardan yığışdırılmışdır. Osmanlı baş qərargahında məsul vəzifə sahibi olan İsmət bəy 1919-cu ilin fevralında İstanbula gələn Kazım Qara Bəkir paşanın tövsiyəsi ilə kitabı ikinci dəfə nəşr etdirmişdir. Həmin il kitab fransızcaya tərcümə edilərək nəşr olunmuşdur.
İrəvan tarixən azərbaycanlıların yaşayış mərkəzi olub. Bu diyarda erməni vandalları heç vaxt öz mənfur niyyətlərini reallaşdıra bilməyiblər. 1918-ci ildə İrəvan şəhəri Ermənistanın paytaxtı elan edilib. Ona qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Dünya güclərinin Qərbi Azərbaycanda yaşayan ermənilərə köməklik etməsinə baxmayaraq, heç də onlar ruslara ürək dostu olmamışlar. Bir də ki, erməni daşnakları həmişə dünya xalqlarını aldatmışlar ki, biz xristian olduğumuza görə türklər bizi qırırlar.
1918-1920-ci illərdə erməni vandalları Qərbi Azərbaycanda dinc əhaliyə qarşı amansız divan tutmuşlar. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən daşnaklar 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan edilməsinə nail oldular. Sonrakı dövrdə bu ərazidəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Qərbi azərbaycanlılar doğma yurdlarını tərk edərək Türkiyəyə, İrana, həmçinin Azərbaycanın ayrı-ayrı rayonlarına üz tutdular. Kəndlər dağıdıldı, insanların var-dövləti ermənilər tərəfindən ələ keçirildi.
1948-1953-cü illərdə Moskvadakı ermənipərəst qüvvələrin dəstəyi ilə daşnaklar Qərbi Azərbaycandakı soydaşlarımızın öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını həyata keçirdilər.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə XX əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışdılar. Eyni zamanda, dünya azərbaycanlılarının mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi.
1948-1953-cü illərdə azərbaycanlılar İrəvan şəhəri və Ermənistan SSR-in digər bölgələrindən təqiblərə məruz qalaraq kütləvi surətdə qovuldular. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozuldu, onlara qarşı repressiyalar həyata keçirildi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirildi.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaratdı. Xalqımıza qarşı aparılan soyqırımı siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı.
1988-ci ildən ortaya atılan qondarma Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə Qərbi azərbaycanlı öz tarixi torpaqlarından qovuldu. Son deportasiyadan sonra Qərbi Azərbaycanda bir nəfər olsun soydaşımız qalmadı, erməni şovinistləri əzəli torpaqlarımıza yiyələndi.
Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar Vətən, yurd həsrəti ilə yaşayırlar. Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində 30 il düşmən tapdağında qalan ərazilərimizi işğaldan azad etdi. Şuşanın geri qaytarılması Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.
24 dekabr 2022-ci ildə Qərbi azərbaycanlıların Prezident İlham Əliyevlə görüşü oldu. Ölkə başçısı vurğuladı ki, indi əsas hədəf Qərbi Azərbaycana qayıdışın reallaşmasıdır.
Valideynlərimin Qərbi Azərbaycan haqqında xatirələrini çox dinləmişəm. Arzum budur ki, ulu Tanrı bizi qəribsəmiş yurd yerlərimizə qaytarsın.
Aytən QASIMOVA,
Gəncə Dövlət Universitetinin magistri.