"...Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik. Əlbəttə, bir daha demək istəyirəm ki, bu layihənin həyata keçirilməsi ancaq Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri hesabına mümkün olmuşdur. Biz heç bir yerdən heç bir yardım, heç bir kredit almadıq, öz daxili imkanlarımız hesabına bu yolu tikdik və bu gün istifadəyə veririk".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsidir. Dəmiryolunun açılması ilə layihə boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artıb. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşib. Bu gün BTQ sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Dəmiryolunun uğurlu fəaliyyəti Azərbaycan, Gürcüstan və Türkiyənin geosiyasi əhəmiyyətini artırır və əlavə imkanlar yaradır. Bəzi xarici dairələr hesab edirdilər ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti kifayət etməyəcək. Ancaq Azərbaycan, Türkiyə və Gürcüstan sübut etdi ki, güclü dəstək və inam olan yerdə bütün işləri görmək mümkündür. BTQ dəmiryolunun fəaliyyəti bunun əyani sübutudur.
Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi 2017-ci ildə istismara verilsə də, layihənin tam gücü ilə işə salınması bu illər ərzində mümkün olmayıb. Bəzi ekspertlər bunu Gürcüstan tərəfindən mövcud olan texniki məsələlərlə əlaqələndirirlər. Amma problemdən asılı olmayaraq, Qərb Rusiya-Ukrayna müharibəsi fonunda alternativ yollar axtarışındadır və Orta Dəhlizə xüsusi maraq nəzərləri BTQ dəmiryoluna yönəldib. Orta Dəhliz üzərindəki infrastruktur obyektlərindən olan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin artıq genişləndirilməsinə start verilib. Azərbaycanın maliyyə dəstəyi və təşəbbüsü ilə başlanılan layihə çərçivəsində Orta Dəhliz üzərindəki Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yükdaşıma potensialının 5 milyon tona çatdırılacağı bildirilir. Layihənin ümumi dəyərinin isə təxminən 100 milyon dollar təşkil etdiyi açıqlanıb. Layihənin tamamlanması onun təşəbbüskarı olan Azərbaycan üçün xüsusi önəm daşıyır. Bu il may ayının 2-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfər edərək dəmiryolu xətti üzərində yerləşən stansiyalarla və layihənin gedişatı ilə tanış olub. Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib ki, Gürcüstan da Azərbaycan kimi layihənin tezliklə təhvil verilməsini istəyir. Gürcüstanlı ekspertlərin fikrincə, Bakı-Tbilisi-Qars layihəsi Avropa ölkələrinin dəmiryolu sisteminə inteqrasiya üçün böyük perspektiv vəd edir. Buna görə də, mövcud çətinliklər aradan qaldırılmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə danışıb. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmiryolunun Azərbaycan tərəfindən müasirləşdirildiyini bildirən ölkə başçısı gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edib.
Bu xətt, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsinə, ölkəmizin qardaş dövlətin ən ağrılı-acılı dönəmində yanında olmasına töhfə verib. Belə ki, bu il fevralın 7-də Kahramanmaraş və digər 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərərçəkmiş insanlara Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə yardım göndərilib. Bütün bunlar isə özlüyündə bir millət-iki dövlət tezisinin, sarsılmaz birlik və qardaşlığın göstəricisidir. BTQ dəmiryolu xətti Azərbaycanın beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrildiyinin əyani sübutudur. Bakı-Tbilisi-Qars dəmiryolu yük və sərnişinlərin Avropa və Asiyaya çatdırılmasına, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına xidmət etməklə yanaşı, ölkəmizin və region dövlətlərinin xarici iqtisadi əlaqələrinin səmərəliliyini də yüksəldir. Beləliklə, bu dəmiryolu Avropa və Asiya ölkələri arasında yüklərin daşınmasında əvəzsiz rol oynamaqla bərabər, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artırır.
Qətiyyətlə demək olar ki, regionun iqtisadi inkişafına xidmət edən Bakı-Tbilisi-Qars xalqlar arasındakı bağları gücləndirməklə, ölkələrin rifahı və sabitliyi üçün möhkəm təməllər yaradıb. BTQ dəmiryolu regionda sabitliyə, iqtisadi inkişafa ən böyük töhfədir.
Tacir SADIQOV,
"Respublika".