Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına səfəri davam edir
Siyasət

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına səfəri davam edir

Vyetnam Milli Assambleyasında

Səfər çərçivəsində noyabrın 21-də YAP nümayəndə heyəti Vyetnam xalqının öndəri Ho Şi Minin məqbərəsini və vaxtilə yaşadığı evini ziyarət edib.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, sonra YAP nümayəndə heyətinin Vyetnam Milli Assambleyasının Xarici əlaqələr komitəsinin sədr müavini Do Man Tien ilə görüşü olub.

Vyetnam Milli Assambleyasının Xarici əlaqələr komitəsi sədrinin müavini Do Man Tien Azərbaycan ilə Vyetnam arasında münasibətlərin çoxşaxəli və səmərəli olduğunu söyləyib. Parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışan Do Man Tien ölkəsinin Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

Do Man Tien Azərbaycan ilə Vyetnam arasında qlobal arenada, xüsusilə də beynəlxalq təşkilatlar çərçivəsində işbirliyinin hər iki ölkənin maraqlarının qorunması baxımından vacib olduğunu bildirib. Azərbaycanın dinamik inkişafının dost xalq olaraq vyetnamlıları da sevindirdiyini deyən Do Man Tien yeni çağırışlar fonunda iki ölkə arasında işbirliyinin dərinləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Vyetnamın qarşılıqlı faydalı işbirliyinə xüsusi əhəmiyyət verdiklərini qeyd edərək ölkələrimiz arasında fəal siyasi dialoqun və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Tahir Budaqov inkişaf yolunda əmin addımlarla irəliləyən hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbə qazanaraq yeni reallıqlar yaratdığını söyləyən YAP Mərkəzi Aparatının rəhbəri hazırda regionda mövcud olan vəziyyət və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

Tahir Budaqov siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli rola malik olduğunu vurğulayaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası (VKP) arasında əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Partiyaların həm ikitərəfli formatda, həm də beynəlxalq platformalar çərçivəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirən Tahir Budaqov rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində YAP ilə VKP arasında Əməkdaşlıq Sazişinin imzalanmasının tarixi əhəmiyyətə malik olduğunu, partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib: "Səfər çərçivəsində istər Azərbaycan-Vyetnam münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi apardıq. Birlikdə görəcəyimiz işlər həm partiyalar, həm də ölkələrarası münasibətlərin inkişafına təkan verəcək".

YAP Sədrinin müavini hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın önəminə diqqət çəkərək bu amilin qanunvericilik sahəsində təcrübə mübadiləsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin təmin olunması baxımından əhəmiyyətli olduğunu bildirib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

***

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasında

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 22-də Vyetnam Dostluq Assosiasiyaları İttifaqının nəzdində fəaliyyət göstərən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri, Vyetnam Dövlət Auditi sədrinin müavini Danq The Vin ilə görüşüb.

YAP Mərkəzi Aparatından verilən məlumata görə, görüşdə xalqlarımız arasında dostluq əlaqələrinin tarixi əhəmiyyətindən bəhs olunub və hazırda müxtəlif sahələri əhatə edən dövlətlərarası əməkdaşlığın önəmi vurğulanıb.

Qonaqları salamlayan Danq The Vin Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun öz fəaliyyətini Azərbaycan və Vyetnam xalqları arasındakı uzunmüddətli səmimi dostluq münasibətlərinə uyğun qurduğunu qeyd edib. Danq The Vin ötən əsrin ortalarında müharibələrdən əziyyət çəkən Vyetnamın bərpası istiqamətində mühüm işlər görüldüyünü, Azərbaycan xalqının vyetnamlılara dəstəyinin yüksək qiymətə layiq olduğunu bildirib.

Vurğulanıb ki, üzvlərinin əksəriyyətini Azərbaycanı yaxından tanıyan vyetnamlıların təşkil etdiyi Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası onların Azərbaycan xalqı ilə bağlarının qorunub saxlanılmasına və daha da möhkəmləndirilməsinə xidmət edən işlər görür. O, vaxtilə Azərbaycanda ali təhsil almış vyetnamlı gənclərin bir çoxunun Vyetnamın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, iki xalq arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiklərini söyləyib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan və Vyetnam xalqları arasında tarixi köklərə və dostluq prinsipinə əsaslanan səmimi münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Azərbaycana və 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfərlərinin xalqlarımız arasında münasibətlərin və ölkələrarası əməkdaşlıq əlaqələrinin qurulmasında müstəsna rol oynadığını deyib. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin bərpasından sonra yaradılan diplomatik əlaqələr və iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri münasibətlərin dinamik inkişafı üçün geniş imkanlar formalaşdırıb. Azərbaycan ilə Vyetnam arasında təhsil, turizm, biznes, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edən Tahir Budaqov Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının bu sahədə önəmli platformalardan olduğunu vurğulayıb.

Xalq diplomatiyasının Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı baxımından önəmli olduğunu söyləyən YAP Sədrinin müavini iki ölkənin gəncləri arasında sıx təmasların qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın regionlarının geniş iqtisadi potensiala malik olduğunu və uğurla inkişaf etdiyini vurğulayan Tahir Budaqov işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirərək "Vyetnamlı dostlarımızın bu prosesdə iştirakından məmnun olarıq" deyib.

Görüşdə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nqiem Vu Xay Azərbaycan və Vyetnam xalqları arasında dostluğun nümunəvi olduğunu diqqətə çatdıraraq birgə təşəbbüslərin bundan sonra da hər iki tərəfə fayda gətirəcəyini qeyd edib.

Görüşdən sonra YAP nümayəndə heyəti Vyetnam Hərb Tarixi Muzeyini ziyarət edib.

Xaqani KOSAYEV,

“Respublika”.