Yaddaşlara əbədi həkk olunan Zəfər paradı
Tarix

Yaddaşlara əbədi həkk olunan Zəfər paradı

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı xalqımızın yaddaşına qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Xalqımız möhtəşəm Qələbə xəbərini 30 il səbirsizliklə gözləyirdi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Bütün bu qələbələrin əsasında əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarığı, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı.

Zəfərimizdə ən böyük pay rəşadətli Azərbaycan Ordusuna məxsusdur. Qəhrəman vətən oğulları öz qanları hesabına tarix yazdılar. Neçə-neçə igid oğullarımız vətən torpaqlarının azadlığı uğrunda "Vətən sağ olsun" deyərək canlarından keçdilər. Şəhidlərimiz bizim əyilmiş qəddimizi dikəltdi. İndi dünyada məğrur, qalib xalq kimi tanınırıq. Vətən müharibəsindəki qətiyyətli qələbə Azərbaycanı Cənubi Qafqazın söz sahibi olan dövlətinə çevirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Zəfər paradında demişdir: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq".

Vətən müharibəsində qazanılan tarixi Zəfərin təntənəsi qələbə paradının möhtəşəmliyini daha da artırırdı. Bu paradı həm də Azərbaycan xalqının 30 illik torpaq, yurd sevgisi uğrunda mübarizəsinin göstəricisi idi. Paradda müasir texnika və yüksək döyüş bacarığına malik canlı qüvvənin nümayişi ordumuzun dünyanın ən güclü ordularından biri olduğunun əyani sübutu idi.

3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirildiyi paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən götürdüyü hərbi qənimətlərin bir qismi də meydandan keçirildi.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərdə qardaş Türkiyənin böyük payı var. Qardaş ölkənin mövqeyini, gücünü, siyasi, mənəvi dəstəyini bütün dünya gördü. Azərbaycan xalqı, ordusu daim bu dəstəyi hiss etdi və bizi qələbəyə daha da ruhlandırdı. Möhtəşəm Zəfər paradı bir daha təsdiq etdi ki, qədim tarixi kökləri olan, zamanın sərt sınaqlarından üzüağ çıxan Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır. Dostlarımızı sevindirən, düşmənlərimizə gözdağı verən bu birlik bundan sonra daha da möhkəmlənəcəkdir. 

Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümayişi oldu. Bu bir daha təsdiq etdi ki, Azərbaycan və Türkiyə sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Vətən müharibəsində qazandığımız zəfəri qardaşlığın Zəfəri də adlandırmaq mümkündür. Parada fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında demişdir: "Bu Zəfər Günümüzdə sizlərlə birlikdə böyük məmnunluq duyuruq. Qardaşım İlham Əliyevə bu yüksək dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad bəyin ruhu şad olduğu gündür. Bu gün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür".

Tarixi Zəfərimizdən, Zəfər paradından ötən üç ilin hər günü tariximizə bir-birindən əhəmiyyətli hadisələrlə yazılıb. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri Böyük Qayıdışı daha da sürətləndirib. Hazırda bütün ərazilərimiz quruculuq meydanına çevrilib.

Böyük Qayıdışın tam şəkildə reallaşması ilə ölkəmizin həyatında yeni mərhələ başlayacaq. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan şanlı Zəfərimizin yaratdığı imkanlar fonunda yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Bir sözlə, Zəfər paradımız qürurlu, fəxarətli anlarla yaddaşlara əbədi həkk olunub.

M.MİRZƏ,

"Respublika".