Tarix boyu ermənilər və onların havadarları tərəfindən deportasiyaya, soyqırımına məruz qalan Azərbaycan türkləri nəticədə indiki Ermənistan adlanan ərazidəki öz ata-baba yurdlarından didərgin düşüblər. Bu deportasiya və soyqırımları 1905, 1918-1920, 1948-1953, sonuncu dəfə isə 1988-1991-ci illərdə həyata keçirilib. Deportasiya zamanı soydaşlarımız soyqırıma, işgəncələrə, qırğınlarla məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.
Tarixi faktlar, sənədlər, xəritələr o torpaqların Azərbaycan türklərinə, azərbaycanlılara məxsus olduğunu hər addımda, hər daş, kağız səhifəsində təsdiqləyir. Əsrlərdir Azərbaycan türkləri öz doğma yurdlarına qayıdacaqları günü xəyallarında yaşadır və hər doğulan nəsil öz tarixini öyrənir və gələcək nəsillərə ötürür. Təkcə elə sonuncu deportasiya zamanı həmin ərazilərdən 300 minə yaxın soydaşımız 300-ə yaxın yaşayış məntəqəsindən qovulub çıxarılıb.
1988-ci ildə Qərbi Azərbaycandan qovulan soydaşlarımızdan biri də 17 ildir İstanbulda yaşayan Sevil Abbasovadır. O, Qərbi Azərbaycanın Dərəçiçək mahalında dünyaya gəlib. Uşaqlığının ən gözəl illərini Qərbi Azərbaycanda yaşayıb: ''Yaddaşımı vərəqləyəndə görürəm ki, cəmi on səkkiz səhifədir. Çünki mən o yerlərdə on səkkiz il yaşadım. Bu yaşa qədər demək olar ki, hər gün uşaqlıq illərini xatırlayıram. Ən gözəl arzularımı, ən şirin yuxularımı Dərəçiçək mahalında qoydum. Kəndimizi bir an belə unuda bilmirəm. Orada hər şey çox gözəl idi; təbiət də, insanlar da, məktəbimiz də, bulaqlarımız da... Hər kəs bir-biri ilə mehriban dolanırdı. Toylarımız, yaslarımız, şənliklərimiz bir yerdə olardı. 1988-ci ilə qədər qayğı, həsrət, nifrət, kin nə olduğunu bilmirdik.
Babamın valideynləri 1915-ci ildə İrəvandan məcburi qovulublar. Onların bəziləri Azərbaycanda, bəziləri də İğdırda məskunlaşıblar. Atam 12 yaşında Ağrı dağını keçərək yenidən İrəvana qayıdıb. Lakin orada heç bir qohum-əqrəbaya rast gəlməyib. Çünki 1915-ci ildə qohumlarının çoxu qəddar erməni daşnakları tərəfindən qətlə yetirilib, yolda soyuqdan, çovğundan donaraq dünyalarını dəyişiblər. Atamı o kənddə bir ailə himayəyə götürərək böyüdüb. İllər sonra atam İğdırda qohumlarını tapır və məktublaşmağa başlayır. Yadımdadır ki, bir gün qapımız döyüldü və heç bir açıqlama vermədən atamı polislər apardı və o iki gün sonra evə qayıtdı. O zaman atam deyirdi ki, ermənilər onun Türkiyədəki qohumları ilə məktublaşdığını öyrəniblər və atamdan Türkiyədən Ermənistana bəzi xəbərlərin gətirilməsini tələb ediblər. Atam isə bu təklifi qəbul etməyib, ona görə də bir çox işgəncələrə məruz qalıb.
1988-ci ildə İrəvanda universitetdə oxuyurdum. Erməni daşnakları uydurma Qarabağ məsələsini ortaya ataraq soydaşlarımıza qarşı açıq şəkildə düşmənçilik mövqeyi nümayiş etdirirdilər. İrəvanın küçələrində etiraz nümayişləri keçirilir, Ermənistan televiziyasında azərbaycanlılara qarşı uydurma filmlər yayımlanırdı. Hadisələr get-gedə qızışırdı. Yadımdadır, bir gün universitetdə dərsdə idik. Xəbər gəldi ki, bir qrup erməni universitetin qarşısında azərbaycanlı tələbələrin dərsdən çıxmasını gözləyir. Bizi ölümlə hədələyirdilər. Dekanımız Knyaz Mirzəyev adlı azərbaycanlı idi. Həmin gün hamımız onun sayəsində sağ-salamat evimizə qayıtdıq. Vəziyyətin ağır olduğunu görən atam gecə ikən bizi və əmimin uşaqlarını bir maşına topladı və yola çıxdıq. Hamının gözündə dərin bir kədər və qorxu var idi. Bax, beləcə kəndimizi böyük qəm, qüssə içərisində tərk etdik. Biz getdikcə sanki təbiət arxamızca gəlirdi. Hamımız ağlayırdıq. Atam bizi çox çətinliklə Gəncə şəhərinə gətirdi və sonra geriyə döndü. Çünki anam və bütün qohumlarımız kənddə qalmışdı. O ərəfədə atamın xalası qızının evinin gecə saatlarında ermənilər tərəfindən yandırıldığı xəbərini aldıq. Bu tükürpədən hadisələrdən sonra valideynlərimiz çox çətinliklə Gəncəyə gəldilər", - deyə Sevil Abbasova bildirib.
Vurğulayıb ki, bu<