Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir
Digər xəbərlər

Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir

Fevralın 24-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən anım tədbirində Xarici İşlər Nazirliyinin rəhbər heyəti və əməkdaşları, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, o cümlədən media nümayəndələri iştirak ediblər.

Anım tədbiri çərçivəsində iştirakçılar Xocalı soyqırımına aparan hadisələr, soyqırımının baş verməsi və nəticələrini əks etdirən fotoşəkillərdən ibarət stendlərlə tanış olublar.

Rəsmi açılış mərasimində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov 31 il bundan öncə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə müxtəlif istiqamətlərdən Xocalı şəhərinə hücum etdiyini, qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə azərbaycanlı mülki şəxsi xüsusi amansızlıqla qətlə yetirdiyini qeyd edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edən nazir xalqımızın milli yaddaşına həkk olunmuş Xocalı soyqırımının unudulmadığını, daim xatırlandığını bildirib.

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökumətinin, "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyasının, o cümlədən vətəndaş cəmiyyətinin və diasporumuzun aktiv fəaliyyəti qeyd olunub.

Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilən qəddarlıqların, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərində yaşayan mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dövlət səviyyəsində Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkilik siyasətindən qaynaqlandığını bildirib. Bu kimi cinayətlərin törədilməsində birbaşa olaraq Ermənistanın məsuliyyət daşımasına baxmayaraq, hələ də məsul şəxslərə münasibətdə cəzasızlığa son qoyulmadığı diqqətə çatdırılıb.

Nazir Ermənistan tərəfindən postmünaqişə dövründə sülh və normallaşma prosesinə maneə yaradan hərbi-siyasi təxribatların törədilməsinə, o cümlədən beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə hədəflənən addımların atılmasına baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə hədəflənən sülh gündəliyinin irəli aparılmasında qərarlı olduğunu bildirib. Bu xüsusda, ədalətin bərpa olunmasının da regionda sülh və normallaşma gündəliyinə öz müsbət töhfəsini verəcəyinə dair inam ifadə olunub.

Tədbirin sonunda Azərbaycan Dövlət Pantomim Teatrının təqdimatında Xocalı soyqırımına həsr olunmuş "Xocalı - bu, olub" adlı tamaşa nümayiş etdirilib.