Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Laçın yolundakı etiraz aksiyasını 117 gündür davam etdirirlər.
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, "Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyasında bütün maneələrə rəğmən böyük ruh yüksəkliyi müşayiət olunur. Aksiya fəalları qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış "Sərvətlərimizin talanı dayansın!", "Təbiəti qoruyaq, istismarı qınayaq!", "Təbiətin milləti yoxdur!", "Azərbaycan milləti, qoruyacaq sərvəti!", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekocinayətə son!" kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçıları Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirirlər ki, onların tələbləri dövlətimizin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə dərhal müsbət cavab verilməlidir. Etirazçılar tələblərindəki əzmi sərt keçən hava şəraitinə baxmayaraq, qoruyub saxlayır və hətta günbəgün artırır. Ekologiya, geologiya və digər sahələr üzrə alimlər, ekspertlər, tələbələr, vətəndaş cəmiyyətinin təmsilçiləri aksiyaya qoşulur, səsləndirilən tələblərə dəstək verirlər.
Martın 5-də Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizdə olan xarici media nümayəndələri gəliblər. Onlar ekoaksiyanın gedişi barədə məlumatlandırıldıqdan sonra reportajlar hazırlayıblar. Qeyd edək ki, media nümayəndələri Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçidinin də şahidi olublar. Ərazinin humanitar məqsədlər üçün bağlı olduğunu bildirən Ermənistan tərəfi isə regiondakı reallığı inkar etməkdə davam edir. Belə ki, sərbəst hərəkətin mümkünsüz olduğunu iddia edən ermənilərin həqiqəti görməzdən gəlməsinin növbəti plan olduğu bilinir. Laçın-Xankəndi yolunda hər iki istiqamətdə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillər təhlükəsiz şəkildə hərəkət edir.
Bildiyimiz kimi, Zəngilan və Kəlbəcərdə kifayət qədər qızıl yataqları mövcuddur. Zəngilanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağında qızıl ehtiyatlarının həcmi 6,5 tondur. Müasir texnologiya ilə həmin yataqlardan daha çox qızıl hasil edilməsi mümkündür. Lakin ötən 27 il ərzində torpaqlarımızın işğal altında olması yataqların işğalçı ölkə tərəfindən istismar edilməsinə, eləcə də erməni əsilli iş adamları tərəfindən bu təbii sərvətlərin mənimsənilməsinə səbəb olmuşdu. Qızıl yataqlarımız Azərbaycanın razılığı və iştirakı olmadan Ermənistan vasitəsilə digər ölkələr tərəfindən qeyri-qanuni istifadə edilmişdi. Bu baxımdan, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə, o cümlədən beynəlxalq konvensiyalara uyğun olaraq bu istiqamətdə öz hüquqlarını qorumaq imkanına malikdir.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının istismarına qarşı ekoaksiya ötən il dekabrın 12-dən başlayıb.
Nurlan ABDALOV,
"Respublika".