Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli Lider
Siyasət

Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli Lider

Ulu Öndərin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı Azərbaycanı böyük faciələrdən xilas etdi. 15 iyun 1993-cü ilin Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil edildi. Azərbaycan o dövrün xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhrandan, ən əsası torpaqlarımızın biri-birinin ardınca işğalından xilas oldu. Qurtuluş Azərbaycana bugünkü reallıqları qazandırdı. O reallıqları ki, Azərbaycanın adı bu gün qalib ölkə kimi çəkilir, yaratdığı yeni reallıqlar fonunda regionda və dünya siyasətində yeniliklər baş verir. Azərbaycan tarixi Zəfəri ilə malik olduğu imkanları dünyaya nümayiş etdirdi.

Böyük inamla qeyd edirik ki, Azərbaycanın bugünkü inkişafında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyətinin birinci dövründə yaratdığı potensial əhəmiyyətli rol oynayır. Belə ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə Azərbaycan sovet respublikaları arasında ən qabaqcıl yerlərə çıxmışdır. Əgər o vaxt müttəfiq respublikalar arasında cəmi iki ölkə özü-özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan idi. Bu gün də ölkəmizin inkişafına xidmət edən çox güclü infrastruktur, yeni sənaye sahələri məhz o illərdə yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il 12 may tarixində cəbhə xəttində atəşkəsə nail olundu və bununla da ölkəmizin bütün sahələrdə uğurlu inkişafı üçün geniş imkanlar yarandı. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisini irəli sürən Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bu günümüz üçün hesablanmış mühüm addımlardan idi. Dahi şəxsiyyət dünya təcrübəsinə əsasən belə bir çağırışı etdi ki, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il 20 sentyabrda "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin möhkəmləndirilməsində böyük rol oynadı. Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası üçün şərait yarandı.

Dövlət Neft Fondunun yaradılması da Ümummilli Liderin uzaqgörən siyasətinin tərkib hissəsi idi. Fondda toplanan vəsaitlər təyinatı üzrə xərclənərək Azərbaycanın bugünkü inkişafı üçün böyük stimul yaratdı. Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır.

Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi istiqamətində daha bir tarixi saziş imzalandı. 2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərində Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Həmin sənədə əsasən, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində "Əsrin kontraktı" Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir" söyləyən dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür: "Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük".

Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi Azərbaycanın hazırkı inkişafında özünün aydın ifadəsini tapır. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı prioritet məsələ kimi öndədir. Bölgələrimiz arasında sağlam rəqabət gedir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüslər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Dövlət başçısı İlham Əliyev daim bu fikri önə çəkir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar heç də həmin ölkələrə uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Azərbaycanda isə vəziyyət fərqlidir. İqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirilməsi ölkəmizin bu problemi yaşamamasını şərtləndirdi.

İqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını reallığa çevirmək məqsədilə bölgələrin iqtisadi potensialından səmərəli istifadəni təmin etmək üçün regional inkişaf proqramları təsdiqlənib və uğurla icra edilir. Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyev müntəzəm olaraq regionlara səfərlər edir, əlavə tapşırıq və göstərişlərini verir. Bütün bölgələrdə quruculuq-abadlıq işləri geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması vacibdir. Regional inkişaf proqramlarının icrasının uğurlu nəticələri rəqəmlərdə, bölgələrin simasında, insanların yüksək rifah şəraitində yaşayışında özünün aydın ifadəsini tapır.

Salyan rayonunun timsalında bölgələrimizin inkişafını istər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti, istərsə də cənab İlham Əliyevin son 20 ilə yaxın Prezidentliyi dövründə aydın şəkildə görə bilərik. Belə ki, Ümummilli Lider Heydər Əliyev Salyan rayonuna 5 dəfə səfər edib. Ulu Öndərin ilk səfəri hakimiyyətinin birinci dövrünə təsadüf edib. Dahi lider 1969-cu ilin avqust ayında rayonun Qaraçala qəsəbəsindəki 1 nömrəli pambıqçılıq sovxozunda olmuş və rayon partiya təsərrüfat fəalları ilə görüşmüşdür. 1972-ci ildə rayonun Qüdrət Səmədov adına kolxozunda, Plastik Kütlə Emalı zavodunda, 1977-ci ilin iyul ayında "Yeni Muğan", "Oktyabr", "Bəşirabad" kolxozlarında və Təsərrüfatlararası mal-qara kökəltmə birliyində, 1981-ci ilin iyul ayında "Oktyabr", "Mirzə Fətəli Axundov" və "Frunze" adına kolxozlarda və rayon Mədəniyyət evində olmuşdur. 1998-ci ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində Salyan, Neftçala, Hacıqabul və Şirvan şəhərinin seçiciləri ilə Salyan şəhərində görüşmüşdür. Ulu Öndər Heydər Əliyevin Salyan rayonuna hər bir səfəri yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu günədək Salyan rayonuna 10 dəfə səfər edib. İlk səfərini 10 avqust 2006-cı ildə reallaşdıran cənab İlham Əliyev rayonda gücü 220 MVA olacaq yardımçı stansiyasının təməlqoyma mərasimində Ümummilli Lider Heydər Əliyevin abidəsinin və Heydər Əliyev muzeyinin açılış, Süd emalı zavodunun istifadəyə verilməsi mərasimində iştirak etmiş, Salyan şəhər ümumi internat məktəbində və rayon Mərkəzi Xəstəxanasında aparılan təmir-bərpa işləri ilə tanış olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. 7 sentyabr 2008-ci ildə səfəri zamanı Salyan Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra, Qardili kənd tam orta məktəbinin yeni binasının və Salyan Olimpiya İdman Kompleksinin, 29 aprel 2010-cu ildə kənd təsərrüfatı məhsullarının saxlanması üçün 10,5 min tonluq Soyuducu anbar kompleksinin, 220 MVA-lıq "Salyan" yarımstansiyasının və Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22 km hissəsinin, 1 noyabr 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində zərərçəkmiş 68 ailə üçün tikilən yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir. Bunların davamı olaraq 2011, 2012, 2013, 2016, 2017-ci illərdə Salyan rayonuna reallaşdırdığı səfərlərin hər biri bölgənin həyatında mühüm addımların atılması ilə yadda qalıb. Bu ilin aprelində Salyan rayonuna səfər edən dövlət başçısı rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq doğum evində və uşaq poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin və "ASAN Xidmət" Mərkəzinin açılışında iştirak etdi, Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verdi.

Azərbaycanın hər bir uğurunda ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının öz payı vardır. Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edərkən bu gün milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd edirik. 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 800 minə yaxın üzv birləşib. Partiyanın hər bir üzvü Heydər Əliyev ideyalarının, onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısıdır.

Partiyanın hər bir qurultayında qəbul olunan qərarlar ölkəmizin gələcək inkişafında əhəmiyyətli rola malikdir. Bu baxımdan VII qurultayda yeni tərkibin formalaşması, qəbul edilən yeni qərarlar, yeni Nizamnamə və cənab İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiqlənən Proqram Yeni Azərbaycan Partiyasının qarşısına yeni vəzifələr qoydu. "Biz birlikdə güclüyük!" çağırışını özündə ehtiva edən yeni Proqramda hədəflər öz əksini tapıb. Bu günümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini həyata keçirmək və soydaşlarımızın qayıdışını təmin etməkdir.

Heydər Əliyev siyasətinə sadiqliyini hər addımı ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. İllər keçdikcə tarixi Zəfərimizin böyük qətiyyətin, səylərin nəticəsi olduğu daha aydın dərk olunur, indiki və gələcək nəsil bu Qələbənin qəhrəmanlarının həyat yolunu bir vətənpərvərlik məktəbi kimi öyrənəcəklər. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, Vətən, torpaq sevgisinin təqdimatı oldu. Bərpa-quruculuq işləri ilə paralel olaraq soydaşlarımızın qayıdışının reallığa çevrilməsi hər birimizdə qürur hissi yaradır. Bütün bu uğurlarımızın hamısı Heydər Əliyev siyasətinin təntənəsidir. Bu gün Azərbaycanı hər zaman zirvələrdə görmək istəyən Ümummilli Liderin ruhu şaddır. Onun şah əsəri olan müasir müstəqil Azərbaycan Özü qədər inandığı cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda qalib ölkə kimi dünyada tanınır.

Elmar ƏHMƏDOV,

YAP Salyan Rayon Təşkilatının sədri.