1918-ci il 24 iyunda Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət bayrağı təsdiq olunub
"Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır... Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".
Heydər ƏLİYEV,
Ümummilli lider.
Dünyəvi, demokratik dövlət kimi tarixə düşən, İstiqlal Bəyannaməsinin elan olunması ilə yaranan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb şəraitdə fəaliyyət göstərərək dövrünün mütərəqqi dövlət təsisatlarının yaradılmasına nail olmuş, qısa zaman kəsiyində xalqın qəlbində azadlıq və istiqlal duyğularını oyatmış, onun müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini yaşatmağa qadir olduğunu sübut etmişdi. Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, müstəqilliyinin əldə edilməsində mühüm rol oynayan, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsuli-idarə prinsiplərinə əsasən qurulan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti xalqımızın milli azadlıq, müstəqillik və demokratiya arzularını özündə əks etdirən parlaq bir tarixdir.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul zamanı söylədiyi nitqində demişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır".
Rusiyada çar üsuli-idarəsinin devrilməsi, fevral və oktyabr çevrilişləri nəticəsində hakimiyyətə gələn müvəqqəti hökumətin hakimiyyət dövrü bir il də sürmədi. 1917-ci ilin oktyabr ayında çevriliş nəticəsində hakimiyyətdən gedən hökumətin Müəssislər Məclisinə seçilən deputatları isə Tiflisdə Azərbaycan, Gürcüstan, Ermənistan və regionun digər xalqlarından olan nümayəndələrin iştirakı ilə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. 1918-ci il aprel ayının 9-da müstəqilliyini elan etmiş Birləşmiş Zaqafqaziya Cümhuriyyəti qısa müddətdən sonra dağıldı, gürcü nümayəndələr Zaqafqaziya Seyminin tərkibindən çıxdılar və Gürcüstan öz müstəqilliyini elan etdi. Bir gün sonra may ayının 27-də isə Seymdəki müsəlman fraksiyası Azərbaycan Milli Şurasını yaratdı və Məhəmməd Əmin Rəsulzadə Şuranın sədri seçildi. 1918-ci il mayın 28-də Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən Milli Şuranın iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi qəbul edildi və Şərq dünyasında ilk dəfə azad, müstəqil, demokratik, parlamentli respublika yaradıldı. Məhəmməd Əmin Rəsulzadə 1919-cu il may ayının 31-də Berlində çap olunan "İstiqlal" qəzetindəki məqaləsində yazırdı: "Mayısın 28-də istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır".
İstiqlal Bəyannaməsinin qəbul edildiyi iclasda həmçinin, Fətəli xan Xoyskinin rəhbərliyi ilə AXC-nin birinci hökuməti quruldu. Tiflisdə istiqlalını elan edən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü və bu qədim şəhər Şərqin ilk demokratik respublikasının paytaxtı elan olundu. AXC-nin ikinci hökuməti Gəncədə təsis olundu. İyunun 24-də hökumət tərəfindən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan bayraq dövlət bayrağı kimi qəbul edildi.
Çox mürəkkəb və çətin bir şəraitdə yaransa da, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar tanıyan, tamhüquqlu, müstəqil Azərbaycanın idarə forması olan Xalq Cümhuriyyəti millətlərlə, xüsusilə qonşu olduğu millətlərlə və dövlətlərlə mehriban münasibətlər yaradır, vətəndaşlarının bütün hüquqlarını