Azərbaycan öz xalqına, ərazisində yaşayan azlıqlara, müvəqqəti olaraq ölkəmizdə məskunlaşan vətəndaşlara humanist prinsiplərə sədaqət nümayiş etdirilən, məhz buna görə də seçilən ölkədir. XVIII əsrin əvvəllərindən başlayaraq, Xəzər dənizi sahillərinə köç edən ermənilər azərbaycanlılar tərəfindən xoş münasibət ilə qarşılaşıblar. Hazırda paytaxt da daxil olmaqla, bir çox bölgələrimizdə 10-dan çox erməni kilsəsi və digər dinlərə mənsub məbədlər var. Həmçinin, Bakıda Müqəddəs Məryəm kilsəsi Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində təmir edilib. Şübhəsiz ki, bu yanaşmalar Azərbaycanın həm İslam, həm də sivilizasiyalararası dialoqa töhfəsidir.
Azərbaycanın daha bir humanist addımı isə məhz İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaşayan ermənilərə vətəndaşlıq çağırışı olub. Bu gün yüzlərlə etnik erməni təyin edilmiş “Qaynar xətt” ə zəng edərək vətəndaşlığı necə almaları, hansı şərtlərə əməl etmələri ilə bağlı suallar ünvanlayırlar.
Sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları olan iki yük avtomobili ilə gigiyenik vasitələr və eləcə də içərisində çörək olan iki yük maşını Ağdam-Xankəndi yolundan istifadə edilərək erməni əhalisinə göndərilib. Bununla yanaşı, sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksəkgərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Qeyd edək ki, Xankəndi üçün ehtiyat yuvaları 2021-ci ildə "Şuşa" yarımstansiyasında quraşdırılıb.
Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi Ağdam-Əsgəran-Xankəndi yolu ilə 24 ton Aİ 92 markalı benzin və 40 ton dizel yanacağını Xankəndi şəhərinə çatdırıb. Prezident Administrasiyası açıqlayıb ki, yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.
Mövzu ilə bağlı deputat Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan hər zaman humanist davranışları ilə fərqlənən dövlət olub: "Xatırlatmaq yerinə düşərdi ki, biz 2020-ci ildə öz torpaqlarımızı işğaldan azad edən zaman da ermənilərin xahişi ilə humanitar atəşkəs elan etdik. Lakin Ermənistan bundan sui-istifadə edərək ölkəmizə qarşı silahlı təxribatlarını davam etdirdi. Buna görə də indiki şərtlər daxilində biz Ermənistan tərəfinə sülh şərtlərini təqdim etdik. Şərtlər beynəlxalq hüquq normaları ilə tam uzlaşır və biz regionda sülhün, əməkdaşlığın əsas təşəbbüskarı rolunda çıxış etməkdəyik. Baxmayaraq ki, Ermənistan Azərbaycan dövlətinə, xalqına qarşı bağışlanılmaz qanlı cinayətlər törədib, ölkəmiz yenə də region dövlətlərinin əməkdaşlıq platformasına dəstəyini ifadə edir. Sərhədlərimiz daxilində yaşayan ermənilərə biz hər zaman çağırış edirdik ki, onlar Azərbaycan vətəndaşları statusunda, Azərbaycan pasportu ilə tam təhlükəsizlik şəraitdə Azərbaycan torpaqlarında yaşaya bilərlər. Lakin Azərbaycan ərazisindəki silahlı separatçı dəstələr dövlətimizin bu çağırışlarına məhəl qoymayaraq, təxribatlarına, mina terrorlarına davam edirdilər. Təbii ki, bütün bunlar da bizim milli və dövlət təhlükəsizliyimizə ciddi təhdidlər yaradırdı. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycan təhlükəsizliyinə olan bu təhdidin aradan qaldırılması üçün addımlar atdı. Əlavə olaraq Azərbaycan ərazisində silahlı separatizmin olması dövlətimizin Konstitusiya quruluşunu pozurdu. Azərbaycan Konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal antiterror tədbirləri həyata keçirdi. Antiterror tədbirləri zamanı mülki əhali arasında bir nəfər də olsun itki olmayıb. Lakin yaxşı xatırlayırıq ki, Ermənistan tərəfi 2020-ci ildə qadağan olunmuş raketlərlə Gəncəyə, Yevlaxa, Tərtərə, Bərdəyə zərbələr endirib. Həyatını itirənlər mülki əhali arasında uşaqlar, yaşlı insanlar, qadınlar olub.
Azərbaycan ərazisində yaşayan ermənilərə humanitar yardımların göstərilməsi də bir daha Azərbaycan dövlətinin, xalqının humanist ideyalara sadiq olduğunu bütün dünyaya nümayiş etdirir. Həm də biz ermənilərin yalanını dünyaya ifşa etdik. Yəni ermənilər hər zaman guya Azərbaycan ərazisində yaşayan ermənilərin hüquqlarının pozulduğunu, onların təhlükəsizliyi ilə bağlı problemlərin olduğunu dünyaya car çəkirdilər. Amma Azərbaycan nümayiş etdirdi ki, ərazisində yaşayan ermənilərin təhlükəsizliyini təmin edir. Azərbaycan ərazisində çoxsaylı xalqların nümayəndələri tam dinc, təhlükəsizlik şəraitində yaşayırlar. Onlar öz inkişaflarını və milli identikliklərini də qoruyub saxlamaqdadırlar. Azərbaycan dünyanın ən nümunəvi multikultural, tolerant dövlətidir. Ona görə də hesab edirəm ki, bizim səmimi davranışlarımızı, humanist addımlarımızı bütün dünya görür.
Töhfə SƏMƏDOVA,
"Respublika".