2013-cü il oktyabrın 9-da Azərbaycanda növbəti prezident seçkiləri keçirilib
9 oktyabr 2013-cü ildə Azərbaycan tarixində daha bir əlamətdar hadisə baş verdi. Belə ki, həmin gün Azərbaycan Respublikasında sayca yeddinci dəfə prezident seçkiləri keçirildi. Seçici fəallığının 72,31 faiz olduğu seçkilərdə cənab İlham Əliyev 3-cü dəfə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Xalqın mütləq əksəriyyətinin bu dəfə də dövlət başçısına yenidən böyük etimad göstərməsi geridə qalan on ildə görülən işlərə verilən dəyər idi. Azərbaycan xalqı ümummilli liderin siyasi kursuna sadiq qalan İlham Əliyevi Prezident seçməklə ölkəmizin hərtərəfli inkişafına qiymət verdi və Heydər Əliyev ideyalarına sədaqətli olduğunu göstərdi.
Dövlət başçısı İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçkilərinə qatılanda söz vermişdi ki, əgər xalq ona etimad göstərərsə, O, ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacaq. 2013-cü ildə böyük səs çoxluğu ilə qələbə qazanan İlham Əliyev andiçmə mərasimində on il əvvəl dediyi sözləri belə şərh etdi: "Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi".
Həqiqətən də 2003-2013-cü illər aralığında Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş və siyasi-ictimai tərəqqi ən pik həddə çatmışdır. Bu illər ərzində ölkə inkişafının əsas səbəbi olan sabitliyin qorunması prioritet məsələ kimi daim öndə olmuş, xalq-iqtidar birliyi bu sabitliyin təmin edilməsində mühüm rol oynamışdır. Həmin illərdə regionda və dünyada baş verən hadisələr - müharibələr, inqilablar, iqtisadi və maliyyə böhranları ölkəmizdə zərrə qədər də hiss olunmadı. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət sayəsində xalqımız və dövlətimiz bu bəlalardan müdafiə olundu, Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşadı.
Müstəqilliyimizin ilk illərində çətin günlər yaşayan bir millətin bəlkə də ən çox ehtiyacı olduğu bir məsələ ictimai-siyasi sabitlik idi ki, bu da on il ərzində yüksək səviyyədə təmin olundu.
Bu illər ərzində Azərbaycan multikulturalizmin qorunub saxlanılmasında, dinlərarası və millətlərarası münasibətlərin inkişafında da dünya üçün bir nümunəyə çevrildi. Bu çərçivədə çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara evsahibliyi etməklə Azərbaycan özünü dünyada multikulturalizmi mühafizə edən bir mərkəz kimi tanıtdı. Və bir daha sübut olundu ki, multikulturalizm xalqımızın həyat tərzidir.
2003-2013-cü illər Azərbaycan xarici siyasətində də böyük uğurlar əldə etdi. Bu kontekstdə həmin illərdə ölkəmizin daha 39 səfirliyi açılaraq sayı 57-yə çatdırıldı. 28 xarici ölkə isə diplomatik əlaqələrini genişləndirmək məqsədilə Azərbaycanda öz səfirliyini açmış, xarici ölkələrin səfirliklərinin sayı 53-ə yüksəlmişdir. Uğurlu xarici siyasət nəticəsində 2011-ci ildə ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı və Qarabağın erməni silahlı birləşmələri tərəfindən zəbt edildiyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırıldı.
Xalqımızın 2013-cü ildə İlham Əliyevə yenidən etimad göstərməsinin əsas səbəblərindən biri də yoxsulluq səviyyəsinin təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalması olmuşdur. Müsbət nəticə verən uğurlu islahatlar sosial sahədə də öz sözünü demişdir. Dövlət başçısının düşünülmüş sosial siyasəti nəticəsində orta əməkhaqqı 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır. Respublikada 2700 məktəb, 500-ə yaxın xəstəxana, 35 olimpiya mərkəzi tikilmiş, tarixi abidələrimiz bərpa edilmişdir. Dayanıqlı inkişafa xidmət edən iqtisadi siyasət valyuta ehtiyatlarımız, iş yerlərinin artması ilə nəticələndi və sosial müdafiə məsələlərinin həlli dövlət müstəqilliyimizin gücündən xəbər verirdi. Təsadüfi deyil ki, bu illər ərzində dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür.
Beləliklə, sadalamaqla bitməyən islahatlar, əldə olunan uğurlar xalqımızın 2013-cü il 9 oktyabr tarixində prezident seçkilərində cənab İlham Əliyevə inanıb, ona yenidən etimad göstərməsində əsaslı rol oynamışdır.
Musa BAĞIRLI,
"Respublika".