Vətənə şərəfli xidmət nümunəsi
Region

Vətənə şərəfli xidmət nümunəsi

Dağlar diyarı Lerikdə dünyaya göz açan  Murtuz Çingiz oğlu Abbasov  həyatı dərk edən gündən öz xoşbəxtliyini Vətəninə, xalqına   nümunəvi xidmətdə görür. Yaxşı işlər görməklə insanlar arasında hörmət də qazana bilir. Ürəyi ilahi bir sevgi ilə döyünən  gənc yalnız  gözəl dünyaya, saf məqsədlərə doğru  can atır.

M. Abbasov 2016-cı ildə orta təhsilini başa vurub  Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olur.  Vətən eşqli, xoş təbiətli, dağların dağ vüqarlı oğlu Murtuz  məktəbdə hamı tərəfindən sevilir. Hərbin sirlərinə dərindən yiyələnir. Bütün tapşırıqlarını  vaxtında, yüksək keyfiyyətlə yerinə yetirir. Murtuz Vətəninə layiqli xidmət  etmək üçün  könül verdiyi işinin kamil  bilicisi  kimi tanınır.

2020-ci ildə akademiyanı leytenant rütbəsində  bitirən Murtuz Abbasov  Sərhəd  Qoşunlarında  taqım komandiri vəzifəsində xidmət etməyə başlayır.  Daha sonra raket-artilleriya silahlarının istismarı və təmiri mütəxəssisi  kimi fəaliyyət göstərir. 

İkinci Qarabağ müharibəsi başlananda Vətənin  cəsur oğulları  haqq savaşımıza atılırlar.  Leytenant Murtuz Abbasov da  sona qədər döyüşüb  yağıdan qisas almağa and içib silaha sarılır. Düşmənə ilk zərbəni Ağdam  rayonunda vurur. Quldurların  atəş nöqtəsini susdurub,  çoxlu canlı qüvvəsini  məhv edir.  Bu uğurlu əməliyyat nəticəsində rayon qarış-qarış ermənilərdən təmizlənir.  İgid Vətən oğlu əsgər yoldaşları  ilə  Cəbrayıl istiqamətində yerləşən yaşayış məntəqələrində yüksək fədakarlıq və şücaət göstərir. Düşmənin neçə-neçə texnikası sıradan çıxır. Nəticədə Cəbrayılın azadlıq xəbəri bütün Azərbaycanı dolaşır. Artıq darmadağın olmuş düşmən acı məğlubiyyəti bilib qaçmağa üz qoyur.   Murtuz  Zəngilan müharibəsində də sözün əsl mənasında tarix yazır.  22 oktyabrda   rayonun Ağbənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin Vətən torpağına  tuşlanan snayper atəşini öz sinəsi ilə susdurur.  Bir igidin qanı torpağa tökülməklə böyük  ərazinin azadlıq  günəşi doğur.

Bəli, Murtuzun ömür  yolu  cəmi 22 il oldu. Qaldı ki,  öz qanı ilə Vətəni yaşatdığı üçün o, milyonların ürəyində əbədi yaşamaq  hüququnu qazandı.  Dövlət də öz sədaqətli oğlunun adını  uca tutdu. Murtuz  Abbasov ölümündən sonra  "Zəngilanın azad olunmasına görə", "Vətən uğrunda",  3-cü dərəcəli  “ Vətənə xidmətə görə” medallarına layiq görüldü.

 Zəfər  ORUCOĞLU.