Azərbaycan müstəqillik illərində çətin, şərəfli bir yol keçmişdir. Bu illər ərzində müasir tariximizə şanlı, qürurverici səhifələr yazılıb. Ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət qurulub, Azərbaycan nəinki regionda, həm də dünyada söz sahibi olan qüdrətli dövlətə çevrilib.
Müstəqilliyimizin bəhrələrini düşünəndə ilk növbədə xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasi və dövlət xadimi, dahi şəxsiyyət, müdrik rəhbər Heydər Əliyevin əzəmətli obrazı göz önündə canlanır. Bizə ərməğan etdiyi müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Məhz buna görə ulu öndər milyonlarla insanın qəlbində əbədiyaşarlıq qazanmışdır. Xalqımız öz taleyində misilsiz rol oynamış ümummilli liderin xatirəsini daim əziz tutur. Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə imzaladığı Sərəncamda ümummilli liderin Vətən və xalq qarşısında tarixi xidmətlərinə bir daha nəzər salınmış, 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Proqram xarakterli tarixi Sərəncamda deyilir: "Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir...
Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur".
Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna rolu vardır. Ulu öndərin yorulmaz, gərgin səyləri sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Ümummilli lider Azərbaycana rəhbərliyinin birinci dövründə bütün sahələrin inkişafı ilə yanaşı, ölkədə qanunçuluğun, hüquq qaydalarının qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlaması ölkəmizdə haqqın və ədalətin zəfər çalmasında, prokurorluq orqanlarının inkişafında müstəsna rol oynamışdır. Prokurorluq orqanlarının əməkdaşlarının bütöv bir nəsli Heydər Əliyev ideyalarından və dövlətçilik siyasətindən bəhrələnmiş, onun rəhbərliyi ilə hərtərəfli şəxsiyyət kimi formalaşmışdır.
Qanunçuluq hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunmasına əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan prokurorluq orqanlarının dünya standartlarına uyğun fəaliyyəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik illərində müdrik rəhbərin tükənməz qayğısı sayəsində çevik, sivil bir orqana çevrilmiş prokurorluğun ölkəmizin hüquq sistemində mövqeyi, rolu və nüfuzu daha da yüksəlmişdir.
Ümummilli lider 1998-ci il noyabr ayının 28-də prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda söylədiyi nitqində demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız". Müdrik rəhbərin bu qiymətli kəlamı hər bir prokurorluq işçisinin həyat, gündəlik fəaliyyət devizinə çevrilmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabr ayında qəbul edilmiş "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda prokurorluğun fəaliyyətinin demokratik prinsiplərə uyğunlaşdırılması, bu təsisatın təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin fəaliyyəti, sosial müdafiəsi ilə bağlı digər məsələlər beynəlxalq standartlara uyğun tənzim edilmişdir.
Ulu öndərin 17 iyul 1998-ci