Vətən fədailərinin xatirəsi uca tutulur
Sosial həyat

Vətən fədailərinin xatirəsi uca tutulur

GƏNCƏ

Anım Günü ilə əlaqədar olaraq keçirilən mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunlarının general-mayoru Vasif Kazımov, Quru Qoşunlarının general-mayoru İslam Əmirağayev, Türkiyənin Gəncədəki Baş konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, din xadimləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər Xiyabanında tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və general-mayor Vasif Kazımov Əbədi məşəl abidəsi önünə əklil qoyublar.

Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazini ziyarət edib, burada həlak olan mülki şəhidlərin şəkil və məlumatlarını əks etdirən lövhəyə baxış keçiriblər. Rəsmilər onların xatirəsinə ehtiram əlaməti olaraq əraziyə tər gül dəstələri düzüblər. Bununla yanaşı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə "Məktəbdən qələbəyə" adlı yürüş təşkil olunub. Silsilə tədbirlərin davamı olaraq Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunan ağacəkmə aksiyası gerçəkləşib.

AĞDAM

Birinci və İkinci Qarabağ müharibəsində Ağdam rayonundan yüzlərlə igid oğullarımız şəhidlik zirvəsinə ucalıb. Sözün əsl mənasında Ağdam şəhidlər yurdudur, hər üç evdən birinin qapısını şəhid xəbəri döyüb. 27 sentyabr - Anım Günü ilə əlaqədar Quzanlı qəsəbəsində tədbir keçirilib. Tədbirdə şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun bölmələrinin düşməni məğlub etməsindən, tarixi ədalətə, şanlı Zəfərə imza atmasından ətraflı bəhs ediblər.

19 sentyabr 2023-cü il tarixində Azərbaycan ordusunun həyata keçirdiyi 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində Qarabağda yerləşən qeyri-qanuni erməni hərbi birləşmələrinin tərk-silah edilməsi, separatçıların ağ bayraq qaldırmaları, heç bir mülki erməniyə ziyan dəyməməsi Azərbaycanın peşəkar ordusunun hərbi nailiyyəti kimi qürur hissi ilə qeyd olunub.

Tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin adına ucaldılan xatirə lövhələrinin önünə gül dəstələri düzərək onları ehtiramla yad edərək ruhlarına dualar oxuyublar və Bayraq Meydanında şəhidlərin xatirəsinə ağac əkiblər.

GORANBOY

Goranboyda 27 sentyabr - Anım Günü ilə bağlı Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirilib. Tədbirdə, rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun digər rəhbər şəxsləri, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə Kompleksini ziyarət edib, xatirələri böyük ehtiramla anılıb, ruhlarına dualar oxunub.

Tədbirdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda, Rəşadətli Azərbaycan Ordusunun dünya hərb tarixinə qızıl hərflərlə yazdırdığı 44 günlük Şanlı Vətən müharibəsi və 19 sentyabr 2023-cü il tarixində Şanlı Ordumuzun qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirdiyi lokal antiterror tədbirləri barədə ətraflı danışan rayon rəhbəri, artıq ərazi bütövlüyümüzün tam təmin olunduğunu diqqətə çatdırıb. Sonra rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev şəhid ailələri və qazilərlə görüşüb onların qayğıları ilə maraqlanıb.

AĞSU

Ağsu şəhərindəki Qəhrəmanlar Kompleksində və Şəhidlər Xiyabanında 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu xüsusi vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açıb, onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.

Sonra şəhid ailələri və qazilərlə görüş keçirilib, arzu və təklifləri öyrənilib. Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

"Respublika".