Vətən müharibəsi şəhidi Yadigar Vahabov 16 avqust 1996-cı ildə Ağsu rayonunun Xatman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
"Vətən çağırıbsa, getməliyəm" deyən Yadigardan bu gün qalan yeganə xatirə fotolarıdır. Son zəngində bacılarından hallallıq istəyib, analarından muğayət olmağı tapşırıb.
Anası Şölə Vahabova deyir ki, oğlu çağırış gələn gün tərəddüd etmədən döyüşə yollanıb: "Çox mərd, dürüst, qeyrətli, namuslu uşaq idi. Harada olduğunu soruşanda yerini demirdi. Hər şeyin qaydasında olduğunu deyib evlə maraqlanırdı. Bacılarına deyirmiş, anam fəxr etsin ki, oğlu Qarabağdadır. Mənə heç nə demirdi ki, ürəyimə nəsə gətirərəm. Yadigar evin sonbeşiyi idi. Orta təhsilli idi, fəhləliklə evi dolandırırdı. 5 övladım vardı, 3 qız, 2 oğlan. Deyirdim, Yadigar, bircə sən qalmısan, səni də evləndirim, gözüm arxada qalmasın. Həmişə deyəndə səni evləndirim, cavab verirdi ki, yox, ay ana, hələ evlənməyimə var. Arzuları ürəyində getdi. Balam məni yox, vətəni, torpağı seçdi. Zənglərinin birində deyirdi ki, hərbi biletimə məni manqa komandiri yazdılar. Qayıdandan sonra Bakıda hərbi sahədə işləyə biləcəm. İndi bilmirəm nədən təsəlli alım, şəkillərini böyüdüb asmışam ki, üzünü görüm. Balamın yerini mənə heç nə verə bilməz".
Yadigarın atası dünyasını dəyişdikdən sonra ana uşaqları təkbaşına böyüdüb. Ananın sözlərinə görə, sonuncu dəfə Yadigarın səsini oktyabrın 30-da eşidib: "Evə çox bağlı idi. Cəbhədən də zəng edəndə soruşurdu ki, dolana bilirsiz? Nəyəsə ehtiyacınız var? Hər dəfə danışanda yalvarırdım ki, bir kəlmə də danış, səsini eşidim. Sonuncu dəfə danışanda dedi, ola bilər, 5 gün mənə zəng çatmasın. Ondan sonra daha zəngi gəlmədi".
Cəbhənin Zəngilan, Qubadlı istiqamətlərində düşmənlə vuruşan Yadigar 31 oktyabr 2020-ci ildə Füzulidə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İndi tanıyan hər kəs Yadigarla qürur duyur.
Döyüş yoldaşları deyir ki, "yaxşı oğlan idi, dostluğunu, yoldaşlığını, mərdliyini unutmayacağıq. Ancaq qabağa getməyə can atırdı. Hər yerdə özünə hörmət qazandı. Komandirləri ancaq yaxşı fikirlər deyirdilər".
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Canını Vətən yolunda qurban verən Yadigar qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.
M.MİRZƏ,
"Respublika".