Verilən mesajlardan Ermənistan nəticə çıxarmalıdır
Digər xəbərlər

Verilən mesajlardan Ermənistan nəticə çıxarmalıdır

Uzun illər işğal altında olmuş Laçın rayonu hazırda dirçəliş dövrünü yaşayır, burada sürətli abadlıq-quruculuq işləri aparılır.

Görülən işlərin nəticəsi olaraq artıq 1000-ə qədər sakin öz yurduna dönüb və bu proses uğurla davam edir. Bütün bu işləri dövlətimiz qısa vaxt ərzində həyata keçirib. Digər işğal altında olan rayonlarımız kimi, ermənilər burada da vandal əməlləri törədiblər, rayonun təbii resurslarını talan ediblər. Onlar Laçında yaşayış məntəqələrinin coğrafi adlarını dəyişdirməkdən tutmuş, qanunsuz məskunlaşmaya qədər hər cür çirkinliklərə əl atıblar. Bu gün isə mənzərə başqadır, işğalın bütün fəsadları aradan qaldırılır, rayonun əvvəlki görkəmi özünə qaytarılır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına növbəti səfəri əlamətdar oldu, bir sıra obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, Laçında yerli sakinlərlə görüşüb söhbətləşdilər. Təbii ki, öz yurdlarına dönən laçınlıların üzlərindəki sevinc hissləri hər birimizi fərəhləndirdi, onlar ən böyük arzularına qovuşublar və buna görə də Prezidentə təşəkkürlərini bildirirdilər. Dövlətimizin başçısı həmçinin Laçın şəhərində "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak etdi. O, tədbirdəki çıxışında bir daha bəyan etdi ki, bizim iradəmizə heç kim təsir edə bilməz.

Təcavüzkar planları alt-üst olan, işğalçı ordusu məhv edilən Ermənistan tərəfi çirkin və yalan anti-Azərbaycan təbliğatı aparır, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına etiraz edərək ölkəmizin daxili işlərinə qarışmağa cəhd göstərir. Hətta bu yolda saman çöpünə belə əl atmağa çalışır, elə güman edir ki, havadarlarının köməyi ilə guya nəyəsə nail ola bilər. Amma unudur ki, Fransanın və digər işğalı dəstəkləyən "dostlarının" əli nə qədər uzun olsa da, bizim torpaqlara gəlib çatmaz, çünki Azərbaycan güclü dövlətdir, buna heç vaxt yol verməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Prezidentimiz bu barədə son sözü dedi. Odur ki, Ermənistan sadəcə vaxt itirir və bununla düşdüyü vəziyyəti daha da ağırlaşdırır.

Ölkə başçısı xalqına nə vəd veribsə, onun hamısını yerinə yetirib, əməli ilə sözünü hər zaman təsdiqləyib: Çıxışında dövlətimizin başçısı ad günündə -  50 yaşım tamam olanda Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində  laçınlılara verdiyi vədi xatırlatdı. Artıq nəticə ortadadır. Öz yurduna qayıdan laçınlılar daha rahat, müasir mənzillərlə təmin edilirlər. Onların Laçında firavan yaşaması üçün hər cür şərait yaradılır. Bütün bu nailiyyətlərin önündə dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik idarəçiliyi dayanır.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı.