İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. "Heydər Əliyev İli" çərçivəsində təşkil edilən konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusuna həsr olunmuşdur və iyunun 25-dək davam edəcək.
Tədbir iştirakçıları öncə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında tədbir iştirakçıları ümummilli liderin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli və xarici tədqiqatçıların birgə hazırladıqları "Bir əsrin iqtisadi portreti" adlı kitab sərgisi ilə tanış olublar. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşması və beynəlxalq iqtisadi əlaqələrin inkişafındakı rolundan bəhs edən kitabın elektron versiyasının beynəlxalq elmi platformalarda indekslənməsi və dünya universitetlərinin kitabxana bazalarında yerləşdirilməsi nəzərdə tutulur. UNEC tərəfindən nəşr olunan "Türk dövlətləri işbirliyi: Mövcud vəziyyət, potensial imkanlar və gələcəyə istiqamətlənmiş perspektivlər", "Exploring The Green Economy: Issues, Challenges and Benefits" və "Strateji idarəetmə" kitabları da konfransda nümayiş olunub. Konfrans çərçivəsində şəhid övladlarının əl işlərindən ibarət, Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş edildiyi "Əsrin 100 çaları" adlı rəsm sərgisinin də açılışı olub.
Tədbirdə Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, TÜRKSOY-un baş katibi Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçılar iştirak ediblər. Dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov bildirib ki, "International Conferences", "World Conferences" kimi beynəlxalq elmi platformaların daimi üzvü olan və artıq beşinci dəfə keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Dünyanın aparıcı elm və təhsil müəssisələrinin tədqiqatçılarının konfransa marağının artmasının sevindirici hal olduğunu vurğulayan rektor V beynəlxalq konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib: "Konfransda 19 yerli, 94 xarici ali təhsil müəssisəsi və tədqiqat mərkəzi təmsil olunur. 44 ölkədən 678 elmi-tədqiqat işi konfransa qəbul olunub və 539 tədqiqatçı (166 xarici, 373 yerli) 80-dən çox mövzu üzrə tədqiqat nəticələrini təqdim edəcəklər. Tədqiqatlar əsasən yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat, süni intellekt, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı, Heydər Əliyev və ölkə iqtisadiyyatı və digər mövzuları əhatə edir. Elm Komitəsi tərəfindən seçilmiş 100-ə yaxın tədqiqat işi Google Scholar, ProQuest, WorldCat və digər nüfuzlu platformalarda indekslənən xarici beynəlxalq elmi jurnallarda nəşr olunacaq".
Elm və təhsil naziri Emin Əmrullayev təhsil sahəsində görülən işlər barədə məlumat verib: " Digər sahələrdən fərqli olaraq təhsil sahəsində görülən işlərin nəticəsini biz gələcək illərdə müşahidə edə bilirik. Təxminən 10 ildir ki, Azərbaycan təhsilində köklü islahatlar aparılır. Görülən işlərə misal olaraq bildirmək istəyirəm ki, 10 il öncə Təhsil Nazirliyini düşündürən əsas məsələlər ali təhsil müəssisələrində şəffaflığın təmin edilməsi, qeyri-qanuni əməllərin qarşının alınması idisə, bu gün biz həmin müəssisələrdə imtahan prosesinin şəffaf keçdiyini müşahidə edirik. Hətta Elm və Təhsil Nazirliyi olaraq bu prosesə artıq nəzarət etməyə ehtiyac belə duymuruq. Digər tərəfdən tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi prosesi qaydaya salınmışdır. Belə ki, bu gün bu proses