Dekabrın 22-si Nəsir İmanquliyevin doğum günüdür
"Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə və yazmağa qadir olan bir şəxsiyyət idi. O, insanlara yolgöstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları jurnalistlərdir".
Akademik Nərgiz Paşayevanın söylədiyi bu fikir Nəsir İmanquliyevin insani keyfiyyətlərini bir daha aydın xarakterizə edir. Nəsir müəllim böyük insan, xeyirxah ziyalı idi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğum illərdə ən çox hörmət etdiyim müəllimlərimdən biri olub Nəsir müəllim. Xeyirxahlıq nümunəsi kimi tanıdığımız bu insan kübarlığı, müdrikliyi ilə də seçilir, sevilirdi...
Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi rolu olan alim-publisist, əməkdar jurnalist, ustad redaktor, pedaqoq və ictimai xadim Nəsir İmanquliyev ömrünü milli mətbuatın, mədəniyyətin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr etmişdir. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində milli kadrların hazırlanmasına sərf etmiş alim-publisist zəngin pedaqoji fəaliyyəti ilə Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynamış, milli mətbuatımızın tarixində özünün jurnalistika məktəbini yaratmışdır.
Nəsir Əsədulla oğlu İmanquliyev 1911-ci il dekbarın 22-də anadan olub. Dövri mətbuatda ilk yazıları hələ tələbəlik illərində çap olunub. Təhsil aldığı illərdə "Kommunist", "Yeni yol", "Gənc işçi" qəzetlərində çalışıb. 1932-1952-ci illərdə bu qəzetlərdə ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində işləyib. Nəsir İmanquliyev İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə iştirak edib, 1942-ci ildə siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. O, burada həm "Vuruşan Krım" qəzetinin məsul katibi, həm də hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib.
1943-cü ildə "Kommunist" qəzetinə məsul katib təyin olunan Nəsir müəllim bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilən çoxsaylı məqalələrlə tez-tez çıxışlar edib. 1947-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində pedaqoji fəaliyyətə başlayan Nəsir müəllim 1956-cı ildə 41 yaşında Azərbaycan KP MK-da yüksək vəzifəyə: təbliğat-təşviqat şöbəsinin müdir müavini təyin olunub. Bir qədər sonra isə Azərbaycan Mədəniyyət Nazirliyinin Radio Komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb...
...1958-ci il yanvarın 10-da "Bakı" axşam qəzeti nəşrə başladı. Redaksiyaya Nəsir İmanquliyev kimi azman bir mətbuat xadiminin rəhbərliyi ilə istedadlı və bacarıqlı qələm sahibləri cəlb olundu. Baş redaktor kimi onların hər birini özü seçmiş, bəyənmiş və işə dəvət etmişdi. "Bakı" axşam qəzeti elə ilk gündən öz oxucularını tapdı, o zamanın mətbuat orqanları üçün bir növ səciyyəvi olmayan operativ və maraqlı xəbərləri, materialları ilə diqqət çəkdi. Bəziləri deyirdilər ki, qəzet o dövrdə öndə gedən "Kommunist", "Bakinski raboçi", "Vışka", "Azərbaycan gəncləri" və digərləri ilə bir sırada ayaqlaşa bilməyəcək. Ancaq "Bakı" dərhal öncül mövqeyə çıxıb mətbuatımızda özünün əvəzsiz yerini təsdiqlədi. Bunun da əsas səbəbi Nəsir müəllimin peşəkar qəzetçiliyindən, günün müasir tələbləri ilə ayaqlaşmasından savayı geniş dünyagörüşlü, istedadlı, sağlam düşüncəli qələm sahiblərini öz ətrafında toplaması, onların hər birinin qəlbində yaradıcılıq məşəli alovlandırmasıydı. Beş il sonra, 1963-cü ildə rus dilində "Baku"da fəaliyyətə başladı. "Bakı" və "Baku" axşam qəzetlərinin populyarlıq qazanmasında Nəsir müəllimin rolu daha çox idi.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva yazır: "Gün ərzində elə bir hadisə olmurdu ki, onun redaktə etdiyi qəzetlərdə işıqlandırılmasın. Bu gün bütün hadisələri internet vasitəsilə izləmək olar. Lakin o vaxt belə imkan yox idi. Mübaliğəsiz demək olar ki, o vaxt "Bakı" və "Baku" axşam qəzetləri bugünkü informasiya agentliklərinin funksiyalarını yerinə yetirir, gün ərzində baş vermiş hadisələr barədə oxuculara operativ məlumat verirdi. Bu, heç də asan məsələ deyildi, jurnalist öz fəaliyyətində fasilə edə bilməzdi və Nəsir İmanquliyev də fasiləsiz işləyən peşəkar jurnalist idi...".
"Bakı" və "Baku" əslində, fəaliyyət spesifikası baxımından bir körpü idi. Nəsir müəllim Həsən bəy Zərdabi, Məmməd ağa Şahtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli kimi klassiklərimizin ənənələrini yeni dövrün Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Gülhüseyn Hüseynoğlu və onlarca belə görkəmli şəxsiyyətlərin irsi ilə çulğalaşdırmış, ənənə davamlılığını təmin etmişdi.
Nəsir İmanquliyevin müasir Azərbaycan jurnalistikasında ən böyük və danılmaz xidmətlərindən biri qəzetdə informasiya xidmətinin yüksək statusunun bərpası yolunda yaradıcılıq əzmkarlığı olmuşdur. Qəzetdə informasiya yaradıcılığını ən vacib və gərəkli sahə hesab edən redaktor xüsusən "Bakı" və "Baku" qəzetlərinə rəhbərlik etdiyi illərdə bir daha təsdiq etmişdir ki, istənilən mətbu orqanının simasını, nüfuzunu, oxucu auditoriyasını onun düşünülmüş və peşəkarlığa söykənən informasiya siyasəti müəyyənləşdirir. Milli mətbuatımızın bu gün üstünlük verdiyi xəbər janrının əhəmiyyətini hələ 40-45 il bundan əvvəl yüksək qiymətləndirən professor Nəsir İmanquliyev rəhbərlik etdiyi qəzetlərdə operativ, dəqiq, maraqlı, rəngarəng xəbərlərə geniş yer ayırırdı. Bu, o zaman axşam qəzetlərini digər mətbu nəşrlərdən fərqləndirən əsas cəhətlərdən biri idi. Nəsir müəllim peşəyə sədaqət nəzəri fikrini jurnalist üçün prioritet hesab edirdi: "Junalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Ürəyinin səsinə qulaq asmalıdır". Onun vaxtilə söylədiyi sözlər isə bu gün də aktuallığını saxlayaraq, jurnalist peşəsinin, fəaliyyətinin əsasını, onun peşə kodeksini təşkil edir.
Nəsir müəllim ana dili, millilik uğrunda mübarizəyə sanki yeni ruh gətirmişdi. Onun "Yeni yol" qəzetindəki fəaliyyəti bu mənada xüsusi vurğulanmalıdır. Dahi Üzeyir Hacıbəyli yazırdı: "Koroğlu" operasının anşlaqla keçməsində "Yeni yol" qəzetinin çox böyük xidmətləri olmuşdur. Görkəmli publisist Qulam Məmmədlinin, Nəsir İmanquliyevin zəhmətini isə heç nə ilə müqayisə etmək olmaz. "Yeni yol" qəzetinin xüsusi bülletenlərini hazırlayan Nəsir İmanquliyev o günlərdə çox böyük çətinliklərə qatlaşdı. Tamaşaçıları səfərbər etdi. "Koroğlu"ya qarşı olan hücumların, mənə olan təzyiqlərin qarşısını jurnalist məharəti ilə aldı".
Nəsir müəllim bu əqidəsinə həmişə sadiq qaldı, həqiqəti yazdı, doğrunu-dürüstü qələmə almaqdan çəkinmədi, öz məktəbinin yetirmələrinə də bunları təlqin etdi.
Zamanı qabaqlayan, həmişə öz dövründən bir neçə addım irəlidə gedən novator, həssas və qayğıkeş pedaqoq öz tələbələrinə nəzəri biliklərlə yanaşı, bu peşədə nəyin yaxşı və nəyin pis olduğunu başa salan, öyrədən müəllim idi.
Nəsir müəllim həmişə xatırlanır və xatırlanacaq.
Zümrüd QURBANQIZI,
"Respublika".