Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına əngəl yaratmaq istəyənlərin fəaliyyəti səngimir. Rəsmi Vaşinqton qərəzli açıqlamaları ilə ölkəmizi qıcıqlandırmağa çalışır. ABŞ senatoru Marko Rubio sosial şəbəkədəki paylaşımında Azərbaycana yardım edilməməsinə münasibət bildirərək qeyd edib ki, ABŞ vergi ödəyicilərinin pulu ilə yardım etməməlidir. Halbuki 30 illik işğal dövründə Ağ Ev Ermənistana etdiyi yardımları məhz vergi ödəyicilərinin pulu ilə həyata keçirilib.
Ölkə rəsmilərinin absurd fikirləri bununla da yekunlaşmır. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer də qərəzli münasibəti ilə seçilir. Pauer iddia edir ki, guya son iki ayda Qarabağı 100 mindən çox sakin tərk edib: "ABŞ Dağlıq Qarabağın etnik ermənilərini dəstəkləməyə davam edəcək", - deyə Samanta Pauer bildirib.
İlk olaraq, USAID-ın direktorunun "Dağlıq Qarabağ" ifadəsindən istifadə etməsi Vaşinqtonun "erməni havasına oynadığını" göstərir. Çünki Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bu adda inzibati ərazi vahidi yoxdur. Samanta Pauerin fikirlərində diqqətçəkən digər bir məqam isə onun erməni sakinlərə Vaşinqton tərəfindən 4 milyon dollar əlavə yardım edildiyini bildirməsi idi. Təşkilatın direktoru, həmçinin Ağ Evin 2020-ci ildən etibarən erməni sakinlərə ümumilikdə 28 milyon dollar humanitar yardım ayırdığını da diqqətə çatdırıb.
Xatırladaq ki, Beynəlxalq İnkişaf Agentliyi (USAID) mülki xarici yardım və inkişafın idarə edilməsinə cavabdeh qurumdur. 27 milyard dollardan çox büdcəyə sahib olan USAID, həmçinin dünyanın ən böyük rəsmi yardım agentliklərindən hesab olunur. Qeyd etdiyimiz məbləğ isə rəsmi Vaşinqtonun bütün xarici yardımının yarısından çoxunu təşkil edir. Samanta Pauerə gəldikdə, ermənipərəst mövqeyi ilə seçilən bu qadın zamanında ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışıb. USAID-ın direktoru beynəlxalq hüquqdan və münasibətlərdən xəbərdar olsa da, görünür, Qarabağın adını təhrif etməklə beynəlxalq normaları pozduğunun fərqində deyil.
Samanta Pauer Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş erməni sakinlərin vəziyyəti barədə də yalan məlumat verib. Halbuki rəsmi Bakının həmin sakinlərə Azərbaycana inteqrasiya ilə bağlı açıqlamaları bütün dünyaya məlumdur. Xatırladaq ki, USAID rəhbərinin bu ilin sentyabrında paytaxtımıza səfəri baş tutub. Səfər zamanı öz doğma yurdundan zorla qovulmuş Qərbi azərbaycanlılarla görüşməyi "unudan" Pauerin könüllü olaraq Azərbaycanı tərk etmiş erməni sakinlərin halına acıması gülüncdür. Əfsuslar olsun ki, bu gün USAID kimi nüfuzlu bir təşkilatın rəhbəri humanizm prinsipini erməni "sevdasına" qurban verib. Pauer Bakıya səfəri zamanı Ermənistanda istehsal olunan və ermənilər tərəfdən basdırılan minaların qurbanları ilə bağlı məsələyə də diqqət yetirmək istəməmişdi. İkinci Qarabağ savaşı başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 337 nəfər minadan zərər çəkib. Ölkəmizin bu ilin sentyabr ayında keçirdiyi lokal antiterror tədbirləri nəticəsində nəzarətə götürülmüş ərazilərdə isə daha 500 mindən artıq mina və partlamamış sursatın olduğu aşkarlanıb.
Sülh danışıqlarının bərpasına çalışıldığı bir dövrdə Samanta Pauerin fəaliyyəti və açıqlaması yersiz hesab edilir. Bunu Pauer özü dərk etməsə də, Azərbaycanı könüllü şəkildə tərk edən ermənilər anlayır. Belə ki, Pauer Ermənistanda səfərdə olanda onun ünvanına "rədd olun, ölkənizə!" kimi təhqirlər səsləndirilib. Görünür, artıq ermənilər də "ara qarışdıran"ların əlindən cana gəliblər.
Nəzrin ELDARQIZI,
"Respublika".