Azərbaycan regionda təhlükəsizliyi və əməkdaşlığı təşviq edir
Siyasət

Azərbaycan regionda təhlükəsizliyi və əməkdaşlığı təşviq edir

Təhlükəsizliyə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verən Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Əldə olunan sosial-iqtisadi və siyasi nailiyyətlər iqtisadi suverenliyin möhkəmlənməsinə zəmanət verir. Regionda geosiyasi vəziyyətin əsaslı şəkildə dəyişməsi, ölkəmizin yaratdığı reallıqlar iqtisadi əməkdaşlıqda bir sıra perspektivlər vəd etməklə yanaşı, iqtisadi təhlükəsizliyin əsas komponentləri olan enerji, ərzaq, maliyyə və nəqliyyat təhlükəsizliyinin davamlı inkişafını da şərtləndirir.

Bütün sahələrdə tərəqqi mərhələsinə yüksələn Azərbaycan dinc, əmin-amanlıq və müasir həyat səviyyəsinin təmin olunduğu ölkə olaraq bütün dünyada etibarlı tərəfdaş kimi qəbul edilir. Dövlətçilik ənənələrini möhkəmləndirən, iqtisadi gücünü artıran, böyük potensiala malik olan ölkəmizin gələcəyə hesablanmış sürətli inkişafı regiona da öz müsbət təsirini göstərir.

İqtisadi inkişaf mərhələsinin vacib amili olan Zəngəzur dəhlizi türk dövlətlərinin iqtisadi birliyi üçün yeni imkanlar yaradacaq, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə qarşılıqlı dialoq, etimad mühiti formalaşacaq. Zəngəzur dəhlizinin açılması təkcə Naxçıvan Muxtar Respublikasının deyil, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına imkan verəcək.

Eyni zamanda, bütövlükdə Cənubi Qafqazın siyasi, iqtisadi mənzərəsini dəyişəcək, regionda inteqrasiyanı təmin edəcək və iqtisadi baxımdan bu yoldan istifadə edən bütün tərəflərə real iqtisadi dividentlər gətirəcək. İyulun 15-də Brüsseldə keçirilən növbəti görüşdə də dəmiryolu xəttinin tikintisinin dərhal başlanılmasının vacibliyi qeyd olunmuş və bu məsələdə ortaq mövqeyə yaxınlaşma özünü büruzə vermişdir. Avropa İttifaqı isə bu kontekstdə maliyyə töhfəsi verməyə hazır olduğunu ifadə etmişdir.

Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsində mühüm yeniliklər yaradacaq. Xalqımızın firavan gələcəyini təmin edən, Cənubi Qafqazda, Avropa Birliyində təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə hesablanmış qlobal layihələr isə müstəqil dövlətimizin öz gücü, potensialı, ölkə başçımızın qətiyyəti, əzmkarlığı sayəsində gerçəkləşir.

Təhlükəsizlik, gücün tətbiq edilməməsi, yeni yaranan reallıqların qəbul olunması və sair məsələlər Azərbaycanın sülh təkliflərinin əsas tərkib hissəsidir. Azərbaycanın 5 prinsip əsasında hazırladığı sülh təklifini Ermənistan hökuməti qəbul etmiş, eyni zamanda, bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına da razılıq vermişdir. Regional inkişafa yönəldilmiş sülh müqaviləsinin imzalanması və həmin təməl prinsiplərin həyata keçirilməsi isə Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhə hədəflənib. Bu isə təkcə Azərbaycan və Ermənistan arasında deyil, bütövlükdə regionda təhlükəsizliyin, sabitliyin bərqərar olmasına və eyni zamanda region dövlətləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə geniş imkanlar yaradacaq. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərinin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan, 5 baza prinsipi əsasında irəli sürülən sülh sazişinin imzalanması regiona uzunmüddətli sülhü gətirmək istəyində olan Azərbaycanın mövqeyini ehtiva edir.

6-cı Brüssel görüşünü indiyədək bu formatda keçirilən görüşlərin uğurlu davamı kimi qiymətləndirən Aİ Prezidenti iyulun 15-də mətbuata bəyanatında Laçın yolunun açılmasının vacibliyini vurğulamış, eyni zamanda Azərbaycanın humanitar yardımları Ağdamdan təmin etmək istəyini bildirmişdir. Qeyd edək ki, ölkə başçımız regionda təhlükəsizliyin, çoxşaxəli əməkdaşlığın bərpa olunması üçün Rusiya kontingentinin Azərbaycan marşrutunu qəbul etməsinin, humanitar yardımların Bərdə-Ağdam vasitəsilə Xankəndiyə çatdırılmasının vacibliyini vurğulayır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda yerləşmiş ermənilərin "qayğısına" qalan Beynəlxalq Qırmızı Xaç Komitəsinə dövlətimiz tərəfindən dəfələrlə Xankəndiyə gediş-gəlişin və humanitar yardımların daşınması üçün Bərdə-Ağdam-Xankəndi yolunun daha təhlükəsiz və daha əlverişli olduğu bildirilmişdir. Belə ki, yol qısa olmaqla yanaşı, həm də qaçaqmalçılığın qarşısının alınmasına imkan verər. Hələ sovetlər dönəmində mövcud olmuş Bakı-Laçın yolu Bakı-Yevlax-Bərdə-Ağdam-Xankəndi-Şuşa-Laçından keçərək Ermənistana çatırdı. Bu gün Azərbaycan dövləti həmin yolun Bərdədən Ağdama qədər olan hissəsini ən müasir tələblər səviyyəsində yenidən qurur. Lakin qarşı tərəf Rusiya sülməramlılarının şəxsi heyətinin, onların təchizatının, hərbi texnikanın, o cümlədən Qarabağda yaşayan ermənilərə göndərilən humanitar yardımların Ermənistandan keçməsini israr edir. Çünki gedib-gəlişin və humanitar yardımın Ermənistandan keçməsi ermənilərə Qarabağdakı separatçıları silah-sursatla təmin etmək üçün əlverişli fürsət yaradır. Azərbaycan isə ərazilərinə nəzarəti özü həyata keçirməkdə qətiyyət nümayiş etdirir ki, bu da ümumilikdə regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasına xidmət edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına vasitəçilik edən Aİ Prezidenti Şarl Mişel bu barədə iyulun 15-də Brüssel görüşündən sonra mətbuata açıqlamasında demişdir: "Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm. Mən, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım". Azərbaycanın Ağdam-Xankəndi marşrutu təklifinin sonuncu Brüssel görüşündə Aİ Prezidenti tərəfindən dəstəklənməsi ölkəmizin mövqeyini daha da gücləndirir.

Azərbaycan regionda təhlükəsizliyi və əməkdaşlığı təşviq edir, kommunikasiyalarının açılmasına, qonşuluq münasibətlərinin yaxşılaşdırılmasına, düşmənçiliyə son qoyulmasına səy göstərir. Bölgədə sülhə, təhlükəsizliyə mühüm töhfə verərək mehriban qonşuluq, tərəfdaşlıq mövqeyi nümayiş etdirir. Artıq bütün dünya bunu görür və qəbul edir.

Mehparə ƏLİYEVA,

"Respublika".